ATƏT-in Minsk qrupunun ləğvi: Cənubi Qafqazda yeni geosiyasi reallığın daha bir təsdiqi
Sona çatmaqda olan 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanacağına ümidlər olsa da bunu reallaşdırmaq (İrəvanın yanlışları səbəbindən) mümkün olmadı. Yalnız ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın imzaları ilə (prezident Donald Trampın iştirakıyla) sülh sazişinin paraflanması iki ölkə arasında münasibətlərin qaydaya salınması baxımından çox əhəmiyyətli oldu. Bu, növbəti – 2026-cı ildə iki ölkə arasında sülh sazişinin imzalanacağına olan ümidləri artırdı. Sülh sazişinin paraflanması ilə yanaşı bu il iki ölkə arasında münasibətlərin tənzimlənməsi, qaydaya salınması baxımından başqa bir sıra önəmli hadisələr də baş verdi. Bunlardan birinin - ATƏT-in Minsk qrupu ilə bağlı prosesin üzərində dayanmaq çox önəmlidir.

1992-ci ildən etibarən
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu, üç
onillik ərzində regionda diplomatik vasitəçilik missiyasının əsas platforması
kimi çıxış edirdi. Daha doğrusu etməli idi. Həmsədr ölkələrin təmsilçilərinin
regiona daha çox turist səfərlərini xatırladan ziyarətləri, 30 il ərzində aparılan
əhəmiyyətsiz, lazımsız danışıqlar prosesi buna imkan vermədi. Bu prosesə son
qoymaq üçün Azərbaycan özü addım atmalı idi və o gün gəldi. 2020-ci ildə II
Qarabağ müharibəsi baş verdi, Azərbaycan erməni işğalçılarını məhv edərək öz
gücünə tarixi torpaqlarını Qarabağı işğaldan azad etdi. Bununla da real
geopolitik balans tamamilə dəyişdi və Minsk qrupunun fəaliyyəti faktiki olaraq
dayanmış oldu. Məhz bu səbəbdən Azərbaycan Prezidenti artıq Dağlıq Qarabağın
statusunun cəhənnəmə göndərildiyini, paralel olaraq Minsk qrupunun da fəaliyyətinin
sona çatdığını elan etdi. O zaman bir çoxları, xüsusilə də Ermənistan bunu qəbul
etmədiyini, Azərbaycanın tələsik qərar verdiyini, Qrupun öz mövcudluğunu davam
etdirəcəyini deyirdi. Lakin rəsmi Bakının möhkəm iradəsi və zaman bu deyilənləri
də gerçək etdi.
10 noyabr 2020-ci il bəyanatı
isə münaqişənin siyasi çərçivəsini yenidən müəyyənləşdirdi. Artıq danışıqların
mövzusu “status” yox, “sülh müqaviləsi və sərhədlərin müəyyənləşdirilməsi” idi.
Bu mərhələdə ilkin olaraq Rusiya faktiki hərbi-siyasi aktor kimi prosesə daxil
oldu, Qərb vasitəçiləri regional təsir imkanlarını böyük ölçüdə itirdilər, iki
ölkə arasında bilavasitə danışıqlar formatı önə keçdi. Beləliklə, Minsk qrupu həm
praktik, həm də hüquqi-siyasi baxımdan funksiyasız hala düşdü.
44 günlük müharibədən
sonra xahiş minnətlə Bakıya səfər edən həmsədrlərin Prezident İlham Əliyevlə
görüşü də yaddaqalan oldu. Dövlət başçısı Azərbaycan xalqının həmsədrlərin 30 illik
mənasız və nəticəsiz fəaliyyətindən olan narazılığını, səmərəsiz çalışmalarından
zinhara gəlməsini səsləndirərək fikirlərini kəskin üslubda bildirdi. Hətta
görüşü diqqətlə izləyən şəxslərdə İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərini
danlaması təəssüratı belə yaranmışdı. Bəli, bu xalqın 30 illik qəzəbinin, səbrinin
daşmasının təzahürü idi. Beş illik mübarizədən sonra - 2025-ci ildə qurumun rəsmi
şəkildə ləğv edilməsi, postsovet məkanında beynəlxalq vasitəçilik mexanizmlərinin
transformasiyası, həm də Azərbaycan–Ermənistan münasibətlərində yeni dövrün
başlanması ilə nəticələndi.
Bəs bu Minsk qrupu necə
yaranmışdı, ATƏT-in mövcudluğu və proseslərə daxil olması necə baş vermişdi?
Bir qədər tarixə ekskurs edək.
