Xarici təhsili tələbələrimiz üçün daha əlçatan etmək mümkündür - Mütəxəssis
Qloballaşan dünyada təhsilin sərhədləri getdikcə daha da genişlənir. Müasir dövrdə universitetlərin xarici ali təhsil ocaqları və beynəlxalq şirkətlərlə əməkdaşlığı, eləcə də ikili diplom proqramları gənclərin bilik və bacarıqlarını qlobal standartlara uyğun formalaşdırmaqda mühüm rol oynayır. Bu cür tərəfdaşlıqlar yalnız akademik təcrübəni zənginləşdirmir, eyni zamanda tələbələrə beynəlxalq tədris mühitində özlərini sınamaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və gələcək karyeraları üçün geniş perspektivlər qazanmaq imkanı yaradır. Nəticədə, bu model həm milli təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə, həm də gənclərin rəqabətədavamlı mütəxəssis kimi yetişməsinə şərait yaradır.
Mövzu ilə bağlı təhsil eksperti Vaqif Fətullayev Crossmedia.az-a açıqlama verib: "Bildiyimiz kimi, dünyada hər sahədə qloballaşma getdiyi kimi, ali təhsildə də beynəlmiləlləşmə özünü göstərir. Müasir əmək bazarında da rəqabət getdikcə beynəlxalq xarakter alır və bu şəraitdə universitetlərin xarici tərəfdaşlarla əməkdaşlıqları tələbələrin inkişafında, məzunların hazırlıq səviyyəsində mühüm rol oynayır. Beynəlxalq əməkdaşlıqlar vasitəsilə tələbələr müxtəlif ölkələrin təhsil modelləri, mədəni mühitləri və innovativ tədris metodları ilə tanış olur, həm nəzəri, həm də praktiki biliklərini artırırlar. Xüsusilə son illərdə geniş yayılmış ikili diplom proqramları (İDP) tələbələr üçün bir sıra mühüm üstünlüklər yaradır. Bu proqramlar iki universitet arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir və tələbəyə hər iki ali təhsil müəssisəsinin diplomunu qazanmaq imkanı verir.İkili diplom proqramları sayəsində tələbələr həm yerli, həm də xarici universitetin təlim-tədris mühitini təcrübə etmək imkanı qazanır, həmçinin bir çox hallarda ölkədən çıxmadan 2 diplom əldə edə bilirlər. Bu da təbii ki, əmək bazarında həmin məzunları digərlərindən fərqləndirir. Xaricə tələbə göndərmək isə daha bahalı prosesdir, nəinki xarici universitetin təcrübəsini və müəllimlərini ölkəyə gətirərək yerli tələbələrə təhsil vermək və onlara hər iki universitetin diplomunu təqdim etmək. Beləcə, xarici təhsili tələbələrimiz üçün daha əlçatan etmək mümkündür".
Ekspert həmçinin qeyd edib ki, hazırda ali təhsilin beynəlmiləlləşdirilməsi dövlətimizin əsas prioritetlərindən biridir: "Cənab Prezident İlham Əliyevin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş Dövlət Proqramı çərçivəsində bu istiqamətdə mühüm addımlar atılıb. Belə ki, bu proqramın məqsədi ali təhsilin keyfiyyətini yüksəltmək, beynəlxalq rəqabətliliyini artırmaq və xarici təcrübəni yerli təhsil sisteminə gətirməkdir. Bu məqsədlə nüfuzlu xarici universitetlərlə əməkdaşlıq çərçivəsində birgə ikili diplom proqramları yaradılıb, professor-müəllim heyətinin təlimi və tədris proqramlarının yenilənməsi həyata keçirilib. Hazırda ölkəmizdə 6 beynəlxalq ikili diplom proqramı fəaliyyət göstərir. Bu proqramlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ, Cənubi Koreya, Türkiyə, İsrail və Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələri ilə birgə həyata keçirdiyi ikili diplom layihələrini əhatə edir. Bu təşəbbüslər sayəsində Azərbaycan tələbələri beynəlxalq səviyyəli təhsil almaq və iki diplom əldə etmək imkanı qazanıblar. Bu proses hazırda da davam edir və gələcəkdə ikili diplom proqramları daha da artırılacaq".
Ekspert son olaraq qeyd edib ki, ikili diplom proqramları tələbələrə həm akademik, həm də peşəkar baxımdan çoxsaylı üstünlüklər qazandırır: "Belə proqramlar sayəsində məzunlar eyni zamanda iki diplom əldə edir, bu da onların beynəlxalq əmək bazarına çıxış imkanlarını genişləndirir. Beynəlxalq proqramların məzunları yerli və qlobal səviyyədə daha yüksək məşğulluq göstəricilərinə malik olur, iki universitet məzun şəbəkəsinə qoşularaq geniş akademik və peşəkar əlaqələr qururlar. Bu proqramlar həm də layihə əsaslı öyrənmə, staj və innovativ fəaliyyət imkanları yaradır. Bundan əlavə, tədrisin ingilis və ya tərəfdaş ölkənin dilində aparılması tələbələrin dil və tədqiqat bacarıqlarını əhəmiyyətli dərəcədə gücləndirir. Təsadüfi deyil ki, Dünya İqtisadi Formunun 2020-ci il məlumatına görə, xarici əməkdaşlıqlarda aktiv olan universitetlərin məzunlarının 80–85%-i öz ixtisasları üzrə daha asan şəkildə iş tapır. Bu da bir daha sübut edir ki, beynəlmiləlləşmə təkcə diplomun deyil, həm də real bacarıqların, şəbəkələşmənin və qlobal düşüncə tərzinin göstəricisidir. Xarici əməkdaşlıq çox geniş istiqamətdir, amma sırf tələbələr üçün ikili diplom proqramları ən faydalısıdır deyərdim, ona görə buna fokuslana bilərik. Hər tələbənin xaricə getmək imkanı olmur, amma bu da bir reallıqdır ki, xaricdə təhsilə önəm verilir. Məsələn iki universitetin proqram sayəsində xaricdən gələn professor- müəllim heyəti həmin universitetin, yerli müəllimlər isə bizim yerli universitetin proqramını tədris edir, ən sonda tələbələr heç yerə getmədən xarici universitetin rəsmi diplomunu alır".
Ayhan
10:54 13.11.2025
Oxunuş sayı: 3284