Şalva Papuaşvili: Brüssel dezinformasiya və təbliğatdan imtina etməlidir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı Gürcüstanla bağlı iki yanlış narrativin formalaşdırılmasına böyük siyasi və maliyyə resursları sərf edib. Onun sözlərinə görə, bu iddialardan biri Gürcüstan parlamentinin guya “rus qanunu” qəbul etməsi, digəri isə hökumətin Avropa İttifaqına inteqrasiya prosesini dayandırması ilə bağlıdır.
Bu barədə Crossmedia.az Papuaşvilinin sosial şəbəkədəki paylaşımına istinadən xəbər verir.
Parlament sədri qeyd edib ki, zaman keçdikcə həqiqət özünü göstərir:
“Artıq məlum olub ki, qəbul edilən qanun ABŞ-da mövcud olan qanun modelinə uyğundur və inteqrasiya prosesini dayandıran elə Brüsselin özü olub. Bütün yaradılan narrativ isə nəticədə boş kimi ortaya çıxdı. Propaganda həqiqəti uzun müddət gizlədə bilməz.”
Papuaşvili vurğulayıb ki, Avropa dəyərlərinin aşınması elə həmin vaxt başlayıb:
“Brüssel dezinformasiya və təbliğatı siyasi alət kimi qəbul etdiyi anda, Avropanın əsasında dayanmış prinsiplər — azadlıq, ədalət və dürüst dialoq — pozuldu. Ən ali məqsədlər belə əxlaqsız vasitələrlə həyata keçiriləndə sonda öz mahiyyətini itirir.”
O, Avropa İttifaqını öz dəyərlərinə qayıtmağa çağırıb:
“Brüssel yenidən azadlıq və ədalətin simvoluna çevrilmək istəyirsə, ilk addım — dezinformasiya və təbliğatdan imtina olmalıdır. Həqiqətə qayıtmaq Avropanın yenidən güclənməsinin yeganə yoludur.”
Mehriban İbrahimli
15:20 07.11.2025
Oxunuş sayı: 1528