Səfirliyimizin vurulmasına Rusiya niyə gec münasibət bildirdi? - Hazırkı məlumat axını belə bir təsəvvür yaradır ki...
Son günlər regionda baş verən hadisələr Cənubi Qafqazda təhlükəsizlik mühitinin nə dərəcədə həssas və dəyişkən olduğunu yenidən gündəmə gətirib. Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın səfirliyinə məxsus binanın raket hücumu nəticəsində zədələnməsi, təkcə diplomatik missiyaya qarşı təhdid kimi deyil, həm də müharibənin sərhədləri aşan təsirlərinin bariz nümunəsi kimi qiymətləndirilir. Hadisə ilə bağlı Azərbaycanın etiraz notasının Rusiyanın Bakıdakı səfirinə təqdim olunması, eyni zamanda Moskvanın baş verənlərlə bağlı təəssüf ifadə etməsi, tərəflər arasında aparılan intensiv diplomatik dialoqun mahiyyətini üzə çıxarır.
Baş verənlər fonunda Rusiya və Azərbaycan rəsmiləri arasında keçirilən görüşdə məsələnin hüquqi-siyasi aspektləri müzakirə olunub, zərərin qiymətləndirilməsi ilə bağlı Azərbaycanın müraciətinin diqqətlə araşdırıldığı vurğulanıb. Bununla yanaşı, tərəflər ikitərəfli əməkdaşlığın davam etdirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı iradəni bir daha təsdiqləyiblər.
Regionda sülhün və sabitliyin təmin olunması baxımından Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində Rusiya tərəfinin mümkün rolunun müzakirəyə çıxarılması, eləcə də “3+3” Regional Əməkdaşlıq Platformasının işinin davam etdirilməsi məsələləri mövcud geosiyasi reallıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Rusiyanın aidiyyətli strukturlarının gec reaksiya verməsinin səbəbi məhz baş vermiş bu hadisə ilə bağlı ilkin araşdırmaların aparılması zərurəti ilə əlaqələndirilə bilər. Görünür, insidentin mahiyyətinin tam şəkildə müəyyənləşdirilməsi üçün ən azı bir neçə gün vaxt tələb olunub. Yüksək ehtimalla ixtisaslaşmış qurumlar müəyyən kommunikasiya kanalları və mövcud əlaqələr vasitəsilə dəymiş zərərin hansı səbəbdən yarandığını araşdırıb və yalnız yekun nəticə formalaşdıqdan sonra rəsmi mövqe açıqlanıb.
Bundan sonra Xarici İşlər Nazirliyi səviyyəsində reaksiya bildirilməsi də göstərir ki, gecikmə hər hansı ləngimə deyil, daha çox araşdırmanın tamamlanması ilə əlaqəli bir proses olub. Yəni müəyyən zaman keçdikdən sonra mövqenin səsləndirilməsi məhz bu səbəbdən izah oluna bilər.
Digər tərəfdən, hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəzi mənbələrdə zərərin “İskəndər” raketi ilə bağlı olduğu qeyd edilir, digər məlumatlarda isə bunun “Patriot” zenit-raket kompleksinə aid raketlər ola biləcəyi bildirilir. Lakin raketin növündən asılı olmayaraq fakt odur ki, Azərbaycana zərər dəyib və bu da ölkəmizin haqlı narazılığına səbəb olub. Nəticə etibarilə, diplomatik kanallar vasitəsilə müvafiq nota təqdim edildiyi də məlumdur".
Deputat, həmçinin bu məsələnin aidiyyəti strukturlar tərəfindən tam nəzarətdə saxlanıldığını qeyd edib:
"Mövcud təmaslar göstərir ki, müəyyən işlər görülür və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə mexanizmlərin formalaşdırılması da mümkündür. Ən azından hazırkı məlumat axını belə bir təsəvvür yaradır ki, məsələ son dərəcə həssas xarakter daşıyır.
Hadisə həm ikitərəfli münasibətlər baxımından xüsusi diqqət tələb edir, həm də Rusiyanın Xarici İşlər Nazirliyinin açıqlamasında strateji tərəfdaşlıq münasibətlərinə edilən vurğu bunu təsdiqləyir. İki ölkə arasında strateji xarakterli münasibətlərin mövcudluğu və 2022-ci ilin 22 fevralından qüvvədə olan mühüm sənəd nəzərə alındıqda, bu kimi insidentlərin qarşılıqlı təmaslar yolu ilə aradan qaldırılması və gələcəkdə qarşısının alınması üçün imkanların mövcud olduğu görünür. Aidiyyəti strukturlar da məhz bu imkanlardan yararlanaraq Azərbaycanın Rusiya və Ukraynadakı səfirliklərini mümkün risklərdən qorumaq istiqamətində müvafiq tədbirlər həyata keçirmək iqtidarındadır".
Elmir Heydərli
17:40 22.11.2025
Oxunuş sayı: 5598