Aysberqin görünməyən tərəfi: PKK kartı "Böyük İsrail" ideyasına xidmət edir
                                            Regionda sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün terror təşkilatlarının fəaliyyətinə son qoyulması mühüm əhəmiyyət daşıyır. Xüsusilə PKK terror təşkilatının İraq və Suriyadakı varlığı təkcə bu ölkələrin daxili sabitliyinə deyil, həm də qonşu dövlətlərin, o cümlədən Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid yaradır.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseynlə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər də bu məsələnin aktuallığını bir daha ortaya qoydu. Nazir bildirib ki, PKK-nın İraq və Suriyadakı fəaliyyətini dayandırması və işğal etdiyi ərazilərdən çəkilməsi bölgədə sabitliyin təmin olunması, eləcə də xarici müdaxilələrin qarşısının alınması üçün vacib şərtdir.
Fidanın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, nazirin bu açıqlaması “terrorsuz Türkiyə” məqsədinə xidmət edir və bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, PKK-nın yaratdığı təhlükə təkcə Türkiyəyə deyil, eyni zamanda İraq və Suriyaya da ciddi təhdiddir: “Bu terrorun arxasında duran qüvvələr bölgədə yeni bir terror dövləti və ya terror dəhlizi yaratmaq niyyətindədirlər. Əslində, bu plan "Kürdistan" adı altında, dolayı yolla "Böyük İsrail" ideyasına xidmət edir. Buna görə də PKK-nın yaratdığı təhlükə həm İraqın, həm də Suriyanın dövlət maraqları çərçivəsində dəyərləndirilməlidir".
N.Mirinin fikrincə, bu təhlükədən xilas olmaq siyasəti yalnız Türkiyənin üzərinə düşməməlidir: "Bu, ümumi regionun qarşısında duran ortaq bir problemdir və ondan qurtulmaq üçün birgə fəaliyyət və mübarizə vacibdir. Əgər terror tamamilə ləğv olunarsa və işğal olunmuş ərazilər yenidən dövlət nəzarətinə qaytarılarsa, bu, həmin ölkələrin bütövlüyünü, suverenliyini və təhlükəsizliyini möhkəmləndirəcək".
Politoloq qeyd edib ki, Türkiyə, İraq və Suriya arasında terrora qarşı əməkdaşlığın formalaşması təkcə regional deyil, qlobal səviyyədə də əhəmiyyət daşıyır: "Belə bir əməkdaşlıq regionun təhlükəsizliyi və gələcək inkişafı üçün güclü zəmin yaradar.
Elmi, texnoloji, iqtisadi və siyasi baxımdan bu əməkdaşlıq regionun inkişafına böyük töhfə verəcək. Bu proses həm də Türkiyənin bölgədəki mövqeyini daha da gücləndirir. Artıq Türkiyə elə bir səviyyəyə çatıb ki, regionda və dünyada baş verən heç bir proses onun iştirakı olmadan reallaşa bilməz. Güclü və qətiyyətli bir Türkiyənin mövcudluğu hər zaman qardaş Azərbaycan üçün də qürur mənbəyi olub və bu dostluq münasibəti gələcəkdə də davam edəcək".
Mehriban Yariyeva
11:15 04.11.2025
Oxunuş sayı: 1444