Yaxın Şərqdə "reaksiyalar: "Katalizator" İsraildir?
Yaxın Şərqdə davam edən mürəkkəb siyasi dinamikalar fonunda İsrail və Suriya arasında mümkün təhlükəsizlik razılaşması ilə bağlı aparılan danışıqlar yenidən çıxılmaz vəziyyətə düşüb. Regionda balansın hər an dəyişə biləcəyi bir şəraitdə bu tip dialoqların nəticəsi təkcə iki ölkə üçün deyil, həm də bütövlükdə regional sabitlik üçün həyati əhəmiyyət daşıyır. Lakin son məlumatlar göstərir ki, tərəflər arasında fundamental yanaşma fərqləri hələ də aradan qalxmayıb.
Xarici mediada yer alan məlumatlara görə, Suriya tərəfinin Əsəd rejiminin süqutundan sonra İsrailin nəzarətinə keçən ərazilərdən qoşunların çıxarılması tələbi rəsmi Təl-Əviv tərəfindən qəbul edilməyib. İsrail isə geri çəkilməyə yalnız Dəməşqlə hərtərəfli və hüquqi cəhətdən bağlayıcı sülh müqaviləsi imzalanacağı halda razı ola biləcəyini bəyan edib. Bu isə danışıqların gələcəyini sual altına qoyur və iki ölkə arasındakı uzunmüddətli etimadsızlığın hələ də davam etdiyini açıq şəkildə ortaya qoyur.
Proseslərlə bağlı politoloq Elşad Mirbəşiroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:

" Bəşər Əsəd rejiminin devrilməsinə baxmayaraq, Suriyada vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. Bu xüsusilə İsrail–Suriya münasibətlərindəki gərginlikdə və Suriya ərazisində fəaliyyət göstərən müxtəlif silahlı qruplaşmaların mövcudluğunda özünü göstərir. Həmin qruplaşmalar terror təşkilatları kimi qiymətləndirilir və zaman-zaman mövcud Suriya rejiminə qarşı silahlı çıxışlar edirlər.
İsrailə gəldikdə isə, Suriyanın cənub bölgələri yenidən İsrail tərəfindən artilleriya zərbələrinə məruz qalıb. Bu da onu göstərir ki, tərəflər arasında hələlik ortaq məxrəc tapmaq üçün real imkanlar mövcud deyil".
O, gələcəklə bağlı proqnozlarını da bölüşüb:
"Bundan sonrakı mərhələdə baş verə biləcək proseslərə gəldikdə, hesab edirəm ki, yaxın perspektivdə tərəflər arasında dialoqun mümkünlüyündən danışmaq çətindir. Nəzərə almaq lazımdır ki, bu gərginlik bu günün məsələsi deyil. 1974-cü ildən – İsrail və Suriya arasında müəyyən sərhəd xətlərinin müəyyənləşdirilməsindən sonra – İsrail sərhəd boyunca öz patrul-post məntəqələrini yaratmağa başlayıb. Bu gün də Suriyanın cənub bölgələrində İsrail həmin ərazilərdə patrul xidmətini və nəzarət məntəqələrinin fəaliyyətini davam etdirir. Son dövrlərdə diqqətçəkən yeni məqamlardan biri də rəsmi Moskva ilə aparılmış danışıqlar nəticəsində Rusiyanın Suriyanın cənub sərhədlərində nəzarət funksiyalarını həyata keçirməsi barədə əldə olunan razılıqdır. Bununla yanaşı, Rusiya tərəfinin Suriyaya bazar qiymətindən daha ucuz benzin və dizel yanacağı satacağı və ölkədə hərbi obyektlərin mühafizəsində iştirak edəcəyi barədə də anlaşmalar mövcuddur. Bu, Suriyada müxtəlif güc mərkəzlərinin öz maraqlarını təmin etmək istiqamətində fəallıq göstərdiyini növbəti dəfə təsdiqləyir".
Müsahibimiz söyləyib ki, İsrailin Suriya ərazisində apardığı hərbi əməliyyatlar regiondakı digər ölkələr tərəfindən də diqqətlə izlənilir və narahatlıq doğurur: "Belə ki, Rusiyanın həmin bölgələrdə patrul xidməti həyata keçirməsi barədə razılıq, eləcə də son artilleriya zərbələrindən sonra Türkiyə rəsmilərinin səsləndirdiyi bəyanatlar göstərir ki, Suriya məsələsi bölgə ölkələrinin diqqət mərkəzindədir. Türkiyənin mövqeyi ondan ibarətdir ki, Suriya ərazisində sabitlik təmin olunmalı və bütün silahlı qruplaşmalar ölkədən təmizlənməlidir. Bu yanaşma Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan tərəfindən TBMM-dəki çıxışında da xüsusi vurğulanmışdır".
Politoloq, həmçinin Türkiyənin Suriya ərazisindəki silahlı qruplaşmaların neytrallaşdırılması istiqamətində qətiyyətli iradəsinin mövcud olduğunu bildirib:
"Digər tərəfdən isə Suriyanın yeni hakimiyyəti Türkiyə, Rusiya və ABŞ-la müəyyən dialoq imkanlarının formalaşdırılmasında maraqlı görünür. Təbii ki, bütün bu addımlar ölkə daxilində sabitlik mühitinin bərpasına yönəlib. Lakin Suriyanın cənub sərhədlərində qeyri-sabit vəziyyət hələ də davam edir. Bu qeyri-sabitliyin aradan qaldırılması istiqamətində atılacaq addımların mahiyyəti isə hələlik sual altındadır və müxtəlif regional güclərin mövqelərindən asılı olaraq formalaşacaq".
Elmir Heydərli
20:32 19.11.2025
Oxunuş sayı: 1330