İlahiyyat İnstitutunda Zəfər Günü qeyd olunub
Azərbaycan İlahiyyat İnstitutunda 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Qəhrəmanların izi ilə” mövzusunda tədbir keçirilib.
Bu barədə Crossmedia.az-a İnstitutdan məlumat verilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin (BİK) kollektivi iştirak ediblər.
Tədbirdə əvvəlcə Vətənimizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhu birdəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aİİ rektoru, dosent Aqil Şirinov çıxış edərək, böyük Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Rektor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində bizə qələbə qazandıran müzəffər Ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. A.Şirinov qeyd edib ki, ölkəmiz tarixin müəyyən mərhələlərində müxtəlif dövlətlərin tərkibində olmasına, dağıntılara, parçalanmalara məruz qalmasına baxmayaraq, öz müstəqil dövlətçilik ənənələrini qoruyub-saxlayıb. Bu gün biz suveren, bütün dünyaya öz gücünü göstərən ölkənin vətəndaşlarıyıq: “Xalqımız Prezident cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşərək, məğlubedilməz Ordumuz sayəsində torpaqlarımızı azad etdi. Bu Zəfər bizi ikiyüzillik məğlubiyyət psixologiyasından azad etdi. Şəhidlərimiz və qazilərimiz canlarını fəda etdilər ki, biz bu torpaqlarda rahat yaşayaq. Bizim və gənc nəslin üzərinə düşən əsas vəzifə azad və suveren ölkəmizi gözbəbəyi kimi qorumaqdır”.
Şəhid İlkin Əhədzadənin atası Qələmşah Əhədzadə öz çıxışında şəhid ailələrinə və qazilərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Qələmşah Əhədzadə oğlu İlkin Əhədzadənin Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirib. Şəhid atası gənclərə səslənərək, “Bu gün bütöv Azərbaycanın hər bir yerində dalğalanan bayrağımızı, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş igid Vətən övladlarının xatirəsini daim uca tutmaq vacibdir”, – deyə vurğulayıb.
Vətən müharibəsi iştirakçısı qazi Fədai Abdullayev keçdiyi döyüş yolundan və tabor komandiri şəhid Surxay Noçuyev haqqında xatirələrini danışıb. Müharibəyə 27 sentyabrda könüllü olaraq qatıldığını qeyd edən qazi Fədai Abdullayev döyüş yolunun Füzuli rayonundakı “Ohanyan səddi”nin alınması ilə başladığını vurğulayıb.
Qazi vurğulayıb ki, şəhid Surxay Noçuyev komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək, Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və 8 noyabrda Şuşa şəhəri ərazisindəki hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Şəhid S.Noçuyev 12 noyabr 2020-ci il tarixində II Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, İlkin Qələmşah oğlu Əhədzadə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə və “Rəşadət” ordeni ilə təltif edilib.
Qazi Fədai Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə" medalları ilə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Surxay Əbdül oğlu Noçuyev “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.
14:30 07.11.2025
Oxunuş sayı: 1554