Türk Dünyası son bir ildə: Azərbaycanın lider rolu və əldə olunan nəticələr
Azərbaycan tarixən türk dünyasının siyasi, mədəni və coğrafi mərkəzlərindən biri kimi formalaşmış, türklüyün varislik ənənələrinin qorunub yaşadılmasında mühüm rol oynamışdır. Qafqazın strateji mövqeyində yerləşən ölkə, həm tarixi dövlətçilik ənənələri, həm də müasir dövrdə həyata keçirdiyi inteqrasiya siyasəti ilə türk dövlətləri arasında körpü funksiyasını yerinə yetirir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türk dünyası ilə əlaqələrin sistemli şəkildə qurulması, ortaq kimlik və maraqlara əsaslanan əməkdaşlığın dərinləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi dialoqun gücləndirilməsi, enerji və nəqliyyat layihələri ilə regionun birləşdirilməsi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində aparıcı mövqedə dayanır. Qarabağ Zəfərindən sonra yaranmış yeni geosiyasi reallıqlar ölkənin Türk dünyası üçün strateji əhəmiyyətini daha da artırmış, Şuşa Bəyannaməsi isə Azərbaycan–Türkiyə müttəfiqliyini bütün türk coğrafiyası üçün nümunəvi modelə çevirmişdir.
Son bir ildə Azərbaycan Türk Dövlətləri Təşkilatı daxilində həm təşəbbüskar, həm aktiv iştirakçı kimi rolunu gücləndirərək, TDT-nin siyasi, iqtisadi, mədəni və təhlükəsizlik istiqamətlərində təsirini artırmağa çalışıb. 2025-ci ildə Azərbaycan TDT-yə sədrliyi üzərinə götürüb. Eyni zamanda, 2025-ci ilin oktyabrında Təşkilatın 12-ci Zirvə Görüşü — Dövlət Başçıları Şurasının iclası — Qəbələ şəhərində keçirilib. Bu, Azərbaycanın təşkilat daxilində nüfuzunun və mərkəzçi rolunun artdığını göstərən mühüm amildir. Ən mühüm məqamlardan biri 2024-cü ilin iyulunda Şuşada TDT-yə üzv dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsinin qəbul edilməsi idi. Bu addım, Azərbaycanın regiondakı mövqeyini və TDT çərçivəsində Qarabağ problemi ilə bağlı diplomatik təşəbbüslərini beynəlxalq müstəviyə daşımaq baxımından əhəmiyyətlidir. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və digər nəqliyyat-logistika arteriyalarında Azərbaycanın “Türk dünyası” üçün “ körpü ” rolu gündəm olub.

2025-ci ilin oktyabrındakı Zirvə görüşündə Azərbaycan tərəfi 2026-ci il üçün TDT ölkələrinin birgə hərbi təlimlərinin təşkil edilməsini təklif edib. Bu təşəbbüs, TDT-nin sadəcə mədəni-tarixi və iqtisadi platforma deyil, həm də təhlükəsizlik və müdafiədə birgə koordinasiyanı gücləndirən struktur kimi formalaşmasını hədəfləyir. Bu prosesin reallaşması mümkün görünür və hərbi platforma çərçivəsində əməkdaşlıq hazırkı gərgin geosiyasi durumda türk ölkələri üçün çox vacib bir amil kimi qarşıda dayanır.
Eyni zamanda 2025-ci ilin sentyabrında Xarici İşlər Nazirləri Şurası iclasında iqtisadiyyat, ticarət, investisiya, enerji, yaşıl transformasiya və rəqəmsal inkişaf kimi sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Noyabr 2025-ci ildə Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası “Beynəlxalq Nəqliyyat Xətlərinin Təhlükəsizliyinin Təmin edilməsində Xüsusi Xidmət Orqanlarının Rolu” mövzusunda Xankəndi şəhərində keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin Macarıstandan fəxri qonaq qismində nümayəndə iştirak edib. Həmçinin 2025-ci ilin iyun ayında Bakıda planlaşdırılan “Sonsuz‑Qardaşlıq‑IV” adlı çoxmillətli təlim konfransı üçün hazırlıq iclası keçirilib. Təlimə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və hətta Pakistanın xüsusi təyinatlı qüvvələrinin cəlb edilməsi planlaşdırılır. Bu sadalananlar da əməkdaşlığa mühüm töhfələrdən sayıla bilər.

