İran nüvə silahı barədə iddialarla ictimai fikri yayındırmağa çalışır - Politoloq
İran iki həftə ərzində nüvə silahı yarada bilər, amma ali dini lider Ayətullah Əli Xameneinin fətvası bunu qadağan edir.
Bunu Ayətullahın müşaviri Cavad Laricani deyib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Sədrəddin Soltan bildirib ki, İran nüvə silahı hazırlamayacaq, hazırlasa belə, onu tətbiq edə bilməyəcək: “İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei nüvə silahını, nüvə və kütləvi qurban silahı hazırlamamaq barəsində fətva verib. Digər tərəfdən, İranın hərbi doktrinasında nüvə silahı və yaxud kütləvi qurban silahı hazırlamaq qadağandır. Bunun üçün ilk növbədə, Xamenei fətvasını geri çəkməli, yeni fətva verməli və həm də parlament
hərbi doktrinaya dair qanun qəbul etməlidir. Laricani isə hazırlama imkanlarının olduğunu deyir.
Məncə, burada bir avantüra var. Çünki İranın Xarici işlər naziri Abbas Ərakçi bildirib ki, İranın bütün imkanları və avadanlıqları ABŞ-nin bombaladığı nüvə obyektlərinin altında qalıb”.
S.Soltan Laricaninin fikirlərini belə şərh edib: “Laricani bu bəyanatla bildirmək istəyir ki, İran nüvə silahı hazırlanmaq ərəfəsindədir və yenidən hücum olacağı halda bu silahı ortaya çıxara bilər. Bunlar cəfəng məsələlərdir. İran nüvə silahı hazırlamayacaq, hazırlasa belə, onu tətbiq edə bilməyəcək. İran hakimiyyətini öz gələcəyi daha çox düşündürür: Ali rəhbər hakimiyyətdə qalacaqmı, hakimiyyətin sonu necə olacaq, İranda islahatların getməsi hansı istiqamətdə başlayacaq? Qarşıdan qış gəlir, əhalini yanacaqla, ərzaqla necə təmin etmək olar? Yəni bu kimi çoxsaylı suallar var və bunların həllini gözləyəcəklər. Bir tərəfdən, ictimaiyyətin fikrini yayındırmağa cəhd edirlər, digər tərəfdən, bəyan etdilər ki, ABŞ-dən danışıqlara dair ismarıc alıblar. ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, İran danışıqlar aparmaq istədiyini bildirir. Cavad Laricaninin bu çıxışı hədə-qorxu və əvvəl deyilmiş fikirlərin təkrarıdır”.
Günel Verdiyeva
17:50 05.11.2025
Oxunuş sayı: 1506