AQTA yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) fəaliyyətində aşkarlığın və şəffaflığın daha da genişləndirilməsi, habelə dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasında vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi üçün Agentlik yanında İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb.
Crossmedia.az xəbər verir ki, qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən isə 5 üzv olmaqla Seçki komissiyasının ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra prosedur məsələlərlə bağlı müzakirələr apararaq müvafiq qərar qəbul ediblər.
Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir.
Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 28 noyabr 2025-ci il tarixindən 20 iş günü müddətində olmaqla 26 dekabr 2025–ci il tarixinədək Agentliyin Seçki komissiyasına (e-mail: [email protected], əlaqə: (+994 12) 565-12-72 (daxili-159) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elan ediləcəkdir.
13:57 28.11.2025
Oxunuş sayı: 1002