Azərbaycan məktəbliləri beynəlxalq elm yarışında böyük uğur qazanıblar
23 noyabr – 2 dekabr tarixlərində Rusiyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) Azərbaycan məktəbliləri yüksək nəticə əldə ediblər.
Bu barədə Crossmedia.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Rusiya, Çin, Hindistan, Macarıstan, Serbiya, Tayland və digər ölkələri təmsil edən güclü komandaların iştirak etdiyi nüfuzlu elm yarışında 6 nəfərdən ibarət milli komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanaraq iştirakçı ölkələr sırasında 5-ci yerə layiq görülüb.
Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Rəsul Şahverdiyev, Masazır kənd 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Oğuz Əlili, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Mikayıl İbrahimli və həmin liseyin IX sinif şagirdi Mehdi Həbibzadə gümüş medal qazanıblar.
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Fidan Həşimova, Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin X sinif şagirdi Hidayət Quliyev isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, ötən tədris ilində Azərbaycan komandası bu olimpiadadan 6 bürünc medal qazanmışdı.
15:29 02.12.2025
Oxunuş sayı: 897