Tramp və Salman görüşü Yaxın Şərqdə güc balansını dəyişə bilər
Vaşinqtonda Trampla Məhəmməd bin Salmanın səkkiz ildən sonra baş tutan görüşü təkcə iki liderin bir araya gəlməsi deyildi — Yaxın Şərqdə və qlobal siyasətdə yeni mərhələnin konturlarını göstərən ciddi bir siqnal idi. Bu görüş həm ABŞ-Səudiyyə münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirdi, həm də regionda güc balansının necə dəyişəcəyinə dair mühüm mesajlar verdi. Vaşinqtonun təhlükəsizlik, nüvə enerjisi, investisiya və İsrail–Səudiyyə normallaşması kimi strateji başlıqlara eyni anda toxunması onu göstərir ki, tərəflər artıq klassik əməkdaşlıq modelindən çıxaraq daha geniş və çoxşaxəli bir tərəfdaşlığa keçirlər. Görüşdə səslənən mövzular və verilən siqnallar həm regionun gələcəyinə, həm də qlobal güc mərkəzlərinin dinamikasına birbaşa təsir edəcək qədər əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib:

"ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səkkiz ildən sonra baş tutan Vaşinqton görüşü ABŞ-Səudiyyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Görüşün əsas mövzularını təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, F-35 qırıcı təyyarələrinin satışı, mülki nüvə enerjisi sahəsində əməkdaşlıq və iki ölkə arasında iri həcmli investisiya layihələri təşkil edib. İlk növbədə, Tramp administrasiyasının Səudiyyəyə F-35 qırıcılarının satılmasına razılıq verməsinə paralel 142 milyard dollarlıq silah satışı ilə bağlı razılaşmanın əldə edilməsi Səudiyyənin hava-hərbi gücünü ciddi şəkildə artırır və regionda hərbi balansı dəyişə bilər. Bununla belə, ABŞ-nin İsrailin “keyfiyyətli hərbi üstünlüyü”nü qorumaq öhdəliyi mövcud olduğundan bu satış prosesi həm hüquqi, həm də siyasi baxımdan çətinliklərlə müşayiət olunur. Səudiyyənin F-35 əldə etməsi İran başda olmaqla regiondakı digər güclərin reaksiya verməsinə də səbəb ola bilər".
Ekspert qeyd edib ki, görüşün diqqət çəkən digər məqamı ABŞ və Səudiyyə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi olub: "Bu əməkdaşlıq Səudiyyənin iqtisadiyyatını neftdən kənarlaşmağa yönəltmək planlarının tərkib hissəsidir. Lakin nüvə texnologiyasının verilməsi regionda narahatlıqlar yaradır — belə ki, regional güclər bunu potensial nüvə yarışı kimi qəbul edə bilərlər. Eyni zamanda, ABŞ Konqresinin bu razılaşmanı təsdiqləməsi zəruridir və sərt nəzarət mexanizmləri tələb olunur. Prosesə İsrailin də reaksiyası gözləniləndir. İqtisadi tərəfdə Səudiyyənin ABŞ-ə investisiya öhdəliklərini artıraraq təxminən 1 trilyon dollara çatdırmaq niyyəti diqqət çəkir. Bu, ABŞ-Səudiyyə münasibətlərinin yalnız enerji sektorunda deyil, həm də texnologiya, süni intellekt, infrastruktur və müdafiə sənayesi kimi sahələrdə dərin inteqrasiyaya keçdiyini göstərir. Belə investisiya axını Vaşinqtonun Körfəzdə mövqeyini gücləndirir, Səudiyyənin isə qlobal iqtisadi sistemdə çəkisini artırır".
V.Zifəroğlu son olaraq qeyd edib ki, görüşün siyasi tərəflərindən biri də Trampın Səudiyyənin “İbrahim sazişinə” qoşulması məsələsini gündəmə gətirməsidir: "Bu, İsrail ilə diplomatik münasibətlərin normallaşması deməkdir. Lakin Səudiyyə bu addımı atmaq üçün Fələstin məsələsində müəyyən şərtlər tələb edir və bu proses regionda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxara bilər. Riyanın İsrail ilə normallaşma ehtimalı ABŞ üçün strateji qələbə sayılsa da, bölgədə ictimai və siyasi reaksiyalar yarada bilər. Əslində Vaşinqtonda keçirilən bu görüş Yaxın Şərq diplomatiyasında ən diqqətçəkən məsələlərdən biri olan İsrail–Səudiyyə normallaşması perspektivinə birbaşa təsir göstərir. Görüş zamanı əldə olunan razılaşmalar və verilən siyasi mesajlar göstərir ki, Tramp administrasiyası Riyadı “İbrahim sazişi”nə qoşmaq üçün geniş miqyaslı təhlükəsizlik və iqtisadi paket hazırlayıb. Bu paket, əslində, Səudiyyə ilə İsrail arasında diplomatik münasibətlərin rəsmiləşdirilməsinə nail olmaq üçün nəzərdə tutulmuş geosiyasi alətlər toplusudur. ABŞ-nin Səudiyyəyə təhlükəsizlik zəmanətləri verməsi, mülki nüvə proqramında dəstək göstərməsi və milyardlarla dollar dəyərində investisiya layihələrinin razılaşdırılması — hamısı İsrail–Səudiyyə normallaşması üçün mühüm diplomatik şərtlərdir. Riyad Vaşinqtondan daha güclü təhlükəsizlik təminatı və nüvə enerjisi texnologiyasına çıxış əldə etmədən İsraillə rəsmi münasibətlərin qurulmasına razılaşmağa tələsmir. Bu baxımdan Tramp–MBS görüşü Səudiyyənin bu tələblərinə cavab verən bir çərçivə yaradıb və normallaşmanı daha real gündəmə çevirib. Nüvə əməkdaşlığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Səudiyyə uranın zənginləşdirilməsi hüququnu və müstəqil nüvə dövriyyəsini təklif paketinə daxil etmək istəyir. Bu isə İsrailin ən həssas təhlükəsizlik qırmızı xəttidir. Bu səbəbdən ABŞ prosesi yalnız “sıfır zənginləşdirmə” çərçivəsində aparmağa çalışır. Beləliklə, Vaşinqton eyni anda həm Səudiyyənin modernləşmə tələblərini qarşılayır, həm də İsrailin regiondakı nüvə balansı ilə bağlı narahatlıqlarını azaltmağa çalışır. Ümumiyyətlə, görüş göstərdi ki, ABŞ və Səudiyyə Ərəbistanı münasibətləri əvvəlki “neft – təhlükəsizlik” modelindən çıxaraq daha geniş spektrli — texnoloji, iqtisadi və strateji əməkdaşlığa əsaslanan yeni mərhələyə daxil olur. Bu yaxınlaşma regionda güc balansını dəyişir, digər regional aktorların davranışını yenidən formalaşdırır və Yaxın Şərqin gələcək siyasi arxitekturasına birbaşa təsir edir".
Nigar Yahyazadə
15:51 19.11.2025
Oxunuş sayı: 1415