Hindistanlı diplomat: Cənubi Qafqazda kommunikasiyaların açılması Hindistan üçün də faydalı və səmərəli olacaq”
Cənubi Qafqazda kommunikasiyaların açılması Hindistan üçün də faydalı və səmərəli olacaq.
Crossmedia.az xəbər verir ki, bunu Hindistanın İordaniya, Liviya və Maltadakı sabiq səfiri Anil Triqunayat “Orbeli Forum”: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” adlı beynəlxalq ikigünlük konfrans çərçivəsində “Armenpress”in müxbirinə açıqlamasında deyib.
Onun sözlərinə görə, maneəsiz kommunikasiya marşrutları və əlaqə dəhlizləri son dərəcə mühüm əhəmiyyət kəsb edir.
“Cənubi Qafqaz regionunda xətlərin açılması Hindistan üçün də faydalı və səmərəli olacaq. Ermənistanın baş nazirinin bu xətləri “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) adlandırmaq ideyası çox xoşuma gəlir. Bu, çox vacib məsələdir. Cənubi Qafqazın digər mühüm layihələrindən biri də Hindistanın qurucu üzvü olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Mən şəxsən onun imzalanması zamanı iştirak etmişəm. Ticarət və nəqliyyat dəhlizləri yeni şeylər deyil, onlar əsrlər boyu mövcud olub. Bu, bizim üçün son dərəcə vacibdir. Əgər bu dəhlizlərdən keçən bütün ölkələrin iştirakı ilə sülh yolları yaradıla bilsə, hər şey daha asan olar. İnsanlar sülh əldə etmək uğrunda mübarizə aparırlar. Biz də sülhü əldə etmək üçün çalışmalıyıq”. - deyə o qeyd edib.
Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalardan danışan səfir Triqunayat bildirib ki, onların icrası sürətli proses olmayacaq, çünki iki ölkənin bir-birinə qarşı olan şübhələrinin aradan qaldırılması üçün vaxt lazımdır.
“Vaşinqton razılaşmalarının həyata keçirilməsi hər iki tərəfin səmimiyyətindən asılı olacaq. Bu, sürətli proses olmayacaq, tədricən gedəcək, çünki bir-birinə qarşı olan şübhələri aradan qaldırmaq üçün zaman tələb olunur. Bu məsələdə medianın rolu da mühümdür. Hökumətlər dezinformasiya kampaniyasına qarşı mübarizə aparmaq üçün bütün mümkün səyləri göstərməlidirlər. Beləliklə, kommunikasiya, əlaqə və etimadın möhkəmləndirilməsi tədbirləri hər iki tərəf üçün son dərəcə vacibdir”. - deyə Triqunayat qeyd edib.
12:59 07.11.2025
Oxunuş sayı: 1428