30 iyul - 1 avqust 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövləti, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmış, sonradan adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) olaraq dəyişdirilmişdir. Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Azərbaycan da 1992-ci ildən bu təşkilatın üzvüdür. ATƏT "soyuq müharibə"dən sonra Avropada təhlükəsizlik, siyasi-iqtisadi həyatda birgəyaşayış və s. kimi önəmli məsələləri gerçəkləşdirmək üçün yaradılıb.

ATƏT-in Minsk prosesi isə
1992-ci ildə Budapeşt Sammitinin qərarı əsasında təsis edildi. Qrupun həmsədrləri
– ABŞ, Fransa və Rusiya – uzun illər boyu münaqişə tərəfləri ilə danışıqlar
apararaq atəşkəsin əldə edilməsi, problemin siyasi həlli, regionda sabitliyin təmin
olunması kimi məsələlərdə vasitəçi rolunu oynayırdı. Lakin 30 ildə baş verənlər
göstərdi ki, bu qeyd edilənlər, quruma verilən geniş mandat kağız üzərində
qaldı. Çünki Minsk qrupu danışıqlar prosesində heç bir effektiv yanaşma və nəticə
göstərə bilmədi. Azərbaycanın həm Vətən müharibəsində, həm də 2023-cü il anti-terror
tədbirlərində mütləq qələbəsi Minsk qrupunu tarixin arxivinə göndərməyin
vacibliyini sübut etdi. Yeri gəlmişkən qeyd edək ki, II Qarabağ müharibəsi ilə
yanaşı Rusiyanın Ukraynaya təcavüzü, Qərb ölkələri ilə Moskva arasında
diplomatik əlaqələrin kəsilməsi də Minsk qrupu formatının ləğvini sürətləndirən
geosiyasi amillərdən oldu. Azərbaycan dövləti isə yaranmış tarixi fürsəti
düzgün dəyərləndirib, ondan çox səmərəli istifadə etdi.
2020-ci il məğıubiyyətindən
sonra yenidən güc toplayaraq qisas almaq istəyən Ermənistan və separatçı tör-töküntüləri
2023-cü il anti-terror hadisələrində çox ağır bir zərbə aldılar. Hərbi sahədəki
ağır məğlubiyyətini ört-basdır etmək və bunun “qisas”ını siyasi-diplomatik
masada almaq istəyən Paşinyan hökuməti, Ermənistanın radikal qrupları Minsk
qrupunun mövcudluğundan, son günlərini yaşayan bu lazımsız strukturdan
yararlanmağa çalışdılar. Onlar kağız üzərində mövcud olan Qrupun varlığından Azərbaycana
qarşı təzyiq aləti kimi istifadə etməyə, rəsmi Bakıdan əlavə güzəştlər qoparmağa
çalışsalar da buna nail ola bilmədilər. Müəyyən mərhələdən sonra Ermənistan həmsədr
ölkələri iki dövlət arasında münasibətlərin bərpası prosesinə cəlb etməyə
çalışdı. Münaqişəni həll edə bilməyən ölkələrin, həmsədrlərin iki dövlət
arasında münasibətləri necə bərpa edəcəyi böyük bir sual altında idi. Məhz buna
görə də Prezident İlham Əliyevin sülhə gedən yolla bağlı əsas tələblərindən
biri Minsk qrupunun ləğvi oldu.
Çıxış yolu tapa bilməyən
və xaricdəki dəstəyin də fayda vermədiyini görən Ermənistan hakimiyyəti Minsk
qrupunun ləğvinə razılaşdı. Nəhayət Azərbaycan və Ermənistanın 2025-ci ildə birgə
müraciəti əsasında ATƏT tərəfindən qəbul edilən qərarlarla ATƏT-in şəxsi nümayəndəliyi,
Yüksək səviyyəli planlaşdırma qrupu, Minsk prosesinə aid bütün struktur bölmələri
rəsmi şəkildə bağlandı. Bu, təkcə qurumun ləğvi deyil, Ermənistanın, onun
havadarlarının və həm də beynəlxalq ictimaiyyətin regionda yeni reallığı tanıması
demək idi.
Ləğv olunmanın ən əsas səbəbi
missiyanın artıq mövcud olmaması idi. Yuxarıda da qeyd etdiyimiz kimi münaqişə
hərbi-siyasi baxımdan həll olunduğundan, Minsk qrupunun saxlanması mənasız idi.
