COP30-a hazırlıq çərçivəsində Azərbaycanın təcrübəsi öyrənilib - Deputat
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan ən mühüm qlobal ekoloji hadisələrdən biri kimi tarixə düşdü. Bu konfrans təkcə iqlim gündəliyinin müzakirə olunduğu platforma deyil, həm də Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı artan rolunun nümayişi oldu. COP29, iqlim dəyişikliyinə qarşı mübarizədə ədalətli və inklüziv yanaşmanın vacibliyini bir daha gündəmə gətirdi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynadı. Burada qəbul edilən qərarlar və formalaşdırılan yeni mexanizmlər iqlim fəaliyyətinin növbəti onillik istiqamətlərini müəyyənləşdirərək, COP30-un praktiki icra mərhələsinə yol açdı.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim diplomatiyası tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Müqayisə üçün başlıca olaraq, konfransa hazırlıq üçün verilən vaxtı demək olar ki, Azərbaycanın bu tədbirə hazırlaşmaq üçün cəmi 10 ay vaxtı vardı və bütün hazırlıqlar yüksək səviyyədə təşkil olundu, uğurlu COP baş tutdu. Braziliyanın isə bu tədbirə hazırlıq üçün 2 il vaxtı olub.
COP29-da iştirak etmək üçün 70 mindən çox iştirakçı qeydiyyatdan keçib, 80-dən çox dövlət, hökumət başçısı tədbirdə iştirak edib. COP30-da isə 50 minə yaxın iştirakçının qeydiyyatdan keçməsi barədə xarici mediada məlumat yayılıb".
Deputat həmçinin COP30-a hazırlıq çərçivəsində Azərbaycanın təcrübəsinin öyrənildiyini bildirib: "Bu məqsədlə COP29 əməliyyat şirkəti ilə görüşlər keçirilib. Azərbaycan və Braziliya arasında imzalanan “Bakıdan Belemə Yol Xəritəsi” bu istiqamətdə konkret addımların müəyyən edilməsini təmin edib və COP29-un qəbul etdiyi mandat çərçivəsində iki ölkə COP30-dək birgə əməkdaşlıq edib.
COP29 nəzəri və struktur qərarların qəbul edildiyi mərhələ idi – maliyyə hədəfi qoyuldu, karbon bazarları üzrə razılaşma əldə edildi. COP30 isə həmin qərarların icrası, mexanizmlərin tətbiqi və daha çox sahə üzrə (energetika, kənd təsərrüfatı, şəhər planlaması və s.) konkret addımların atılması mərhələsinə keçid kimi dəyərləndirilir. COP29-da əsas uğurlardan biri maliyyə hədəfinin artırılması idisə, COP30-un əsas vəzifəsi həmin hədəfə nə dərəcədə real və ölçülə bilən şəkildə çatılacağıdır".
Elmir Heydərli
13:01 11.11.2025
Oxunuş sayı: 2384