Ərdoğanı başa düşmək lazımdır - Açıqlama
Bugünkü geopolitik şəraitdə təhlükəsizlik anlayışı sərhədlərdən kənara çıxaraq regional həmrəyliyi tələb edir. Məhz bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TBMM-də səsləndirdiyi “Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir” fikri strateji müttəfiqliyin mahiyyətini açıq şəkildə ortaya qoyur. Ərdoğan həmçinin qeyd edib ki, Suriyadan Fələstinə, Sudandan Ukraynaya qədər bir çox ölkənin sabitliyi Türkiyənin öz təhlükəsizliyi ilə üzvi şəkildə bağlıdır. Bu mövqe Ankaranın regional sülh və əməkdaşlıq xəttini gücləndirmək niyyətinin sübutu kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib: “Türkiyə–Azərbaycan münasibətləri siyasi gündəmin fövqündə olan münasibətlərdir. Bu iki dövlət arasında olan əlaqələr illərin sınağından, eyni zamanda siyasi sınaqlardan keçib. Bu iki dövlət və iki toplum arasında olan əlaqələr etnik, siyasi, iqtisadi, hərbi baxımdan o qədər çoxşaxəli inkişaf edib ki, bir-birinə sözün əsl mənasında pərçimlənib. Təəssüf ki, zaman-zaman istər Türkiyədə, istərsə də Azərbaycanda bu əlaqələri qısqanclıqla qarşılayan, Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirmək istəyən, hər fürsətdə bu iki qardaş dövləti bir-birinə qarşı qoymağa çalışan “metastaz beyinlərin” məhsulu olan ideyaları görürük. Amma bütün bunlar boşadır. Çünki bu münasibətlər sarsılmazdır. Konkret olaraq cənab Ərdoğanın fikrinə gəlincə, təbii ki, sözün əsl mənasında bu gün Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi deməkdir və eyni zamanda Türkiyənin təhlükəsizliyi də Azərbaycanın təhlükəsizliyidir”.
Ekspert bildirib ki, Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Azərbaycanla Türkiyənin münasibətlərinin hər şeyin fövqündə olması Azərbaycanın da qeyri-rəsmi şəkildə NATO ölkəsinə və NATO standartlarına inteqrasiya olunmasını göstərir: “Söhbət NATO üzvü olmaqdan getmir—bu gün Azərbaycan üçün buna heç ehtiyac yoxdur. Çünki siyasəti elə dəqiq qura bilmişik ki, buda ölkə rəhbərliyinin ən böyük uğurlarından biridir. Məsələ NATO-ya üzv olmaq deyil, NATO dövlətinin qardaşı olmaq, Türkiyə ilə belə münasibətlərə sahib olmaqdır ki, bu özü NATO-nun bir hissəsi kimi olmaq deməkdir. Məsələyə bir az da bu yöndən yanaşmaq lazımdır. Bilirsiniz, ölkə başçısı da ordumuzla bağlı açıqlamalarında NATO standartlarına dair fikirlər səsləndirmişdi—NATO standartları, Türk ordusu standartları və s. Bütün bunlar düşünən beyinlər üçün siqnallardır və çox yerində atılan, çox önəmli addımlardır. Bu baxımdan Ərdoğanı başa düşmək lazımdır, çünki bu fikir çox normal və yerində deyilmiş bir fikirdir. Suriya, Fələstin, Sudan, Ukrayna—bilirsiniz, bu gün aktual olan mövzulardır, bu münasibətlər daim davam edəcək. Amma bundan əlavə, Türkiyənin yalnız bir neçə dövlətlə münasibəti var və ya yalnız onlarla kifayətlənəcək kimi düşünmək də yanlışdır”.
Zeynəb Xuduyeva
15:55 19.11.2025
Oxunuş sayı: 2670