Kombi istifadəsinin artması ciddi problem yaradır, çünki... - Ekspert
2025-ci ilin yanvarında və iyulunda “Azəristiliktəchizat”ın (və dövlətin) açıqlamalarına görə, tariflər əvvəlki illərə nisbətən “maya dəyərinə” daha yaxınlaşdırılır. Bildirilir ki, mərkəzləşdirilmiş istiliyin 1 m²-ə görə aylıq maya dəyəri təxminən 1,10 manatdır. Bu isə o deməkdir ki, tariflərin əvvəlki səviyyədə qalması uzun müddət subsidiya ilə kompensasiya olunub. Subsidiyaların azaldılması və ya maya dəyəri xərclərinin artması — məsrəflərin, qaz xərci, qaynaq təminatı, enerji, texniki xidmət, qazanxana və şəbəkə remontları və s. — qiymət artımının əsas səbəbi ola bilər.
Amma bu o demək deyil ki, sadəcə maya dəyəri artıb; idarəetmə, infrastrukturun köhnəliyi, texniki səmərəlilik və xidmətin bütün xərclərinin ədalətli hesablanması da rol oynayır. Subsidiyanın azalması, əvvəl “yumşaq tarif” siyasətindən çıxış və real xərclərin tariflərə daxil edilməsi belə bir sıçrayışa səbəb ola bilər.
Bu sözləri Crossmedia.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli istilik tariflərinin yüksəlməsinin səbəbləri barədə danışarkən deyib.
İqtisadçı qeyd edib ki, normal şəraitdə mərkəzləşdirilmiş istilik sistemi miqyas üstünlüyünə görə fərdi kombidən 30-40% daha ucuz başa gəlməlidir:
“Dünya praktikası da bunu təsdiqləyir. Lakin Azərbaycanda hazırda vəziyyət fərqlidir: maya dəyəri yüksəkdir, şəbəkə xərləri, qaz, texniki avadanlıq, qazanxana, nəqliyyat, istismar-xidmət xərcləri və bəlkə də itkilər var. Ona görə də çoxsaylı sakinlər kombi istifadə etdiyi üçün mərkəzləşdirilmiş sistem bütün mənzilləri “kütləvi isitmə”yə yönləndirə bilməyib. Bu da şəbəkənin tam yükdə işləməməsi və səmərənin azalması deməkdir. Başqa sözlə: “normalda mərkəzi istilik daha ucuz olar” nəzəri olaraq doğrudur, amma reallıqda maya, itkilər, infrastruktur, subskripsiya və az istifadə qiyməti kombidən baha başa gətirir. Burada ən əsas məqam isə korrupsiyadır — maya dəyərini şişirdən xərclərin süni şəkildə şişirdilməsidir. Bunun isə qarşısını almağın yeganə yolu özəlləşdirmə və bu işi kommersiya şirkətlərinə həvalə etməkdir”.
A.Nəsirli hesab edir ki, bu vəziyyət istilik bazarında monopoliya risklərini artırır. Onun sözlərinə görə, mərkəzləşdirilmiş istiliyin bahalaşması əhalini kütləvi şəkildə fərdi kombilərə yönəldir ki, bu da qaz asılılığını artırmaqla yanaşı, sosial və enerji balansını pozur.
Ekspert vurğulayıb ki, COP29-a ev sahibliyi edən Azərbaycanın 2035-ci ilədək emissiyaların azaldılması öhdəlikləri fonunda kombi istifadəsinin artması ciddi problem yaradır: "Çünki qazla işləyən kombilər karbon emissiyası yaradır və bu tendensiya uzunmüddətli perspektivdə ölkənin ekoloji hədəfləri ilə ziddiyyət təşkil edir. Problemin həlli üçün mərkəzləşdirilmiş istilik sisteminin texniki modernləşdirilməsi, səmərəliliyinin artırılması, tariflərin şəffaf formalaşdırılması və sosial həssas qruplar üçün subsidiyaların saxlanılması zəruridir".
Nihat Tahirov
13:22 05.12.2025
Oxunuş sayı: 1481