Peskovun ulu babası 26 Bakı komissarından biri olub
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun mənşəyi ilə bağlı araşdırma dərc edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Proyekt” jurnalı məlumat yayıb.
Məlum olub ki, Peskov sovet nomenklaturasından gəlir və onun ailə tarixində partiya strukturları ilə kəşfiyyat dairələri sıx şəkildə əlaqələnib.
Mətbuat katibinin ulu babası Yakov Zevin 1918-ci ildə güllələnən 26 Bakı komissarından biri olub. Onun ölümündən sonra Vladimir Lenin şəxsən Moskvada Zevinin dul arvadına mənzil ayırıb. Peskovun ulu nənəsi isə Nadejda Krupskaya ilə birlikdə Maarif Xalq Komissarlığında (Narkompros) çalışıb və Lenin ailəsinə yaxın şəxs sayılıb.
Peskovun anası Nadejda Zevina gənclik illərində Qırmızı Ordunun Hərbi Hava Qüvvələrində aparılan partiya “təmizləmələrində” iştirak edib, daha sonralar isə Lenin Muzeyində işləyib. Onun xidməti ilə bağlı sənədlərin məxfi saxlanılması, araşdırma müəlliflərinin qeyd etdiyi kimi, sovet xüsusi xidmət orqanlarına aid şəxslər üçün xarakterik sayılır. Ailə o dövrdə KQB və xarici ticarət işçilərinin yaşadığı elit Presnya məhəlləsində məskunlaşıb.
Peskovun atası Sergey Peskov Asiya və Afrika Ölkələri İnstitutunu bitirib və uzun illər ərzində “dostluq cəmiyyətləri” adı altında Yaxın Şərqdə fəaliyyət göstərib. Jurnalın araşdırmasına görə, bu, Soyuq Müharibə dövründə sovet kəşfiyyatçılarının klassik örtüyü sayılırdı.
Diplomat ailəsində doğulan Dmitri Peskov uşaqlıq illərini xarici ezamiyyətlərdə keçirib. Onun karyerasındakı dönüş nöqtəsi iki evlilikdən sonra baş verib. İlk həyat yoldaşı marşal Semyon Budyonnının nəvəsi Anastasya olub və bu nikah sayəsində Peskov ilk beynəlxalq ezamiyyətini Türkiyəyə alıb. Boşandıqdan sonra o, diplomat Vladimir Solotsinskinin qızı Yekaterina ilə ailə qurub. Məhz Solotsinski 1999-cu ildə Boris Yeltsinin Türkiyəyə səfəri zamanı Peskovu nümayəndə heyətinə tövsiyə edib.
Beləliklə, Peskovun Kremlin yüksək dairələrinə yolu açılıb və zamanla o, Vladimir Putinin baş media-strateqi — prezidentin ictimai imicinə cavabdeh şəxsə çevrilib.
Xumar Emilqızı
14:54 07.11.2025
Oxunuş sayı: 1410