İki yaşlı Qarabağ universiteti- Elm nəfəsi, ümid işığı...
Bu gün 28 noyabr Qarabağın yaddaşına yenidən yazılan mühüm bir tarixdir. Məhz bu gündə yaranmış Qarabağ Universiteti artıq iki ildir ki, azad olunmuş torpaqlarımızda elmin, təhsilin və milli dirçəlişin qüdrətli simvoluna çevrilib.
Qarabağda ali təhsil ənənələrinin uzun illik fasilədən sonra bərpası, təkcə yeni bir universitetin açılması deyil xalqın qayıdışının, cəmiyyətin inkişafının və gələcəyin qurulmasının rəmzidir. İşğaldan əvvəlki dövrdə fəaliyyət göstərən ali təhsil ənənələrinin davamı olaraq, bugünkü Qarabağ Universiteti müasir infrastrukturu, fakültələri və strateji missiyası ilə regionun yenidən doğuluşuna xidmət edir.
Universitetin yaradılmasının başlıca məqsədi Qarabağın sosial-iqtisadi inkişafına uyğun kadr hazırlığı, elmi potensialın formalaşdırılması və gənclərin doğma torpaqlara bağlanmasıdır. Burada təhsil alan hər bir gənc — Qarabağın yenidənqurma prosesinin iştirakçısı, burada dərs deyən hər bir müəllim — əsl mənada dirçəlişin memarıdır.
Bu ali məktəb yalnız auditoriyalardan ibarət deyil. O, illərlə susmuş torpağın üzərində yenidən eşidilən tələbə səsi, elm nəfəsi, ümid işığıdır. Boş qalmış küçələrə qayıdan gənclik addımının, bərpa olunan şəhərlərə yeni həyat verən biliklərin ünvanıdır.
Qarabağ Universiteti bu gün həm xalq üçün strateji dəyər, həm də cəmiyyət üçün zəruri təhsil ocağıdır — Qarabağın taleyi ilə təhsilin gücünün tandemi.
İki ildə görülən işlər bir daha göstərir ki, burada təkcə universitet açılmayıb — burda Qarabağın gələcəyi qurulub.
Bu gün biz yalnız bir təhsil müəssisəsinin deyil, bütöv bir ideyanın — qayıdışın, dirçəlişin və milli iradənin ikinci ildönümünü qeyd edirik.
Qarabağ Universitetinin 2 yaşı mübarək!
Elm və ümidlə işıq saçan bu ocaq daim var olsun, Qarabağın hər daşına bilik və gələcək gətirsin.
Elmir Heydərli
13:15 28.11.2025
Oxunuş sayı: 1842