“Balaca kişilər”in böyük mübarizəsi
Balaca kişilər, cavan kişilər,
Dar gündə vətənə həyan kişilər...
Ötən gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında İlqar Fəhminin pyesi əsasında Nicat Kazımovun quruluş verdiyi “Balaca kişilər” tamaşası nümayiş olundu.
44 günlük Vətən müharibəsi dövründə ərsəyə gələn tamaşa bir postu qoruyan əsgərlərin mübarizəsindən bəhs edir. Səhnədə real döyüş yox idi, amna biz cəbhəni görürdük. Minomyot səsi, güllə effekti, partlayış, həyəcan - hər detal tamaşaçıya cəbhənin nəfəsini hiss etdirir.
Tamaşa zamanı sayca dəfələrlə çox olan düşmənə qarşı Azərbaycan əsgərinin qorxmaz mübarizəsinin şahidi oluruq. Əsgər yoldaşları, hətta komandirləri şəhid olsa belə, özləri yaralansa belə, geri çəkilmir, son nəfəsə qədər savaşırlar. Çünki bu savaş təkcə torpaq uğrunda deyil, ləyaqət, varlıq və vətən savaşıdır.
Səhnədə aktyorlar öz missiyasını ustalıqla icra edir. Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkir, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev çıxış edirlər. Xüsusilə, Əməkdar artist Şövqi Hüseynovun düşmən əsgəri obrazı tamaşaya dramatik yük qatmışdır.
Tamaşanın diqqətçəkən və simvolik səhnələrindən biri isə yaralanaraq huşunu itirən əsgərin xəyal dünyasında baş verir. Onun gözündə Şah İsmayıl, İbrahimxəlil xan, Cavad xan, Hüseynqulu xan kimi tarixi şəxsiyyətlərin ruhları canlanır. Onlar əsgərə yol göstərir, ruh verir və deyirlər ki, azlıq çoxluğa qalib gələ bilər, yetər ki, inam və birlik olsun.
Əslində bu səhnə həm də bir həqiqətin mesajıdır: fikir ayrılığı ola bilər, amma tale bir olanda millət də bir olur. Və bu birlik müharibənin taleyini dəyişdirir.
Tamaşa zamanı döyüş səhnələrinin səs effektləri, aktyorların emosional performansı, səhnə ritmi tamaşaçını bir anlıq teatr zalından çıxarıb 44 günlük savaşın içinə aparır.
Finalda səslənən “Xudayar təsnifi” isə tamaşanın bəlkə də ən təsirli və qürurverici anı idi. Ardınca ayağa qalxan tamaşaçılar və bitməyən alqışlar…
Zəfər Günündə mən o axşam zaldan yalnız tamaşaçı kimi yox, bu torpağın acısını da, qürurunu da daşıyan bir vətəndaş kimi çıxdım.
Ayan Sədi
21:08 09.11.2025
Oxunuş sayı: 4549