Bu döyüşdə 2 tank, 2 BMP vurmuşam - Vətən müharibəsi qazisi ilə MÜSAHİBƏ
2020-ci ilin payızında Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, öz tarixinə qızıl hərflərlə yazılacaq bir səhifə əlavə etdi. 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə — xalqımızın iradəsinin, birliyinin və ədalətli mübarizəsinin ən uca zirvəsidir. Bu Qələbə həm Ordumuzun yüksək döyüş qabiliyyətinin, həm də rəhbərliyin dəmir iradəsinin nəticəsi idi.
Aradan beş il keçməsinə baxmayaraq, o günlərin coşqusu, Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı ilə yazılmış o müqəddəs tarix bu gün də xalqımızın yaddaşında yaşayır. Bu Zəfər bizim gücümüzün, haqq yolunda birliyimizin və sarsılmaz milli ruhumuzun simvoluna çevrilib.
Bu münasibətlə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər – 5” adlı rubrikamızda möhtəşəm qələbəmizi və onun qəhrəmanlarını sizə təqdim edirik. Rubrikamızın növbəti müsahibi "İgidliyə görə", "Füzulinin azad edilməsinə görə" , "Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif edilmiş qazi Taleh Paşayevdir.
- Ordan başlayaq ki, bu yolu necə seçdiniz, hərbiyə maraq necə yarandı?
- Mən Taleh Paşayev Alxan oğlu,1978-ci il, aprelin 1-də Masallı rayonunda anadan olmuşam. Uşaqlıqdan idmanla məşğul olmuşam. İdmana böyük həvəsim var idi. Əmim də məsləhət gördü ki, bu həvəsimi hərbi məktəbdə davam etdirim. Mən də razılaşdım. İnanırdım ki bacararam. 1995-ci ildə sənədlərimi hərbi məktəbə verdim. Həmin ərəfələr hərbi məktəbə qəbul olmaq çətin idi. Mən də müəyyən səbəblərdən ora daxil ola bilmədim. Daha sonra həqiqi hərbi xidmətə yollandım. Xidmətimi başa vurduqdan sonra gizir hazırlığı məktəbinə qəbul oldum. 2000-ci ildə oranı bitirdim. 2000-2007-ci illərdə tank komandiri ixtisasını bitirmişəm və Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət etdim. Bu peşəni çox sevirdim, ona görə ixtisasımı çox yaxşı öyrəndim. Hərbi hissədə tank komandirləri arasında seçilməyə başladım. Hərbi hissəyə gələn yeni tankların qəbuluna məni komissiya üzvü kimi təyin etdilər. 7 ildən sonra xidmət yerim dəyişdirildi və mən Bakı şəhərində “N” saylı hərbi hissəyə göndərildim. Prezident səviyyəsində keçirilən tədbirlərdə də fəal iştirak edirdim. 2010-cu ildə öz istəyimlə Goranboy rayonunun düşmənlə həmsərhəd olduğu bölgəsinə köçürüldüm. 5 il də orada xidmət etdikdən sonra, ailəmə yaxın yerdə xidmətimi davam etdirməyi xahiş etdim.
Həmin vaxtlarda hərbi hissəyə yeni texnikalar gəlirdi, bu texnikalardan biri də T90S tankları idi. Mən əvvəl T72 tanklarında tank komandiri idim. T90S tankına da tank komandiri seçildim. 2014-cü ildə Rusiyadan alınmış tanklar və rus şirkəti mütəxəssisləri tərəfindən bizə T90S tankları üzrə kurslar keçirilirdi. Rus dilini yaxşı bildiyim üçün mən həmin kursda 1-ci yer tutaraq sertifikat aldım. T90S tankından ilk dəfə 2014-cü ildə Prezidentin iştirakı ilə keçirilən təlimdə idarə olunan raketi ilk dəfə mən atdım.
- 27 sentyabr – Vətən Müharibəsinin başlanması xəbərini necə aldınız? Hansı istiqamətdə başladınız?
