Komitə sədri: İran göstərir ki, ABŞ qarşısında geri addım atmayacaq
İran və ABŞ arasında diplomatik münasibətlər bir daha gərginləşib. Vaşinqtonun göndərdiyi diplomatik siqnallara cavab olaraq Tehranın “güzəştə getməyəcəyik” bəyanatı, iki ölkə arasında davam edən siyasi və ideoloji qarşıdurmanın yeni mərhələsini işarə edir. Bu mövqe təkcə nüvə danışıqlarına deyil, həm də Yaxın Şərqdəki ümumi güc balansına təsir göstərə bilər. Məsələ burasındadır ki, İranın sərt ritorikası regional sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq diplomatik mühit üçün bir sıra risklər yaradır.
Məhz bu kontekstdə suallar yaranır ki, İranın qəti mövqeyi ABŞ ilə nüvə danışıqlarını hansı istiqamətə yönəldə bilər? Tehran–Vaşinqton münasibətlərində artan gərginlik regionun təhlükəsizlik arxitekturasına necə təsir edəcək?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev İran-ABŞ münasibətləri ilə bağlı Crossmedia.az-a açıqlama verib:
"İran daim belə bəyanatlarla çıxış edir ki, güzəştə getməyəcək. Bu, daim olub, lakin sonda İranın məğlubiyyəti ilə nəticələnib. Hətta İran-İsrail müharibəsində də uranın zənginləşdirilməsi ilə məşğul olan bir bazanın partladılması da ABŞ tərəfindən həyata keçirilmişdir. İran yenidən danışıqlara getmir. Bu, tərəflər arasında etimadsızlığın dərinləşməsinə gətirir. Tehran ABŞ-yə göstərmək istəyir ki, təzyiq və sanksiyalarla onu danışıqlar masasına oturtmaq mümkün deyil. O, yalnız bərabər şərtlər əsasında danışıqlara gedə bilər. İran ABŞ-nin münasibətlərində gərginliyin artması həm də regional təhlükəsizliklə bağlıdır. Bu da Yaxın Şərqdə sabitliyə ciddi risklər artır. Xüsusilə Fars körfəzində, Liviyada, İraqda toqquşmaların yenidən alovlanma ehtimalını artırır".
Deputat qeyd edib ki, bu enerji marşurutlarına, neft qiymətlərinə də təsir göstərə bilir: "İsrail və körfəz ölkələrinin təhlükəsizli ilə bağlı narahatlıqları daha da dərinləşdirir. Bölgədə silahlanma yarışını gücləndirə bilər. Məlumdur ki, İran bu bəyanatları verməklə eyni zamanda daxildə öz vətəndaşlarına da göstərir ki, İran dirənc göstərir. Bəyanat İranın müqavimət diplomatiyası kimi də adlandırıla bilər. Tehran göstərmək istəyir ki, iqtisadi təzyiqlərə baxmayaraq, müstəqillik göstərir, milli maraqlarını qurban vermir, islamı dəyərlərə arxalanır. İran daxili auditoriyaya bir mesaj verir ki, geri addım atmaq istəmir. Lakin bu sərt ritorika qərb ölkələri ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək. İranı əsasən Çin və Rusiya kimi alternativ müttəfiqlərlə yaxınlaşmağa sövq edə bilər. Yəni bütün bu proseslərdə görünür ki, formalaşan İran-Çin-Rusiya münasibətləri daha da qabarıq şəkildə özünü göstərir. Bu nə region üçün, nə də İran üçün müsbət nəticəyə gətirə bilər".
Ayhan
15:53 13.11.2025
Oxunuş sayı: 2191