Goranboyda çökən bina sökülür – Yeni kompleks tikiləcək
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binası tamamilə boşaldılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov məlumat verib.
O bildirib ki, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli qəzalı vəziyyətdə olan beşmərtəbəli bina sakinlərinin hər biri kirayə mənzillərə köçürülüb:
"Köçürülən sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq. Qəzalı binada aparılan işlər yekunlaşdıqdan sonra təhlükəli vəziyyətdə olduğu müəyyən edilən, Cəfər Cabbarlı küçəsi, 6 ünvanında yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasının sakinlərinin də köçürülməsi işlərinə başlanacaq. Hazırda bu ikimərtəbəli bina bloku çökən beşmərtəbəli yaşayış binasının vəziyyətində deyil. Ona görə də proses mərhələli şəkildə icra edilir.
Söküləcək binanın yerində bir kompleksin daxilində 76 mənzilli bina inşa ediləcək, sakinlər həmin binada mənzillə təmin olunacaqlar".
Xatırladaq ki, ötən gün Goranboy rayon icra başçısı Məhərrəm Quliyev məlumat vermişdi ki, Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək. (oxu.az)
14:40 27.11.2025
Oxunuş sayı: 1569