- 2020-ci ildə “N” saylı hərbi hissədə döyüşə biz də qatıldıq. Füzuli rayon istiqamətindən Qaraxanbəyli kəndindən döyüşə girdik. Sentyabrın 30-na qədər döyüşdük. Tankların təminatının bərpası üçün geri çəkildik. Dislokasiya olunan yerə qayıtdıq. Bizim döyüş tapşırığımız dəyişdi. Oktyabrın 1-i Füzuli rayon Horadiz qəsəbəsində cəmləşdik. Oktyabrın 2-si Lələtəpə istiqamətindən kənd Horadizin azad olunması üçün irəliləməyə başladıq. O vaxtı həmin əməliyyata rəhbərliyi Milli Qəhrəmanımız polkovnik Şükür Həmidov edirdi. “N” saylı briqadanın rəhbərliyini isə Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlamov edirdi. Onlarla birgə biz kənd Horadizin azad olunması üçün 8 ədəd T90S tanklı bir bölük şəklində bir də “N” nömrəli briqadanın şəxsi heyəti ilə irəliləməyə başladıq. Oktyabrın 3-ü düşmənin komanda məntəqəsini vurub dağıtdım. Düşmənin komanda məntəqəsi döyüş sahəsindən 500-600 metr uzaqlıqda olur ki, döyüşü asanlıqla idarə edə bilsin. Bizim briqadanın qərargah rəisi polkovnik-leytanant Firdovsi Bəyov məni çağırdı və dedi ki, “sənə inanıram, düşmənin komanda məntəqəsi vurulmalıdı". Dik təpədə durmuşuq, minimyotlar da dayanmaq bilmir. Arxada da tank. Heyətin çevikliyi əsas məsələdi, əgər biri ləng olsa bütün hər şey tərsinə çevrilər. Biz elə etmişdik ki, hamımız bir-birimizə uyğun davranırdıq. Eyni çeviklikdə hərəkət edirdik. Hamımızın zəhmət çoxdur. 8 tankı 50 metr arayla düzdük. Ən uyğun yer isə mənə düşdü, komanda məntəqəsini vurmaq üçün. Şükür Həmidov da dedi ki, ora vurulmasa biz kəndi işğaldan azad edə bilməyəcəyik. Saat 1-2 radələrində biz döyüşə başladıq, saat 3 radələrində artıq komanda məntəqəsini raketlə vurdum. Şükür Həmidov dedi ki, artıq kənd bizimdir. Saat 5-də kənd tam boşalmışdı. Düşmən biz durduğumuz təpənin qarşısında taxıl əkmişdi. Yağış da yağmağa başladı. Minadan ehtiyat üçün taxılın ortasıyla hərəkət edirdik. Kəndə daxil olmadıq, çünki orada mina, snayper ola bilərdi. Yaxud evlərdə adam qalmış ola bilərdi. Biz taxıl olan hissəylə gəldik, silsilə təpəylə ikinci təpədə mövqedə durduq. Yenə 20-25 metr arayla 8 tankı düzdük. Bölük komandiri Fərrux Hüseynov idi. O, ayın 9-u şəhid oldu. Ona komanda gəlmişdi ki, heç kim tankdan çıxmasın o da bizə rabitə vasitəsi ilə əmri çatdırdı. Kənd Horadiz, bir az yanında Pirəhmədli, sağ tərəfdə isə Musabəyli kəndi idi. Düşmən ora yerləşmişdi. O kəndlər arasında da çox məsafə yox idi. Gecə leysan yağdı, tankın lyuku suyun qarşısını tam ala bilmədi və biz suyun içində qaldıq. Ehtiyat paltarlarımız var idi. Həmin gecə müşahidə aparırdıq, T90S tankları vasitəsi ilə 32 dəfəyə qədər məsafəni yaxınlaşdırmaq olurdu. Yaxınlaşdırıb düşməni izləyirdik. Görürdüm ki, nəsə hərəkətlənmə var. Düşmən bərpa olurdu. Bizim komanda məntəqəsi öz yerində qaldı. Oktyabrın 4-ü komanda məntəqəsi göstəriş verdi ki, irəliyə gedirik, lakin biz tankları hərəkət etdirə bilmədik. O qədər yağış yağmışdı ki, tankların ikisi taxıl olan hissədə batdı. Tank da batanda sepi atır, elə də olanda onu dəyişmək çətin məsələ olur. Ərzaq ehtiyatımız da bitmişdi. “N” saylı hərbi hissənin minamyotu bizim yanımızda idi. Gördük ki, bir “Kamaz” gəlir. Tural Məmmədov adında bir oğlan var idi, Vətən Müharibəsindən sonra ona gizir rütbəsi verdilər. Mənə də orada Paşa dayı deyirdilər, çünki yaşca böyük mən idim. Tural gəlib dedi ki, Paşa dayı gedim o “Kamaz”ın yanına. Dedim tək getmə. Gəldik, Tural soruşdu ki, siz kimsiniz? Onlar da dedi “N” saylı hərbi hissədənik. Onlar da Horadizdə döyüşürdülər, minaatan bateraya burda qalıbmış, ona görə bura gəliblər, yemək də gətiriblər. Biz bir az yeməklərdən müəyyən qədər götürdük. Onlara da dedik ki, getməyin çünki qabağa getsəz, texnikanı vuracaqlar. Gördüyümüz ərzaqlardan yoldaşlarımıza gətirdik. 2 gün idi ki, heç nə yemirdik. Az çox hər birimiz bir az qidalandıq. Daha sonra yeniden tanklara girdik. Tankın üstünə də çadır atmışdıq ki, yağış yağanda suyu içəri buraxmasın. Çünki artıq təzə paltar da qalmamışdı. Düşmənin minamyot atəşi bir an belə susmurdu. Təsəvvür edin “N” saylı briqadadan BMP gəldi, üstü ərzaqla dolu. Onları da irəlidə vurdular. BMP-də olanlardan biri şəhid oldu, ikisi yaralandı. Həmin gün yenə biz orada qaldıq, gecə saat 2-də bizə komanda gəldi ki, artıq buranı tərk eləməliyik. Döyüş tapşırığımız başqa istiqamətdə idi. Horadizdə olan bir maraqlı nüansı da qeyd edim. Bizim ərzaq tükənmişdi. Demək olar bir neçə gün idi ki, su da içmirdik. Bizdə bitmişdi, o ərazidə də su tapmaq çətin məsələ idi. Bizim sanitar maşınımız var idi, onun sürücüsünün adı İnqilab idi. Biz ona "İnqiloy" deyirdik. Təsəvvür edin ki, gecə heç kim gələ bilməyəndə bu istiqamətə o gəlmişdi. Dedim: "İnqilab sən bu yolu sağ-salamat gəldinsə, sənə halal olsun".
Yedik, rahatlandıq və gecə saat 2-də göstəriş gəldi ki, Cəbrayıl rayon Şükürbəyli kəndinə irəliləyək. Oktyabrın 5-i biz əmri gözləyirdik. Həmin gün döyüşə girmədik. Ayın 6-sı döyüşə girdik və 7 oktyabr səhər radələrində Cəbrayıl rayonundan Qubadlı istiqamətinə getməli idik. Lakin bizə göstəriş gəldi ki, biz geriyə qayıtmalıydıq. Düşmən kənd Horadizdə əks-hücuma keçmişdi. Biz yenidən ora qayıtmalı olduq. Əks-hücum baş tutsaydı, bütün qüvvələrimiz mühasirədə qalacaqdı. Çünki irəlidə olan döyüşçülər var idi. Onlar bu yolu bağlamaqla bütün əlaqəni kəsmək və ərazidə olan döyüşçülərimizi mühasirəyə salmaq istəyirdilər. Düşmən çox böyük qüvvə ilə hücuma keçmişdi. Bu döyüş 44 günlük Vətən Müharibəsində dönüş nöqtəsi oldu. Mən özüm bu döyüşdə 2 tank, 2 BMP vurmuşam. Hələ uşaqlar da nə qədər texnika məhv elədilər. Oktyabrın 7-si kənd Horadiz azad olundu. Növbəylə oradan çıxmağa başladıq. Orada yenə bərpa üçün qaldıq. Bizə dedilər ki, hazırlaşın növbəti döyüş Cəbrayıl rayonu istiqamətində olacaq. Mən həmin döyüşdə tankın içindəki zəhərli tüstüdən zəhərləndim. Tankda 20 mərmi olur təxminən 18-19-nu atmışdım gördüm ki, tüstü, yəni zəhər çıxmır çölə. Lyuku araladım ki, bir az hava girsin içəri. Tibbi personal yox idi. Çünki burada döyüş gedirdi. Tabor komandiri Günəş Cərullayev zəng vurdu ki, 2 nəfər zəhərlənib, təcili bura gəlməlisən. O da dedi ki, başqa istiqamətdəyəm, dərman götürməliyəm. Deyildi ki, çatdır özünü döyüşə getməlidilər. Saat 4-5 radələrində həkim gəldi çatdı. Mənə sistem qoşdu, bir az açıq havada gəzdim. Nisbətən yaxşı hiss edirdim özümü. Saat 12-ə 10 dəqiqə qalmış komanda gəldi ki, tankları işə salın. İstiqaməti demədilər. Yerdəyişmələri gecə edirdik ki, açığa çıxmayaq. Cəbrayıl rayonunun Daşkəsən kəndinə gəlmişdik. Dərədə gözlədik, kəşfiyyat göndərdilər ki, kənddə kimin olub-olmadığına baxsınlar. Ermənilərin yerini aşkarladılar. Saat 11 radələrində kənd boşaldı, darmadağın oldu. Orada düşmənin hərbi hissəsi var idi. Kəndə daxil olduq, üst hissə taxıllıq idi. Aşağıda isə tut ağacları var idi. Biz oradan Hadrut istiqamətinə getməliydik. Xüsusi təyinatlı qüvvələrin komandanı general Hikmət Mirzəyev bura gəlmişdi. Hamıyla görüşdü və dedi ki, hamı irəli: "Hər şey yaxşıdır və yaxşı olacaq". Saat 12-nin yarısı idi. Saat 12-ə qədər hazırlıq üçün vaxt verildi. Üç tankı yerləşdirdik, mövqeləndik. Yolda mina var idi deyə biz taxıllıqla hərəkət eləməyə başladıq. Təpənin başından düşmən bizi izləyirdi. Kəşfiyyat kəndə baxmışdı amma təpədən bizi izlədiklərini bilmirdik. Sən demə düşmən bizi görüb və qəsdən bizi qabağa buraxır. Daşkəsən kəndindən aralandıq, düzənliyə gəldik. Sol tərəfdə mövqelenməli idik. Amma açığa çıxdıq. Tez komanda verdilər ki, açığa çıxmısız çıxın oradan. Elə həmin an ermənilər atəşə başladılar, minamyot bir saniyə belə dayanmırdı. Hiss elədik ki, tanka nəsə dəydi, lyukdan çıxdıq, tank söndü.
Tank komandirinə kömək etdim,sürücüyə də dedim ki, tez çıxaq. Tankdan çıxandan sonra elə bil yanımıza nəsə düşdü. Nə olduğunu bilməsək də hərəmiz bir yerə atıldıq. Sürücü isə şəhid oldu.
- Siz hansı nahiyədən yaralandınız?
