Dəm qazından tüstülənmə can almağa davam edir: Nə etməli?!
Samuxda 16 yaşlı oğlan dəm qazından boğularaq ölüb. Hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Belə ki, V.Hacıyev yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Bu, ilk belə hal deyil. Dəm qazından zəhərlənmələr, demək olar, artıq adi hala çevrilb. Hərçənd söhbət insan taleyindən gedir. Bu isə o deməkdir ki, dəm qazından zəhərlənmələrin bu qədər adi hala çevrilməsi, tez- tez baş verməsi yolverilməzdir. Deməli, həm diqqətli, həm də məsuliyyətli olmaq lazımdır. Hadisə çox təəssüfləndiricidir. Bu, bir daha göstərir ki, qış aylarında dəm qazı təhlükəsinə xüsusi diqqət yetirilməlidir. Sadə ehtiyat tədbirlərinin görülməməsi belə gənc bir insanın həyatına son qoya bilir. Bu cür faciələrin təkrarlanmaması üçün maarifləndirmə və təhlükəsizlik qaydalarına ciddi riayət vacibdir.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlama verib:.
O bildirib ki, məişətdə qazdan istifadə olunan hər bir yerdə təhlükəsizlik tələblərinə ciddi əməl olunmalı, xüsusilə havalandırma, tüstü bacaları və detektorların işlək vəziyyətdə olması təmin edilməlidir: "Ümumiyyətlə, məişətdə qaz təsərrüfatından istifadə olunursa, mütləq od və təhlükəsizlik məsələsi ön planda olmalıdır. Çünki qazın fiziki və kimyəvi xassələri nəticəsində o, yanır və partlayır. Düzgün istifadə olunmadıqda isə dəm qazına səbəb olur. Ona görə də mütləq qaz cihazı olan otaqda havalandırmanın olmasına diqqət etmək lazımdır. Yəni havalandırma, nəfəslik, ventilyasiya olmalıdır. Tüstü bacaları standartlara uyğun olmalı və ildə iki dəfədən az olmayaraq təmizlənməlidir. Otaqda qaz sızması və dəm qazı əleyhinə detektorlar olmalıdır. Bu detektorlar qaz sızmasını aşkar edəndə qazın təchizatını dayandırır və bədbəxt hadisənin qarşısı alınır. Eləcə də dəm qazı əleyhinə olan detektor dəm qazı əmələ gələndə xüsusi səs siqnalı vasitəsilə istehlakçını məlumatlandırır. Dəm qazı natamam yanma məhsulu olduğu üçün yanma prosesi düzgün getmədikdə yaranır".
O, yanma prosesinin nə zaman düzgün getmədiyini də açıqlayıb: "Otaqda kifayət qədər hava olmadıqda və ya tüstü bacası işlək vəziyyətdə olmadıqda bu baş verə bilər. Konkret situasiyada tüstü bacası standartlara uyğun deyil. Dəlik, deşik, çatlar var və sorma qabiliyyəti yoxdur. Bunlar yanma prosesini əngəlləyən amildir və dəm qazının yaranma ehtimalını artırır. Buna görə məişətdə qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi mütləq ön planda olmalıdır".
Ülvi Zahidov
12:30 10.12.2025
Oxunuş sayı: 1316