Bundan başqa həmsədrlər arasında siyasi ziddiyyətlər də çox gərginləşmişdi. Azərbaycan
üçün əlverişli geosiyasi şərait formalaşmışdı. Belə ki, ABŞ–Rusiya,
Fransa–Rusiya münasibətlərinin kəskinləşməsi qrupun işləkliyini mümkünsüz
edirdi. Yaranmış vəziyyətdən istifadə edən Azərbaycan regionun yeni modellə
idarə olunması prosesinə start vermişdi. Yəni Cənubi Qafqazın əsas aparıcı gücü
olması, regiondakı proseslərin idarəçiliyinin birbaşa rəsmi Bakı tərəfindən ələ
alınması durumu dəyişdirdi. 2024–2025-ci illərdə məhz Azərbaycanın diktəsi ilə Ermənistanla
birbaşa danışıqlar aparılması, şərti sərhəddin kiçik bir hissəsinin də olsa müəyyənləşdirilməsi,
Ermənistanın Qazaxın işğalda olan bir neçə kəndini azad etməsi, sülh müqaviləsinin
formalaşması Minsk qrupunu prosesdən kənarlaşdırdı. Təbii ki, ən son və həm də
önəmli məqam regional dövlətlərin rolunun artması idi. 30 il ərzində regionda
söz sahibi ola bilməyən Türkiyənin aktivliyinin artması, Azərbaycanın dəstəyi
ilə Cənubi Qafqazda önəmli aktora çevrilməsi hadisələrə ciddi təsir edirdi. Beləliklə
Azərbaycan–Türkiyə tandemi, həmçinin Gürcüstanın vasitəçi platforma kimi müəyyən
məqamlarda önə çıxması Qərb institutlarını və dövlətlərini ikinci plana
keçirdi.
1 dekabr 2025-ci ildən etibarən ATƏT-in artıq tarix olmuş Qarabağ münaqişəsinə və Minsk qrupuna aid bütün strukturlarının ləğvi gerçəkləşdi. Bununla da Azərbaycan dövləti daha bir tarixi uğura imza ataraq, yeni bir geosiyasi reallıq yaratmış oldu. Baş verənlərin Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Beləliklə 30 illik vasitəçilik formatına ehtiyac qalmadı, ərazi bütövlüyünün bərpa olunması Minsk qrupunun “status-kvo” siyasətini tamamilə iflasa uğratdı, sülh prosesi artıq “Bakı–İrəvan” xətti ilə aparılmağa başladı, üçüncü tərəflərin hadisələrə və regiona təsiri azaldı, beynəlxalq təşkilatlar faktiki olaraq Azərbaycanın yaratdığı yeni reallığı tanıdı. Minsk qrupu formatının ləğvi Ermənistan üçün, daha dəqiq desək Azərbaycan-Türkiyə tandeminin yanında yer almaq istəyən Paşinyan hökuməti üçün də faydalı nəticələr vəd edir. Minsk qrupunun ləğvi ilk baxışda rəsmi İrəvana müəyyən çətinliklər yaratsa da, həm də yeni imkanlar açmaqdadır. “Qarabağın statusu”, “Qarabağ kartı” və ondan istifadə edərək Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq perspektivi gündəmdən çıxır, İrəvan Bakı ilə birbaşa danışıqlara qoşularaq dividentlər əldə etməyə çalışır, ən əsası isə regionda blokada və izolasiya siyasətindən çıxmaq imkanı yaranır.

Cərəyan edən hadisələrin
region üçün də böyük geosiyasi nəticəsi var. 30 il davam edən, milyonlarla
insana faciə və dəhşətli nəticələr gətirən postsovet dövrünün mühüm bir münaqişəsi
– Qarabağ problemi rəsmən tarix olur. Deyə bilərik ki, Minsk qrupunun ləğvi, əslində,
üç böyük prosesin göstəricisi sayıla bilər. Qərbin Cənubi Qafqazda vasitəçilik
rolu azalır, Rusiyanın əvvəlki dominantlığı zəifləyir (rəsmi Moskvanın Bakı və
İrəvana qarşı aqressiv davranışları həm də bunun nəticəsidir), regional dövlətlər
– Azərbaycan, Türkiyə, Gürcüstan – öz problemlərini özləri həll etmək üçün
ciddi addımlar atırlar. Bu isə postsovet dövrünə xas beynəlxalq vasitəçilik
sisteminin formal olaraq sona çatması və Cənubi Qafqazda yeni siyasi
arxitekturanın qurulması deməkdir.
Nəticə olaraq qeyd edə bilərik ki, ATƏT-in Minsk qrupunun ləğvi həm siyasi, həm hüquqi, həm də geosiyasi baxımdan mühüm hadisə oldu. 2025-ci ildə bu qurumun fəaliyyətinə son qoyulması Cənubi Qafqazda tamamilə yeni reallığın formalaşdığını təsdiqlədi. Artıq rəsmi Bakının diktəsi ilə regionun gələcəyi üçün əsas açar söz “birbaşa danışıqlar”, “regional əməkdaşlıq” və “dayanıqlı sülh modelidir”. Minsk qrupunun ləğvi bir dövrün sonu, eyni zamanda Azərbaycan və Ermənistan arasında yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü.
13:02 09.12.2025
Oxunuş sayı: 10109
Mübariz Göyüşlü
Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru