Bayden Trampın idarəçiliyini tənqid etdi- Demokratiyada kral olmur
ABŞ-nin keçmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Trampın idarəçilik tərzini sərt şəkildə tənqid edib. O, Trampın davranışlarının Amerika xalqının iradəsinə uyğun olmadığını və ölkənin demokratik dəyərlərini sarsıtdığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Bayden Demokratlar Partiyasının Nebraska ştatının Omaha şəhərində keçirilən tədbirində çıxışı zamanı deyib:
“Cənab Prezident, bunu yaxşı bilin ki, siz bizim üçün işləyirsiniz. Biz sizin üçün yox. Bu dövlət sadəcə milyarderlərin və milyonerlərin deyil, bütün xalqındır. Mən bunu qəlbdən deyirəm, mən qəzəbliyəm. Demokratiyada kral olmur. Heç bir xalq öz liderinin özünü kral kimi aparmasına razı olmaz. Amma siz elə davranırsınız ki, biz ölkə olaraq biabır oluruq”.
Bayden Trampın fəaliyyətindəki son prosesləri də misal gətirib. O, Ağ Evin Şərq qanadının sökülməsi ilə bağlı qərarı xatırladaraq bunun daha geniş mənada Trampın bütün ölkəyə yanaşmasını əks etdirdiyini söyləyib.
Onun sözlərinə görə, Tramp ölkənin təkcə dövlət strukturlarına deyil, həm də “Konstitusiyaya, qanunun aliliyinə və demokratiya prinsiplərinə” zərbə vurur.
Baydenin bu açıqlaması ABŞ-də 2025-ci ilin siyasi mühitində artan gərginliyi bir daha nümayiş etdirir. Tramp və Bayden arasındakı qarşıdurma yenidən ölkənin daxili siyasi gündəminin əsas mövzularından birinə çevrilib.
Türkanə Məşədiyeva
10:48 08.11.2025
Oxunuş sayı: 1434