İrakli Kobaxidze: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyə töhfə verəcək
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına və region ölkələrinin siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, sazişin imzalanması həm də region ölkələrinin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
“Bu sülh sazişi son dərəcə vacibdir. Son 35 ildə Gürcüstan regionda sülhün təşviqində mühüm rol oynayıb və qonşularımız – Ermənistan və Azərbaycan üçün bu rolu davam etdirir. Gürcüstanın bu ölkələrlə iqtisadi tərəfdaşlığı onların iqtisadi inkişafında həlledici rol oynayır.
Məhz buna görə də iki ölkə arasında sülh sazişinin imzalanmasına çox sevinirik. Hazırda hər üç ölkədə yüksək iqtisadi artım templəri müşahidə olunur və bu, sülhün və üç ölkə arasında səmərəli əməkdaşlığın nəticəsidir. Buna görə də biz bu istiqamətdə eyni ruhda irəliləməliyik. Bu, Gürcüstanın Cənubi Qafqazın inkişafı ilə bağlı baxışıdır”, – deyə İrakli Kobaxidze vurğulayıb.
Pərvin Hacıyeva
13:58 07.11.2025
Oxunuş sayı: 1844