Bütün bunlar Azərbaycanın rəsmi qurumlarının həyata keçirdiyi çalışmalardır. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi altında aidiyyatı qurumlar TDT daxilində, eyni zamanda türk ölkələri ilə ikitərəfli, bəzən üçtərəfli əməkdaşlıqlar formatında önəmli çalışmalar həyata keçirirlər. Paralel olaraq bu çalışmaların alt bazasının sağlam, möhkəm və uzunmüddətli olması üçün media, vətəndaş cəmiyyəti, təhsil, elm, mədəniyyət, idman və s. sahələrdə də çalışmalar həyata keçirilməlidir. Azərbaycanda (Bakıda) ilk dəfə olaraq Türk Dövlətlərinin üzv ölkələrinin Qeyri-Hökumət Təşkilatlarının (QHT-lər) birgə Forumu keçirilib. Həmçinin media və informasiya sahəsində əməkdaşlıq genişlənib: TDT-nin Media və İnformasiya İşçi Qrupunun 12-ci iclası çərçivəsində Azərbaycan — xüsusi rol alıb, müvafiq plan üzrə tədbirlər davam etdirilir. Məhz Azərbaycanın təşəbbüskarlığı və təşkilatçılığı ilə türk ölkələrinin QHT-lərinin və media qurumlarının toplantılarının keçirilməsini, müzakirələrin aparılmasını, müvafiq qərarların qəbul edilməsini, iştirakçıların azad edilən əraziləri ziyarət etməsini, öz platformalarında bu barədə məlumatlar paylaşmasını təqdir etmək lazımdır. Türk Dövlətləri QHT-lərinin Platformasının yaradılması birlik istiqamətində atılmış mühüm addımdır. Gələcəkdə belə bir platformanın media sahəsində də yaradılması birlik istiqamətindəki proseslərə önəmli dəstək ola bilər. QHT və media platforması üzrə çalışmaların davam etdirilməsi lazımdır. Məlumat üçün bildirim ki, rəhbəri olduğum “Müasir İnkişaf” İctimai Birliyi (Nizamnamə məqsədlərində türk xalqlarının əməkdaşlığı əks olunub) və analitiki olduğum Cross Media Təhlil Mərkəzi türk birliyi, Prezident İlham Əliyevin bu istiqamətdə çalışmaları, Azərbaycanın türk dünyasındakı rolu barədə çoxsaylı layihələrin, konfransların, analitik məqalələrin, araşdırmaların müəllifidir.

Hazırkı situasiyada türk birliyi istiqamətində çalışmalar kifayət qədər dinamik şəkildə davam edir və ötən hər il yeni-yeni çalışmalarla proses daha da irəliləyir. Lakin bütün bunlar bizi arxayın salmamalıdır və daha da geniş bir şəkildə çalışmağımız lazımdır. Çünki Türk Dünyasının birliyini istəməyən qlobal güclər var və onlar pozuculuq fəaliyyətlərini davam etdirirlər. Bu da özlüyündə regional və beynəlxalq geosiyasi riskləri artırır. Belə ki, qlobal və regional geosiyasətdəki dəyişkənliklər (münaqişələr, geopolitik rəqabətlər) bu təşəbbüslərin həyata keçirilməsinə təsir edə bilər. Bunun üçün də rəsmi qurumların çalışmaları ilə yanaşı yuxarıda da qeyd etdiyimiz kimi vətəndaş təşəbbüsləri, ictimaiyyətin, elmi, mədəni, təhsil, media, QHT istiqamətində fəaliyyətlərin genişləndirilməsi vacib amildir. Yəni reallıqda “ortaq türk aləmi”nin qurulması və TDT-nin dayanıqlı institusional quruma çevrilməsi üçün hələ görüləcək işlər çoxdur. Uğurlar əhəmiyyətli olsa da, perspektiv və davamlılıq baxımından bunları ilkin mərhələ saymaq olar.

Bütün bu məqamları toparlayaraq son bir ildə Azərbaycanın TDT daxilində aktiv, təşəbbüskar və mərkəzi rol oynadığını qeyd edə bilərik. Azərbaycanın və TDT-nin son bir ildəki çalışmalarının qısa təqdimatı - Zirvə görüşlərinə ev sahibliyi, Qarabağ Bəyannaməsi, QHT və media forumları, iqtisadi-nəqliyyat təşəbbüsləri, və müdafiə sahəsində planlar - hamısı göstərir ki, Bakı “Türk dünyası”nı reallığa çevirən, koordinator ölkə kimi mövqeyini gücləndirməkdədir. Bu çalışmalar TDT-ni daha da gücləndirdi, yeni bir enerji və nəfəslə meydanda mövcud olmasına, nəticələr əldə etməsinə təsir etdi. Necə deyərlər ötən bir il çox müsbət və strateji baxımdan düzgün bir il oldu.
10:19 01.12.2025
Oxunuş sayı: 3409
Mübariz Göyüşlü
Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru