ABŞ-nin Qəzza ilə bağlı uzunmüddətli planı: Sektor “yaşıl” və “qırmızı” zonalara bölünə bilər
ABŞ Qəzza sektorunu uzunmüddətli perspektivdə iki hissəyə — İsrail və beynəlxalq hərbi nəzarətdə olacaq “yaşıl zona”ya və dağıntılar altında qalacaq “qırmızı zona”ya ayırmağı planlaşdırır.
Crossmedia.az bu barədə The Guardiana istinadən xəbər verir.
Sənədlərə görə, xarici hərbi kontingentlər ilkin mərhələdə İsrail ordusu ilə birlikdə Qəzzanın şərqinə yerləşdiriləcək. Nəticədə dağıdılmış ərazi hazırda İsrailin nəzarətində olan “sarı xətt” boyunca bölünəcək.
Beynəlxalq Stabilizasiya Qüvvələrinin (MSF) yaradılması Trampın sülh planının əsas hissəsidir. ABŞ BMT Təhlükəsizlik Şurasının bu qüvvələrə rəsmi mandat verən qətnaməsinin gələn həftənin əvvəlində qəbul olunacağına ümid edir və bunun ardınca qoşunların yerləşdirilməsi ilə bağlı öhdəliklərin dəqiqləşdiriləcəyini gözləyir.
ABŞ Mərkəzi Komandanlığının sənədlərinə əsasən, Avropa qüvvələrinin bölgəyə göndərilməsi planına Britaniya və Fransa əsgərlərinin cəlb edilməsi daxildir. Təklif olunan qüvvələrə 1,5 min britaniyalı piyada və təhlükəsizlik, habelə yolun minalardan təmizlənməsi üçün 1 minə yaxın fransız hərbçisi daxildir.
ABŞ həmçinin Almaniya, Niderland və Şimali Avropa ölkələrindən sahə hospitalı, logistika və kəşfiyyat təminatı üçün qüvvələrin cəlb olunmasını istəyib.
Plana əsasən, İsrail ordusu “çıxış şərtlərini” yalnız beynəlxalq təhlükəsizlik təmin edildikdən sonra, daha gec mərhələdə nəzərdən keçirəcək. Heç bir zaman çərçivəsi göstərilmir. Eyni zamanda, Tramp ABŞ əsgərlərinin bölgədə yerləşdirilməsini və ya Qəzzanın bərpasının maliyyələşdirilməsini istisna edib.
ABŞ rəsmilərindən biri nəşrə bildirib: “Vaşinqton açıq şəkildə göstərib ki, vizyonu müəyyən etmək istəyir, amma onun xərcini çəkmək yox”.
Nəşr qeyd edir ki, ABŞ-nin hərbi planları Trampın vəd etdiyi kimi, Qəzzada atəşkəsin dayanıqlı siyasi həllə və Fələstin idarəçiliyinə çevrilməsi məsələsində Vaşinqtonun nə dərəcədə sadiq olduğuna dair ciddi suallar yaradır.
“Beynəlxalq sülhməramlıların yerləşdirilməsi, İsrail qoşunlarının çıxarılması və genişmiqyaslı bərpa proqramı olmadan Qəzza iki illik dağıdıcı müharibədən sonra yenidən qeyri-müəyyənlik içində qala bilər” — deyə məqalədə vurğulanır.
Türkanə Məşədiyeva
14:15 15.11.2025
Oxunuş sayı: 1389