ABŞ belə "HƏMAS"- ı tam ləğv etmək gücündə deyil- RƏY
Yaxın Şərqdə siyasi proseslərin sürətlə dəyişdiyi, regional güc balansının yenidən formalaşdığı bir zamanda Fələstin daxilində baş verən ideoloji və təşkilati transformasiya cəhdləri xüsusi diqqət doğurur. Son günlər HƏMAS hərəkatında müzakirəyə çıxarılan yeni təşəbbüs – təşkilatın siyasi partiya modelinə keçidi nəzərdə tutan təklif – həm Fələstin daxili siyasi konfiqurasiyasına, həm də bölgədəki ümumi siyasi dinamikaya təsir edə biləcək mühüm hadisə kimi qiymətləndirilir.
"Asharq al-Awsat" nəşrinin yaydığı məlumatlar göstərir ki, HƏMAS-ın bir sıra nüfuzlu liderləri hərəkatın gələcək fəaliyyətini daha sistemli siyasi qurum çərçivəsində təşkil etmək, ictimai-siyasi proseslərdə institusional şəkildə iştirak etmək və mövcud siyasi qüvvələrə bənzər struktura çevrilmək ideyasını gündəmə gətiriblər. Təşəbbüsün HƏMAS-ın siyasi bürosu, şura məclisi və ali rəhbərliyi də daxil olmaqla təşkilatın bütün qərarverici strukturlarına təqdim olunması isə məsələ ətrafında geniş müzakirələrin aparıldığını göstərir.
Bu təklif yalnız təşkilati yenilənmə cəhdi deyil, həm də ümumfələstin barışığının təmin olunmasına, Fələstin Azadlıq Təşkilatına inteqrasiya və orada islahatlarda iştirak kimi strateji hədəfləri özündə ehtiva edir. Bu baxımdan, təşəbbüs həm Qəzza müharibəsindən sonra yaranmış yeni reallıqlara adaptasiya səylərinin, həm də hərəkatın uzunmüddətli siyasi kursunun yenidən müəyyənləşdirilməsi istiqamətində atılan addımların tərkib hissəsi kimi nəzərdən keçirilir.
Məsələ ilə bağlı politoloq, professor Əlimusa İbrahimov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ərəb mediasında "HƏMAS”-ın siyasi partiyaya çevrilməyi nəzərdən keçirdiyi barədə məlumatlar yayılmaqdadır. Bu, əslində çoxdan gözlənilən bir xəbərdir və ABŞ prezidenti Donald Trampın məlum sülh planından sonra belə bir transformasiyanın gec-tez baş verəcəyi ehtimal olunurdu. “HƏMAS”-ın hər hansı təzyiq nəticəsində birdən-birə siyasi səhnədən tam çəkilməyəcəyi əvvəlcədən məlum idi. Məhz buna görə İsrail uzun müddət bu qrupla hər hansı bir danışığa getmək istəmirdi. Lakin beynəlxalq ictimaiyyətin və ABŞ prezidentinin təzyiqi nəticəsində tərəflər 20 maddəlik planı qəbul etməyə razılaşdılar. Bununla belə, İsrail gələcəkdə “HƏMAS”-ın hansısa formada siyasi səhnədə qalmasının tam əleyhinə idi və bu mövqeyi bu gün də davam edir. İsrail ABŞ-dən “HƏMAS”-ın tamamilə buraxılmasına dair zəmanət aldığını bildirir".

Politoloq həmçinin ABŞ-nin səylərinin belə “HƏMAS”-ı tam şəkildə ləğv etmək gücündə olmadığın qeyd edib: "Böyük ehtimalla silahları təhvil verilmiş “HƏMAS” üzvlərinin zamanla siyasi aktora çevrilməsi qaçınılmaz görünür. Bu gün “HƏMAS”-ın siyasi partiya yaratmaq təşəbbüsü qarşısı alınsa belə, sabah onlar başqa ad altında eyni ideoloji xəttə xidmət edən siyasi qrup yarada bilərlər. Bu səbəbdən, hazırda bu qrupla bağlı siyasi səhnədən uzaqlaşdırma cəhdlərinin gələcəkdə real nəticə verməyəcəyi qənaətindəyəm".
Elmir Heydərli
12:12 26.11.2025
Oxunuş sayı: 986