“Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib
Dekabrın 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib.
Bu barədə Crossmedia.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Konfransda Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, agentliyin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.
Konfransda giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, peşə təhsili müasir dövrün tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayır. Peşə təhsili insanlara yalnız peşə öyrətmir, həm də sosial lift rolunu oynayır, gənclərə perspektiv və gələcək təmin edir. Mətin Kərimli bu gün peşə təhsili müəssisələrinə yalnız orta məktəbi bitirənlərin deyil, həm də karyerasının əvvəlində və ortasında olan, peşə bacarıqlarını genişləndirmək istəyən vətəndaşların da üstünlük verməsini sevindirici hal kimi qiymətləndirib. Qeyd edib ki, bu səbəbdən peşə təhsili daha çevik və innovativ həllər təqdim etməlidir.
Mətin Kərimli əlavə edib ki, ölkənin müxtəlif bölgələrində müasir təhsil proqramları əsasında fəaliyyət göstərən peşə təhsili müəssisələri yenidən qurulub və istifadəyə verilib, nəticədə tələbə qəbulu iki dəfə artıb. Aparat rəhbəri peşə təhsilinin strateji sənədlərdə, o cümlədən 2022–2026-cı illərə aid sosial-iqtisadi inkişaf strategiyasında və “Böyük Qayıdış” proqramında öz əksini tapdığını vurğulayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən direktor müavini Simnar Mamedov çıxışında bildirib ki, görülən işlər nəticəsində peşə təhsilinin maddi-texniki bazası və tədris infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Simnar Mamedovun sözlərinə görə, bu, əmək bazarının və iqtisadiyyatın real tələblərinə uyğun bacarıqlara sahib kadrların hazırlanmasına xidmət edir. Eyni zamanda, təhsil proqramlarının yenilənməsi kadr hazırlığına dair tələblərlə birbaşa əlaqəlidir. Peşə təhsili üzrə kadr tələblərinə uyğun istiqamətlər mütəmadi təhlil edilərək yenilənir ki, bu da əmək bazarındakı ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsini təmin edir.
Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında cəmiyyətin peşə təhsilinə münasibətinin zamanla dəyişdiyini vurğulayıb. Bildirib ki, əvvəlcə ali təhsil müəssisələri ilə başlanılan yol bu gün müxtəlif təhsil pillələri və istiqamətləri üzrə qiymətləndirmə mexanizmlərinin genişləndirilməsi ilə davam edir. Bu prosesdə təhsil müəssisələrinin təmsilçiləri əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına mühüm töhfə verirlər.
Konfrans çərçivəsində 2022–2025-ci illər ərzində peşə təhsili sahəsində əldə olunan nəticələr təqdim edilib, görülən işlər təhlil olunub və yeni dövr üçün çağırışlar müzakirə edilib. Sessiyalarda iştirakçılar peşə təhsili sisteminin inkişaf prioritetləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətləri üzrə təklif və fikir mübadiləsi aparıblar.
18:19 02.12.2025
Oxunuş sayı: 674