“Azərbaycan 2030” baxışı növbəti mərhələdə rəqəmsal transformasiyanın daha da dərinləşdirilməsini tələb edir- Mütəxəssis
Azərbaycanda təhsil sisteminin müasir tələblərə uyğun yenilənməsi, şagirdlərin rəqəmsal savadlılığının artırılması və texnoloji bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar artıq ölkənin intellektual potensialının formalaşmasına ciddi töhfələr verir. Bu sahədə görülən işlərin miqyasını Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin mükafatlandırılma mərasimində nazir müavini Həsən Həsənlinin çıxışında səsləndirdiyi məlumatlar da aydın şəkildə nümayiş etdirir. Nazir müavininin qeyd etdiyi kimi, hazırda ölkənin ümumtəhsil müəssisələrində 600 minə yaxın şagird informatikadan əlavə rəqəmsal bacarıqlar dərslərinə cəlb olunur ki, bu da texnoloji mühitdə rəqabət aparacaq yeni nəslin yetişdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, 2022-ci ildə rəqəmsallaşma strategiyası təsdiq edilərkən məktəblərin internet və kompüter təminatı istənilən səviyyədə deyildi. Lakin qısa müddət ərzində görülən sistemli tədbirlər nəticəsində bu çatışmazlıqlar böyük ölçüdə aradan qaldırılıb, məktəblərin müasir texniki baza ilə təchizatı yüksək faizlə təmin edilib. Bu gün ölkə üzrə 175 mərkəzdə hakatonlara çıxış imkanı yaradılıb, hakaton təşəbbüsləri beş il ərzində 350 mindən çox şagirdi əhatə edib. Bundan başqa, 300 mindən çox məktəblinin STEAM layihələrinə qoşulması, onların elmi-tədqiqat yönümlü düşüncə, yaradıcılıq və problem həll etmə bacarıqlarının formalaşmasına xidmət edir.
Bu istiqamətdə davam edən genişmiqyaslı fəaliyyət gələcəkdə həm ali təhsilə qəbul prosesinə müsbət təsir göstərəcək, həm də peşə yönümündə şagirdlərin texnoloji sahələrə marağının artmasına səbəb olacaq. Eyni zamanda, rəqəmsal bacarıqlara malik yeni nəsil mütəxəssislərin formalaşması ölkənin elmi, iqtisadi və innovativ inkişafında həlledici rol oynayacaq və Azərbaycanın rəqəmsal məkanda mövqeyini daha da gücləndirəcək.
Məsələ ilə bağlı təhsil üzrə mütəxəssis Vaqif Fətullayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ölkəmizdə son illər həyata keçirilən islahatlar cənab Prezident İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli inkişaf xəttinin məntiqi davamıdır. Ölkəmizin ərazi bütövlüyünün bərpası, genişmiqyaslı infrastruktur layihələri, yeni iqtisadi modelə keçid, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in və onun davamı olan “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiqi bir əsas məqsədə xidmət edir: qüdrətli dövlət və yüksək rifah cəmiyyəti qurmaq, rəqabətqabiliyyətli iqtisadiyyat və yüksək insan kapitalı formalaşdırmaq. Bu siyasətin mərkəzində isə həm sosial rifahın təmin olunması, həm də ölkənin uzunmüddətli güc mənbəyi kimi təhsil və insan amili dayanır. Məhz bu kontekstdə şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı təsadüfi təşəbbüs deyil, dövlət səviyyəsində prioritet elan olunmuş strateji xəttin tərkib hissəsidir. Milli Prioritetlərdə və Strategiyada açıq şəkildə vurğulanır ki, XXI əsrin tələblərinə uyğun təhsil sistemi qurulmalı, təhsilin bütün pillələrində