- Mənim başıma 2 qəlpə girmişdi. Çənəmdə qəlpə var idi. Bütün gözüm qan idi. Üzümə daş qəlpə batmışdı, hazırda sağ dizimdə də qəlpə qalıb. Tank komandirimiz 20 metr o tərəfə atılmışdı. Xüsusi təyinatlımız Samir Əliyev də yaralanmışdı. Divara söykənib çabalayır, aşağı ətrafı qan içindəydi, digəri də kontuziya içində qışqırırdı. Mən o zaman ayıldım. Tank da alışmağa başlamışdı, oradan aralanmalı idik, çünki partlayacaqdı. Minamyotlar da dayanmır. Hərbi hissəyə qayıtdıq. Sanitar maşının bura gəlməyi mümkün deyildi. “Kamaz” da gizlənmişdi, komanda verilməliydi ki, aparsınlar. Xüsusi təyinatlıdan bir nəfər gəldi, dedi ki, irəli gedilməlidi ancaq tankla gedilə bilərdi. Yaralıların, yəni bizim toplandığımız anbarı da vurdular. Buranı da vururdular deyə burdan da çıxmalıydıq, biz də arxaya çıxdıq. Tank üstündə gedirdik. Yolun ortasında sanitar maşın dayanmışdı, kömək elədilər. Hər şeyi xəyali gürürdüm, şoka düşmüşdüm. Baxıram ki, köynək cırılıb botinka qan içində. Fikirləşirəm ki, bu nədi, niyə belə olub görəsən? Rentgenə apardılar. Çənəm şişmişdi. Başımı, çənəmi sarımışdılar. Əməliyyatxananı hazırladılar, mən də eşidirdim ki, əməliyyata aparırlar. Qəlpələrdən üçünü çıxarmışdılar. Mən yatdığım palata da yola baxırdım. Gördüm helikopter gəldi başladılar ad oxumağa, mən öz adımı da eşitdim. Apardılar bizi Bakıya, müalicə olundum. Digər qəlpələri də çıxartdılar, bircə dizimdəkindən başqa. Çünki o sinirlə əzələ arasında idi. Beləcə vətən müharibəsində iştirakım sona çatdı.
- Bəs Zəfər xəbərini necə aldınız?
- Məzuniyyətdə idim. Yeriyə bilmirdim. Noyabrın 8-i anons verilirdi ki, Prezidentin çıxışı olacaq. Mən də evdə uşaqlarla danışırdım ki, necədi vəziyyət? Deyirdilər hər şey yaxşıdı, əla olacaq. Noyabr 9-u gecəsi polkovnik-leytanant Bağırov Elşən mənə zəng edib dedi ki, gözün aydın olsun, müharibə bitdi, qələbə bizimdi. Məzuniyyətim bitdi, bir neçə gündən sonra Füzuliyə qayıtdım, hərbi hissəmiz ordaydı. Mən tam sağalmamışdım dedim ki, məni tankların yanına göndərin. Əvvəl tam sağalmadığım üçün məni aparmaq istəmirdilər. Amma təkid etdim və zabitimiz var idi, o da mənə zəng elədi ki, hazırlaş komandir dedi ki, səni də aparırıq ora. 10-12 gün orada qalandan sonra komanda verdilər ki, Bakı şəhəri Güzdək qəsəbəsinə gedilməlidir. Mənim yenə müalicəyə ehtiyacım var idi. Yanvar ayında artıq gördüm ki, səhhətim imkan vermir xidmət etməyə. 2021 ci il aprel ayının 2-i Müdafiə Nazirliyinin əmri ilə ehtiyata göndərildim.
- Ümumi neçə il xidmət etdiniz?
- Ümumi 26 il,7 ay xidmət etmişəm.
- Bu il Zəfərimizin 5 illiyidir, sizinlə birgə qazandığımız möhtəşəm zəfərin ilk yubileyi. Bunla bağlı xalqımıza, gənclərimizə nə demək istərdiniz?
- İlk olaraq Ali Baş Komandan cənab İlham Əliyevi və xalqımızı təbrik edirəm. Biz döyüş vaxtı Füzulidə olanda xalqımızın birliyini gördüm. Bizə komanda gəldi ki, döyüşə gedirik, elə bu zaman bir nəfər əlində plasmas qabda kabab gətirib dedi ki, “bunu bir xanım verib qurban kəsmişik. Hamı bundan yeməlidir”. Tanka mindik, həmin o ətdən adama bir tikə yeyib, döyüşə girdik. Ondan əlavə də evlərdən kimin nəyə gücü çatırdısa, gətirirdi. Bu xalq bu qələbəyə layiqdir. Zəfər xalqın zəfəridi. Başda Ali Baş Komandan olmaqla bütün döyüş yoldaşlarımı, bütün kolleqalarımı da təbrik edirəm. Çünki orada hamının əməyi olub. Xalq-ordu birliyi həqiqətən bizdə olub.
Mehriban İbrahimli
15:10 10.11.2025
Oxunuş sayı: 1653