Radiasiya Problemləri İnstitutunda 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib
Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunda 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın birliyi, ordumuzun gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində mümkün olub. Bu zəfər həm də milli ruhun, dövlətçilik iradəsinin və vətənpərvərlik dəyərlərinin təntənəsidir.
İslam Mustafayev çıxışında Prezident İlham Əliyevin elmə və milli dəyərlərə verdiyi önəmi xüsusi vurğulayaraq qeyd edib ki, elmin inkişafı və vətənpərvərlik ruhunda tərbiyə dövlət siyasətində mühüm yer tutur. Bu baxımdan institutun kollektivi üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışır.
Daha sonra institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək Zəfər Gününün xalqımızın yaddaşında əbədi iz buraxan tarixi hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, bu qələbə Azərbaycan xalqının iradəsinin, birliyinin və mübarizə əzminin təcəssümüdür.
Tədbir çərçivəsində AMEA-nın 80 illiyinə və “8 Noyabr – Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş gənclər arasında“İlin ən yaxşı elmi məqaləsi” müsabiqəsinin nəticələri də elan olunub. Müsabiqədə fərqlənən tədqiqatçılar – Arzu Məmmədli, Namiq Heydərov və Selcan Hacıyeva institut rəhbərliyi tərəfindən diplomlarla təltif olunublar.
Həmçinin, AMEA-nın 80 illiyi münasibətilə elmi fəaliyyətlərində fərqlənən əməkdaşlar – fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamov və kimya elmləri doktoru, dosent Zenfira İskəndərova institut rəhbərliyi tərəfindən fəxri fərmanla təltif ediliblər.
Tədbirin sonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
15:51 07.11.2025
Oxunuş sayı: 1575