Ermənistanda ictimai şüur dəyişmədən real sülh mümkün deyil - Politoloq
Ermənistan-Azərbaycan münasibətlərində yeni başlayan dialoq prosesi tərəflərin ritorikasının dəyişdirilməsi ilə bağlı müzakirələri gündəmə gətirib. Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, aparılan görüşlər hələ bütün məsələləri həll etməsə də, qarşılıqlı yanaşmanın dəyişməsi üçün vacib mərhələdir.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a açıqlamasında deyir ki, Ermənistan–Azərbaycan münasibətlərində yeni mərhələyə keçidin uğuru yalnız diplomatik danışıqlardan deyil, həm də Ermənistan daxilində ictimai şüurun dəyişməsindən asılıdır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin ritorikanı yumşaltması və dialoqu vurğulaması müsbət siqnaldır, lakin bu addımlar hələ real ictimai dəyişiklik demək deyil. Siyasi rəhbərliklə cəmiyyət arasında ciddi uçurum qalır və bu uçurum aradan qalxmadıqca davamlı sülh mümkün olmayacaq.
Yusif Bağırzadə hesab edir ki, uzun illər ərzində Ermənistan cəmiyyətində formalaşmış düşmənçilik, ərazi iddiaları və mifləşdirilmiş tarix sadəcə bəyanatlarla aradan qalxmır. Onun fikrincə, Ermənistan mediası, təhsil sistemi və informasiya məkanı hələ də köhnə stereotipləri yaşadır. Bu psixoloji mühit həm sülh qərarlarının qəbulunu çətinləşdirir, həm də siyasi rəhbərliyi daim daxili təzyiqlə üz-üzə qoyur. Politoloq bildirir ki, bu kontekstdə maarifləndirmə və ictimai reallığın düzgün izahı həlledici rol oynayır.
Politoloqa görə, Ermənistanın qarşısında iki seçim var: sülh və inkişaf, yaxud yeni müharibə və dövlətçilik riski. O qeyd edir ki, ölkənin demoqrafik göstəriciləri kritik vəziyyətdədir, miqrasiya artır, iqtisadi imkanlar məhduddur və əvvəlki kimi xarici himayə də təminat yaratmır. Yeni hərbi qarşıdurma Ermənistan üçün həm iqtisadi, həm də siyasi cəhətdən fəlakətlə nəticələnə bilər. Onun sözlərinə görə, bu reallığın fərqində olan siyasi qüvvələrin səyləri yalnız geniş ictimai dəstək olduqda nəticə verəcək.
Ekspert vurğulayır ki, maarifləndirmə bu mərhələdə strateji rol oynayır. Cəmiyyətə izah edilməlidir ki, sülh sadəcə kompromis deyil, ölkənin gələcək mövcudluğunun şərtidir. Sülh Ermənistan üçün regional əməkdaşlıq, sərhədlərin açılması və uzunmüddətli təhlükəsizlik deməkdir. Alternativ isə yalnız müharibədir və bu müharibə Ermənistan üçün ağır nəticələrdən başqa heç nə vəd etmir. Sülh prosesi daha çox ictimai mental dəyişikliyə bağlıdır. Ermənistan cəmiyyətində reallığın düzgün qavranılması və köhnə miflərin aradan qalxması regionda davamlı sülhün əsasını formalaşdıracaq.
Fidan Bəhmənova
11:28 28.11.2025
Oxunuş sayı: 2849