"Aysberqin görünməyən tərəfləri" üzə çıxır: ABŞ-nin Venesuela siyasətinin məqsədləri açıqlandı
Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, xüsusilə də ABŞ–Venesuela xəttində yaşanan son gərginliklər dünya ictimaiyyətinin diqqətində qalmağa davam edir. Son məlumatlara əsasən, Amerika Birləşmiş Ştatları yaxın günlərdə Venesuelaya qarşı əməliyyatların yeni mərhələsinə başlamağa hazırlaşır. ABŞ rəsmilərinin açıqlamalarından aydın olur ki, bu fəaliyyətlər əsasən məxfi xarakter daşıyır və ehtimal ki, Venesuela prezidenti Nikolas Maduroya qarşı planlaşdırılan daha genişmiqyaslı tədbirlərin ilkin mərhələsini təşkil edəcək.
Açıqlamalarda vurğulanan əsas motivlərdən biri ABŞ-nin regionda narkotik axınını cilovlamaq, transsərhəd cinayətkarlığa qarşı daha sərt mübarizə aparmaq və öz milli təhlükəsizlik maraqlarını qorumaq niyyətidir. Bununla belə, prosesin geosiyasi ölçüsü, həmçinin Pentaqon, Ağ Ev və MKİ-nin məsələ ilə bağlı mövqe bildirməkdən çəkinməsi, qarşıdakı mərhələdə daha mürəkkəb və çoxqatlı bir dinamikanın formalaşacağını ehtimal etdirir.
Hazırkı vəziyyət regiondakı siyasi balansın yenidən qurula biləcəyini, həm ABŞ-nin, həm də Venesuelanın gələcək addımlarının beynəlxalq arenada geniş müzakirələrə səbəb olacağını göstərir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"ABŞ-nin Venesuelada yenidən hərbi əməliyyatlara başlaması, əslində, gözlənilən idi. Lakin hazırkı mərhələdə ABŞ tammiqyaslı hərbi müdaxiləyə başlamaq niyyətində deyil. “Mərkəzlik Kartelləri Əməliyyatı” adı altında görülən tədbirlər də daha çox lokal xarakterli, müxtəlif istiqamətli əməliyyatların icrasını nəzərdə tutur.
Burada əsas məqsəd Maduro hakimiyyətini təzyiq altında saxlamaqdır. ABŞ-nin bu siyasətdə iki əsas hədəfi mövcuddur. Birinci məqsəd – Maduronu hakimiyyətdən devirməkdir. Əgər bu mümkün olmazsa, ikinci məqsəd – siyasi və iqtisadi təzyiqləri davam etdirərək Venesuela neft mədənləri üzərində ABŞ-nin təsir imkanlarını genişləndirməkdir.
Hazırda ABŞ dünyanın ən böyük neft istehlakçısı olsa da, Venesuela ilə əməkdaşlıq imkanlarından tam şəkildə istifadə edə bilmir. Tramp administrasiyasının əsas niyyətlərindən biri də Maduronu bu sahədə güzəştlərə məcbur etməkdir. Yəni məqsəd, Maduronu, ABŞ-nin bu proseslərdə iştirakına razı salmaqdır. Razılıq əldə ediləcəyi halda, Maduronun hakimiyyətdə qalma müddətinin uzadılması ehtimalı da müzakirə oluna bilər. Trampın son açıqlamasında həm danışıqlara hazır olduğunu, həm də Maduronun hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyini bildirməsi bunun göstəricisidir".
O söyləyib ki, narkotik kartellərinə qarşı mübarizə rəsmi səbəb kimi təqdim olunsa da, prosesin mahiyyəti daha çox Maduronun devrilməsi və ya Venesuela rəhbərliyinin ABŞ-nin siyasi iradəsinə tabe etdirilməsi ilə bağlıdır: "Buna görə də yaxın dövrdə qısa, lokal xarakterli əməliyyatların davam edəcəyi ehtimal olunur. ABŞ-ın tammiqyaslı müharibəyə başlaması isə Trampın seçkiqabağı verdiyi vədlərlə ziddiyyət təşkil etdiyini qeyd edib. O bəyan etmişdi ki, yeni müharibələrə girməyəcək, əksinə, mövcud münaqişələri dayandırmağa çalışacaq. Buna görə də Venesuela istiqamətində aparılan proseslər genişmiqyaslı müharibə səviyyəsinə yüksəldilmir və bu, daxili və beynəlxalq tənqidlərin qarşısını almaq məqsədi daşıyır.
Nəticə etibarilə, ABŞ Venesuelada məhdud, məqsədyönlü əməliyyatlar həyata keçirməyə davam edəcək və vəziyyət tammiqyaslı hərbi müdaxiləyə çevrilməyəcək".
Elmir Heydərli
16:38 24.11.2025
Oxunuş sayı: 2292