Azərbaycanda insanyönümlü, insanmərkəzli fəaliyyət həyata keçirilir- Hüquq müdafiəçisi
Azərbaycan Respublikasında dövlət xidmətlərinin təşkili və göstərilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prioritet istiqamət olaraq qalır. Prezident İlham Əliyevin imzaladığı son fərmanla “Dövlət xidmətləri haqqında” qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə qanun layihəsinin hazırlanması qərara alınmışdır. Fərmanda, həmçinin Nazirlər Kabinetinə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısının hazırlanması, sistemin əsasnaməsinin tərtibi və dövlət xidmətinin reqlamentinin nümunəvi formasının işlənməsi tapşırılmışdır. Bu təşəbbüslər dövlət xidmətlərinin şəffaflığının artırılmasına, vətəndaşların hüquqlarının qorunmasına və xidmətlərin elektronlaşdırılması sahəsində sistemli yanaşmanın gücləndirilməsinə xidmət edir.
Crossmedia.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman dövlət xidmətləri sahəsində qanun pozulmasına görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutur və dövlət idarəçiliyində son illərdə aparılan sistemli islahatların məntiqi davamıdır. Onun sözlərinə görə, dövlət başçısı uzun müddətdir ki, xidmət yönümlü idarəçiliyin formalaşdırılmasını strateji prioritet kimi müəyyən edib və bu sahədə normativ, institusional mexanizmlər ardıcıl olaraq yenilənir: “Yeni məsuliyyət mexanizmi göstərir ki, dövlət xidmətlərinin göstərilməsində tövsiyə xarakterli davranış standartları mərhələsi artıq geridə qalır. Prezidentin iradəsinə uyğun olaraq, xidmət göstərən qurumların fəaliyyətinə uyğun məsuliyyət ölçüləri tətbiq edilir və bu məsuliyyət birbaşa dövlət xidmət siyasətinin icrasını təmin edən əsas alətə çevrilmişdir. Cənab Prezident tərəfindən dəfələrlə vurğulanıb ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Yəni insanyönümlü, insanmərkəzli fəaliyyət həyata keçirilir. Azərbaycanın vətəndaşına göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsində hər bir məmur tam məsuliyyət daşıyır. Nəzakətlilik, şəffaflıq, hesabatlılıq isə bütövlükdə bu xidmətin əsas prinsiplərinə çevrilmişdir. Müştəri məmnunluğunun təmin edilməsi vacib bir məsələdir. Hesab edirəm ki, fərmanda məhz bu məsələlərin daha dəqiq və konkret olaraq müəyyən edilməsi nəzərdə tutulub”.

Ə.Nuriyev qeyd edib ki, bu addımın iki mühüm təsiri olacaq: “Birincisi, dövlət xidmətlərinin keyfiyyətinə institusional təminat yaradılır. Proseduraların pozulması, əsasız gecikmələr və qanuna zidd tələblər artıq təkcə inzibati insan məsələsi deyil, inzibati xəta kimi qiymətləndiriləcək. Bu, dövlət orqanlarının daxili nəzarətini gücləndirməyə, xidmət mədəniyyətinin yeni mərhələyə keçməsinə səbəb olacaq. Prezidentin yaratdığı hüquqi çərçivə xidmətlərin standartlaşdırılması və rəqəmsal idarəetmə modelinin tam tətbiqi üçün güclü baza yaradır. İkincisi, vətəndaşların xidmətlərə əlçatanlığı hüquqi əsasla qorunacaqdır. Xidmətlərin əlçatanlığı onların keyfiyyəti üçün vacib parametrdir. Vətəndaşın müraciətinə vaxtında və şəffaf qaydalara uyğun cavab verilməsi artıq idarəçilik mədəniyyəti yox, dövlətin hüquqi öhdəliyinə çevrilir. Bu, Prezidentin vətəndaş mərkəzli dövlət konsepsiyasının praktik icrasıdır və xidmət alıcısının maraqlarını birbaşa hüquqi müdafiə altına alır”.
Hüquq müdafiəçisi bildirib ki, fərman Prezident Administrasiyasının son illərdə həyata keçirdiyi təşəbbüslərin davamıdır: “Dövlət başçısı asan xidmət modelini yaradaraq, dünyada nümunə kimi qəbul edilən standart formalaşdırıb. Daha sonra bu standartların bütün dövlət xidmətlərinə şamil edilməsi üçün vahid konseptual çərçivə müəyyən edildi. İnzibati məsuliyyət mexanizmi isə konseptualizasiyanı təmin edən institusional həlqədir.
Fərman təkcə qanun tətbiq mexanizmini sərtləşdirmir, dövlət xidmətləri idarəçiliyində yeni mərhələnin başlanğıcını müəyyən edir. Şəffaf, məsuliyyətli, standartlaşdırılmış və vətəndaşa hesabat verən xidmət yaradılır. Dövlət artıq funksional modeldən vətəndaşı xidmət edən modelə çevrilir. Bu baxımdan, qanun tətbiqi və icra prosesləri daha dəqiq idarə olunacaq və dövlət xidmətləri sahəsində keyfiyyətli nəticələr təmin ediləcək”.
Mehriban Yariyeva
12:04 05.12.2025
Oxunuş sayı: 1426