rəqəmsal səriştələr formalaşdırılmalı, məktəblərin İKT infrastrukturu gücləndirilməli, innovativ və texnoloji ixtisaslar üzrə kadr hazırlığı genişləndirilməlidir. Son illərdə minlərlə məktəb binasının tikilməsi və yenilənməsi, məktəblərdə şagird–kompüter nisbətinin 1:6 səviyyəsinə qədər yaxşılaşması, internet təminatının genişləndirilməsi, müəllimlərin peşəkar inkişaf proqramlarında rəqəmsal komponentin ön plana çəkilməsi bu strateji sənədlərin artıq kağız üzərində yox, real məktəb mühitində işlədiyini göstərən konkret nəticələrdir. Biz artıq yalnız avadanlıq alınması mərhələsini deyil, rəqəmsal təhsil mühitinin sistemli şəkildə qurulması və idarə olunması mərhələsini yaşayırıq. Xüsusilə qeyd olunmalı məqamlardan biri də odur ki, bu proses təkcə paytaxt və böyük şəhərlərlə məhdudlaşmır. Məsələn, bölgələrdən olan məktəblilər də rəqəmsal transformasiya prosesinə aktiv şəkildə cəlb olunur. Bu, Strategiyada vurğulanan “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” hədəfinin təhsildə konkret təzahür formalarından biridir: rəqəmsal imkanlara çıxış tədricən bütün ölkə miqyasında daha bərabər xarakter alır".
Ekspert, həmçinin bu gün atılan ən önəmli addımın rəqəmsal infrastrukturu sadəcə “statistik göstəricilər” kimi deyil, insan kapitalının keyfiyyətinə birbaşa təsir edən canlı ekosistem kimi görmək olduğunu qeyd edib: "Eyni zamanda aydındır ki, bu proses 2022–2026-cı illər dövrü ilə məhdudlaşmayacaq, 2027-2030 strategiyasında da əsas hədəflərdən biri məhz şagirdlərimizin rəqəmsal bacarıqlarının artırılması olacaq. Çünki “Azərbaycan 2030” baxışı növbəti mərhələdə rəqəmsal transformasiyanın daha da dərinləşdirilməsini, rəqəmsal bacarıqların sadəcə ayrıca layihələrdə deyil, ümumi təhsil standartlarında və qiymətləndirmə modellərində tam inteqrasiya olunmasını tələb edir. Gələcək illərdə əsas çağırış artıq texniki təminat olmayacaq, bu ekosistemin davamlı idarə edilməsi, müəllim hazırlığının keyfiyyəti, regionlararası rəqəmsal bərabərliyin qorunması və əldə olunan nəticələrin obyektiv ölçülməsidir. Əgər bu istiqamətlər ardıcıl şəkildə həyata keçirilsə, şagirdlərin rəqəmsal bacarıqları təkcə təhsil nəticəsi kimi deyil, ölkənin uzunmüddətli iqtisadi rəqabətqabiliyyətinin və milli gücünün əsas indikatorlarından birinə çevriləcək. Hesab edirəm ki, 2022–2026-cı illər Strategiyası yalnız birinci mərhələdir və 2027–2030-cu illəri əhatə edəcək növbəti strateji dövrdə bu xətt daha da dərinləşdirilə bilər. Ali təhsilin əhatəliliyinin artırılması, distant və hibrid təhsil formalarının tətbiqinin aktuallığı, həmçinin sosial və standart tələbə kreditlərinin genişləndirilməsi kimi hədəflərin vacibliyi onu göstərir ki, rəqəmsal bacarıqlar və təhsilə çıxış məsələsi təkcə ümumi təhsil deyil, ali təhsilin inkişaf gündəmində də mərkəzi yer tutur. Düşünürəm ki, 2027–2030 Strategiyasında bu istiqamətlər daha sistemli şəkildə davam etdiriləcək, rəqəmsal təhsilin məzmunu, maliyyə alətləri və ali təhsildə rəqəmsal platformalara keçid xüsusi prioritetlərdən biri kimi əks olunacaq".
Elmir Heydərli
13:56 02.12.2025
Oxunuş sayı: 3214