İsrail hərbçiləri ilə Suriya sakinləri arasında Bəyt-Cəndə toqquşma olub
Suriyanın Dəməşq ətrafındakı Bəyt-Cən kəndində İsrail hərbçiləri ilə yerli sakinlər arasında qarşıdurma yaşanıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Ordusuna məxsus bir neçə avtomobil kəndə daxil olduqdan sonra yerli əhali tərəfindən bloklanıb və tərəflər arasında atışma baş verib.
Hadisə zamanı İsrail Müdafiə Ordusunun artilleriya və helikopterləri bölgədəki hədəfləri vuraraq hərbçilərin geri çəkilməsinə şərait yaradıb. Ən azı iki sakin həlak olub, yaralananlar var.
İsrail qüvvələrinin bir neçə saatlıq qarşıdurmadan sonra kəndi tərk edərək Hərmon dağının ətəklərindəki atəşkəs xətti yaxınlığına qayıtdığı bildirilib.
İsrail Müdafiə Ordusu hadisə ilə bağlı açıqlamasında 55-ci ehtiyat briqadasının toplanmış kəşfiyyat məlumatları əsasında Bəyt-Cəndə “Cəmaat İslamiya” qruplaşmasının üzvlərinin saxlanılması üzrə əməliyyat keçirdiyini bildirib. Əməliyyat zamanı silahlıların atəşi nəticəsində üç İsrail hərbçisi ağır, biri orta dərəcəli, daha ikisi isə yüngül yaralanıb. Yaralılar xəstəxanaya təxliyə olunub və ailələrinə məlumat verilib.
Pərvin Hacıyeva
12:08 28.11.2025
Oxunuş sayı: 1190