TDT-yə üzv dövlətlər dezinformasiyaya qarşı mübarizəni gücləndirir: Detallar açıqlandı
Müasir dövrdə dezinformasiya və saxta xəbərlərin sürətlə yayılması, həmçinin rəqəmsal platformalarda informasiya təhlükəsizliyinin təmin olunması türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyır. Qlobal platformaların milli qanunvericilikdən kənar fəaliyyəti dövlətlərin informasiya məkanını qorumaq imkanlarını məhdudlaşdırır və buna görə də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr vahid və koordinasiyalı yanaşma axtarırlar. Bakıda keçirilən TDT Media və İnformasiya üzrə işçi qrupunun iclasında da vurğulanıb ki, dezinformasiyanın qarşısının alınması təkcə məhdudlaşdırıcı mexanizmlərin tətbiqi ilə yekunlaşmır. Yerli medianın gücləndirilməsi, jurnalist standartlarının uyğunlaşdırılması və qlobal texnoloji platformaların məsuliyyətinin artırılması kompleks tədbirlər tələb edir. Regional əməkdaşlıq isə bu məsələlərin milli səviyyədə həllindən daha səmərəli nəticələr verir və türkdilli ölkələrin informasiya təhlükəsizliyində dayanıqlı yanaşma formalaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirib ki, hazırki dövrdə rəqəmsal platformalarda informasiya təhlükəsizliyi və dezinformasiya məsələləri həm dünya ictimaiyyətini, həm siyasətçiləri, həm də mütəxəssisləri ciddi narahat edir.

O qeyd edib ki, müxtəlif ölkələrdə bu sahədə bir sıra alətlər və vasitələr təklif olunur ki, rəqəmsal platformalarda informasiya yayımına nəzarət, feyk news-un qarşısının alınması və ya neytrallaşdırılması mümkün olsun: "Bəzi ölkələrdə daxili qanunvericilik sərtləşdirilir və mövcud aktlara əlavələr edilir. Məsələn, ABŞ-də müəyyən sərəncamlar var ki, platformalarda yayımlanan kontentdə feyk news elementləri və ya dövlət sirri əhatə olunarsa, 24 saat ərzində müvafiq addımlar atılmalıdır. Əks halda, həmin fəaliyyət media qanunvericiliyi çərçivəsində tənzimlənir. Almaniyada isə platformaların məsuliyyətini artırmaq üçün ciddi cərmələr nəzərdə tutulub. Digər ölkələr – Malaziya, Sinqapur, Rusiya və Türkiyə – də müxtəlif hüquqi modellər tətbiq edir. İdeal vəziyyət Ümumdünya İnsan Haqları Bəyannaməsi və BMT-nin qəbul etdiyi beynəlxalq sənədlərə uyğun universal qanunvericilik sisteminin yaradılmasıdır. Türk Dövlətləri Birliyi də öz çərçivəsində vahid sistem formalaşdırmağa çalışır, lakin bu, söz və ifadə azadlığı baxımından diqqətlə tənzimlənməlidir".
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, Google, Facebook, X kimi platformaların yerli ofislərinin olması, kontentlə bağlı şikayətlərdə operativ müdaxilə imkanları yaradır və ölkə daxilində lazımi bloklama tədbirlərinə şərait yaradır: "Eyni zamanda, milli qanunvericilik baxımından isə bəzən ziddiyyətlər yarana bilər. Məsələn, Türkmənistanda sosial mediaya ciddi qadağalar mövcuddur, Qırğızıstanda müəyyən məhdudiyyətlər var, Türkiyədə isə sahə üzrə nəzarət tədbirləri görülür. Bu, müasir dövrdə bütün türkdilli ölkələrin üzləşdiyi universal problemdir".
Mehriban Yariyeva
11:25 10.12.2025
Oxunuş sayı: 1291