Rus sektoruyla bağlı mühüm dəyişiklik - proses mərhələli şəkildə gerçəkləşəcək
Azərbaycanda rus sektorunda tədris edilən fənlərin azərbaycan dilinə keçirilməsi prosesi genişlənir. Artıq “Ədəbiyyat”, “Hərbi hazırlıq” və “Musiqi” fənləri bütün siniflərdə, təhsil dilindən asılı olmayaraq, azərbaycan dilində tədris olunur və qiymətləndirmə də məhz dövlət dilində aparılır. Elm və Təhsil Nazirliyinin müşaviri Elnur Əliyevin sözlərinə görə, hazırda digər fənlərin də mərhələli şəkildə azərbaycan dilində keçirilməsi məsələsi gündəmdədir və bu istiqamətdə müzakirələr davam edir. Bu addım təhsildə vahid yanaşmanın gücləndirilməsi və şagirdlərin milli-mədəni dəyərləri daha dərindən mənimsəməsi kimi səbəblərlə əsaslandırılır.
Məsələ ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Rəşad Qardaşov Azərbaycanda Rus sektorunda tədris edilən fənlərin təbii ki, saylarının artdığını və bəzilərinin Azərbaycan dilinə keçirildiyini və keçiriləcəyinə davam edəcəyini qeyd edib: “Xüsusilə ‘Ədəbiyyat’, ‘Hərbi hazırlıq’, ‘Musiqi’ və digər fənlərin Azərbaycan dilində tədrisi uyğun hesab edilmişdir. Bu məsələnin bir az dərinliyinə getsək, Rus, Azərbaycan və İngilis bölməsini birinci buradan fərqləndirmək lazımdır: Azərbaycan bölməsində bir uşağa riyaziyyat dərsindən bu gün kvadrat tənliyi necə keçirsənsə, eyni şeyi Rus bölməsinə də keçirsən. Fərq isə rus dilində keçirilməsidir. Bu gün Azərbaycan ədəbiyyatından Nizami Gəncəvini keçirsənsə, rus bölməsində bu dərsi rus dilində tədris edirik”.
Ekspert bu addımı dəstəkləmək səbəbini belə izah edib: “Biz Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının qanunlarına tabe olan və bütün həyat fəaliyyətimizi bu sahədə tənzimləyən müxtəlif sferalarda çalışan əməkdaşlarıq. Bunun üçün də biz gələcəyi yetişdiririk. Burada Azərbaycançılıq məfkurəsi qorunub saxlanmalıdır. Ədəbiyyatımız, tariximiz, mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan musiqimiz öyrənilməlidir. Bütün bunların Azərbaycan dilində keçirilməsi təbii ki, məqsədəuyğundur. Lakin müəyyən çətinliklər yaranacaq. Bir-birlərini başa düşməkdə yaranan çətinliklər də yavaş-yavaş aradan qalxacaq. Bəzi fənlərə dırnaq arası baxmaqla çox şey itirə bilərik. Nəticədə Azərbaycan ədəbiyyatını dərindən bilmək olmur. Musiqi, ədəbiyyat üzündən oxunularaq başa düşülən bir fənn deyil. Bunu öz dilində oxuyub, başa düşüb, onun emosiyasını yaşamaq lazımdır”.
Fatimə Məmmədova
16:36 10.12.2025
Oxunuş sayı: 1037