Tramp özünü səkkiz müharibənin qarşısını alan lider kimi təqdim edir, amma... - Reallıq üzə çıxır?
ABŞ administrasiyasının Ukrayna ilə bağlı hazırladığı yeni sülh planı beynəlxalq gündəmdə əsas mövzulardan birinə çevrilib. Mətbuatda yayılan məlumatlara əsasən, Vaşinqtonun təklif etdiyi son layihə əvvəlki 28 bəndlik variantdan ixtisar edilərək 19 bəndə endirilib. “Financial Times”ın yüksək səviyyəli rəsmilərə istinadən yaydığı xəbərdə bildirilir ki, sənəddən çıxarılan müddəaların detallarına açıqlıq gətirilməsə də, mövcud versiyanın Rusiya üçün əvvəlkindən daha az əlverişli olduğu qeyd olunur. Planın ən həssas siyasi məqamlarının hazırda prezidentlər səviyyəsində müzakirə edilməsi isə prosesin mürəkkəbliyini və geosiyasi həssaslığını bir daha göstərir.
Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, sənədin hazırkı formatı ilk növbədə gərgin danışıqların və diplomatik qarşıdurmanın real təsviridir: “Bu, hələlik hazır plan deyil, ümumi layihələrin konturlarından ibarətdir. Avropanın öz mövqeyi var, ABŞ-nin öz baxışı var, Rusiyanın isə tamamilə fərqli tələbləri mövcuddur. Bu səbəbdən prosesdə ciddi geosiyasi toqquşmalar gedir. Əslində soyuq müharibənin yeni təzahürlərini görürük. Avropa çalışır ki, müharibə dayanmasın və Ukrayna sonadək vuruşsun. ABŞ isə əksinə, müharibənin dayandırılmasında maraqlıdır”.

Politoloq vurğulayıb ki, bu prosesin arxasında ABŞ-də daxili siyasi maraqlar da dayanır: “Bu sülh planı ilk növbədə Donald Tramp üçün lazımdır. Tramp özünü səkkiz müharibənin qarşısını alan lider kimi təqdim edir, amma burada böyük şişirtmələr var. Əgər Ukrayna–Rusiya müharibəsində sülh əldə olunsa, bu, Trampın siyasi üstünlüyü kimi təqdim ediləcək. O, qarşıdan gələn Konqres seçkilərində respublikaçıların mövqeyini qorumaq üçün buna ciddi şəkildə çalışır. Trampın həm daxili, həm xarici siyasəti böyük tənqidlərə məruz qalır və bu səbəbdən o, sülh təşəbbüsünü öz reytinqini artırmaq üçün siyasi alətə çevirmək niyyətindədir. Tramp tarif müharibələrinin müəllifidir və bu siyasət nəticəsində inflyasiya artır, daxildə narazılıqlar çoxalır. Bu problemlərin üstünü örtmək üçün o, sülh təşəbbüsündən PR elementi kimi istifadə etməyə çalışır. Tramp dünya miqyasında təsir gücünü göstərmək, seçicilərinə və rəqiblərinə ‘mən hələ də oyun qurmağı bacarıram’ mesajı vermək istəyir”.
Politoloq sonda qeyd edib ki, Ağ Ev rəhbəri bu prosesdə təkcə özünü deyil, komandasını da səfərbər edib: “Artıq rəqiblərinə mesaj göndərir: "Mənimlə bacara bilməzsiniz, çünki mən hədəflərimə nail oluram". Bu kontekstdə ABŞ-nin Ukrayna üzrə yeni sülh planı həm geosiyasi, həm də daxili siyasi məqsədlərə xidmət edən mühüm alətə çevrilir”.
Mehriban Yariyeva
12:28 27.11.2025
Oxunuş sayı: 1167