Tam ştatlı müəllim modelinə keçid üçün şərait formalaşıb — Ekspert
Son illər Azərbaycanda həyata keçirilən təhsil islahatları ölkənin ümumi inkişaf strategiyasının ən vacib istiqamətlərindən birinə çevrilib. Müasir dövrün tələbləri dəyişdikcə, təhsil sistemi də daha çevik, dayanıqlı və nəticəyönlü olmağı tələb edir. Bu baxımdan aparılan yeniliklər təkcə formal dəyişiklik deyil, bütövlükdə təhsilin keyfiyyətini yüksəltməyi, müəllim peşəsinin nüfuzunu artırmağı və məktəblərdə idarəetmə proseslərini daha şəffaf və effektiv şəkildə qurmağı hədəfləyir.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Crossmedia.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, təhsil islahatlarında ardıcıllıq və sistemlilik əsas şərtlərdən biridir və heç bir dəyişiklik təkbaşına nəticə vermir. O bildirib ki, görülən hər bir addım digərini tamamlamalıdır, əks halda islahatların effektivliyi zəifləyir.
R. Fikrətoğlu vurğulayıb ki, Azərbaycanda son illər tətbiq olunan MİQ imtahanı, sertifikasiya prosesi və indi nəzərdə tutulan tam ştatlı müəllim modeli vahid islahat xəttinin mərhələləridir və bu proseslər bir-birini tamamlayır.
Ekspert "tam ştatlı model yaxşı idisə, niyə əvvəllər tətbiq olunmurdu?" sualına da aydınlıq gətirib. Onun sözlərinə görə, əvvəlki illərdə sistem buna hazır deyildi. Müəllimlərin peşəkar səviyyələri arasında ciddi fərqlər mövcud idi, 1990-cı illərin çətinlikləri kadr mühitinə mənfi təsir göstərmişdi, bəzi müəllimlər sistemi qeyri-ənənəvi yollarla, tanışlıq və ya rüşvət vasitəsilə daxil olmuşdu. Belə vəziyyətdə tam ştatlı modelin tətbiqi riskli olardı və bu, ümumi keyfiyyəti daha da aşağı sala bilərdi.
O həmçinin bildirib ki, MİQ sistemi məktəblərə daha hazırlıqlı və seçilmiş müəllimlərin daxil olmasını təmin etdi. Sertifikasiya isə həm köhnə kadrların qiymətləndirilməsinə, həm də onların peşəkar inkişafına təkan verdi. 2020-ci ildən başlayan bu mərhələ 2026-cı ildə yekunlaşacaq və nəticədə sistemdə hansı səviyyədə müəllimlərin qaldığı tam şəkildə müəyyənləşəcək.
Onun sözlərinə görə, hazırda tam ştatlı modelə keçidi mümkün edən bir neçə əsas amil var. Son illərdə yeni və daha hazırlıqlı müəllim nəslinin formalaşması, mövcud müəllimlərin əksəriyyətinin artıq sertifikasiyadan keçməsi, məktəb idarəçiliyində normativ bazanın güclənməsi və valideyn gözləntilərinin artması bu keçidi daha təhlükəsiz edir.
Ekspert hesab edir ki, tam ştatlı model gələcəkdə müəllim motivasiyasını artıracaq. Sabit iş yeri və sabit maaş müəllimə psixoloji təhlükəsizlik verəcək, əlavə dərs saatı toplamaq uğrunda rəqabət aradan qalxacaq və müəllim diqqətini tam şəkildə dərsin keyfiyyətinə yönəldə biləcək. Bu, həm də sistemin daha ədalətli şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq.
Sonda Rizvan Fikrətoğlu qeyd edib ki, islahatların məqsədi əvvəlcə sistemi gücləndirmək, sonra isə dayanıqlı modellərə keçmək olub. Onun fikrincə, bu ardıcıllıq təmin olunduğu üçün tam ştatlı modelin məhz indi tətbiqi həm real, həm də effektivdir.
Nigar Yahyazadə
16:23 02.12.2025
Oxunuş sayı: 1170