Sürücülük hüququndan məhrumetmənin bərpası yalnız o halda mümkün olmalıdır ki... - TƏKLİF
Narkotik və psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsi idarə etmək yalnız qanun pozuntusu deyil, eyni zamanda ictimai təhlükəsizliyə ciddi təhdiddir. Belə sürücülərin davranışı, onların reaksiya sürəti və qərar qəbuletmə qabiliyyəti normadan kənar olur, bu isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır. Statistik məlumatlar göstərir ki, narkotik və psixotrop maddələrdən istifadə edən şəxslər tərəfindən törədilən yol qəzaları daha çox ağır fəsadlarla nəticələnir və bu qəzalar təkcə sürücülərin deyil, yolun digər iştirakçılarının da həyatını təhlükəyə atır.
Məsələ həm də sosial və sağlamlıq aspektindən əhəmiyyətlidir. Narkotik maddələrdən istifadənin geniş yayılması gənc nəsillərin sağlamlığını, onların sosial inteqrasiyasını və gələcək həyat perspektivlərini ciddi şəkildə təhdid edir. Eyni zamanda, bu problem hüquqi və inzibati çərçivədə də ciddi çağırışlar yaradır: cəmiyyətin qorunması, hüquq-mühafizə orqanlarının effektivliyi və qanunvericilik mexanizmlərinin gücləndirilməsi zərurəti ortaya çıxır.
Bu səbəbdən, mövzu təkcə inzibati tədbirlərlə məhdudlaşmamalıdır. Eyni zamanda, profilaktik tədbirlər, maarifləndirmə kampaniyaları və mütəxəssislərin iştirakı ilə sistemli yanaşma tətbiq edilməlidir. Narkotik və psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsi idarə etmə məsələsi həm hüquqi, həm sosial, həm də tibbi aspektdən kompleks şəkildə qiymətləndirilməli və həll yolları elmi əsaslarla müəyyən edilməlidir.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Narkotik və psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsi idarə etmək inzibati məsuliyyət yaradır. Son dövrlərdə Yol Polisi tərəfindən görülən ciddi tədbirlər nəticəsində bir sıra faktlar aşkarlanıb ki, bu da həmin sahədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Gənclər və orta yaşlı şəxslər bu zəhərin təsirinə düşərək aludəçi olublar və mütəmadi olaraq istifadəyə müraciət edirlər. Bəziləri bu maddələri həm satış məqsədilə üzərlərində gəzdirir, həm də birbaşa istifadə edirlər. Qanun deyir ki, narkotik və psixotrop maddələrin, eləcə də spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə etmək olmaz. Əvvəllər belə hallara yol verən şəxslər sərxoş sürücülərlə eyni məsuliyyət daşıyırdı. Lakin sonradan qanunvericilikdə dəyişikliklər edildi və narkotik təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslər üçün ayrıca məsuliyyət müəyyən olundu. Hazırda bu hallar üçün 600 manat cərimə və sürücülük hüququndan məhrumetmə tədbiri nəzərdə tutulur. Təkrar baş verdikdə isə inzibati həbs və sürücülük hüququndan məhrumetmə tətbiq olunur. Hesab edirəm ki, bu məsələdə ağırlıq və yüngüllük dərəcələrini fərqləndirmək vacibdir. Qanunvericilikdə müəyyən boşluqlar mövcuddur və bunların aradan qaldırılması zəruridir. Əgər istifadə ağır dərəcədədirsə və şəxs narkotik maddədən mütəmadi istifadə edirsə, inzibati həbsin müddəti artırılmalıdır. Hətta cinayət məsuliyyətinə qədər gedib çıxması mümkündür. Məsələn, hazırkı 3-6 aylıq həbs deyil, 1 ilə qədər həbs müddəti tətbiq oluna bilər".
Ekspert, həmçinin yeni təklif səsləndirib: "Sürücülük hüququndan məhrumetmənin bərpası yalnız o halda mümkün olmalıdır ki, şəxs narkomaniyadan azad olduğunu təsdiq edən sənəd təqdim etsin və azad olsun. Çünki bir dəfə aludəçi olan şəxs, əgər müalicə almamışsa, 1-2 ildən sonra yenidən narkotik maddə qəbul edəcək. Buna görə yanaşmalar dəyişməlidir. Şablon yanaşmalarla qəbul olunan qanunlar faydalı olmur. Bu məsələlərin detallı şəkildə müzakirə edilməsinə, narkoloqlar, ekspertlər və mütəxəssislərlə işlənməsinə ciddi ehtiyac var. Təəssüf ki, qanunvericiliyin qəbulunda bəzən yarımçıq sənədlərə də rast gəlinir".
Elmir Heydərli
13:40 04.12.2025
Oxunuş sayı: 1724