Elm Fondu elmin, texnologiyanın və süni intellektin inkişafında fəal iştirak edəcək - Mehriban İmanova
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə səsləndirdiyi çıxış həm elmi ictimaiyyət, həm də bütövlükdə cəmiyyət üçün yeni istiqamətlər müəyyənləşdirən tarixi bir nitqdir. Bu nitq təkcə Azərbaycan elminin bu gününü deyil həm də gələcək inkişaf perspektivlərini özündə birləşdirir. Prezidentin vurğuladığı əsas məqamlar sırasında Azərbaycan dilinin qorunması və saflığının təmin olunması məsələsi xüsusi yer tuturdu. Çünki dil yalnız mədəniyyətin deyil, həm də milli kimliyin, dövlət müstəqilliyinin və ideoloji birliyin əsas sütunlarından biridir. Prezident çıxışında Azərbaycan Elm Fonduyla bağlı məqama da toxundu. İlham Əliyev çıxışı zamanı bildirdi ki, Elm Fondunun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi.
Prezident İlham Əliyevin AMEA-dakı çıxışı ilə bağı Azərbaycan Elm Fondunun İcraçı direktoru Mehriban İmanova Crossmedia.az-a açıqlama verib: “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Cənab Prezidentin söylədiyi dərin məzmunlu çıxış Azərbaycan alimləri üçün “Yol xəritəsi”dir.
Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə elmin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan elmi ictimaiyyətinə, o cümlədən Elm Fonduna böyük məsuliyyət və yeni hədəflər müəyyən etmişdir. Azərbaycan Elm Fondu olaraq biz, ölkə alimlərinin elmi potensialının daha da gücləndirilməsi, innovativ və texnoloji inkişafın sürətləndirilməsi, elmi nəticələrin praktik tətbiqinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da artıracağıq.
Cənab Prezidentin nitqində qeyd etdiyi kimi, Azərbaycanın gələcəyi intellektual və elmi potensialın möhkəmləndirilməsindən keçir. Elm Fondu bu istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirməyə, elmi tədqiqatların dəstəklənməsi və gənc alimlərin inkişafı üçün bütün imkanları səfərbər etməyə davam edəcəkdir.
Azərbaycan Elm Fondu qarşıya qoyulan bütün vəzifələrin icrasında ölkə rəhbərliyinin müəyyən etdiyi prioritetləri əsas götürəcək, elmin, texnologiyanın və süni intellektin inkişafında fəal iştirak edəcəkdir. Azərbaycan Elm Fondu Cənab Prezidentə dövlətimizin elmi-intellektual inkişafına verdiyi dəstəyə görə dərin minnətdarlığını bildirir”.
Ayhan
17:51 03.11.2025
Oxunuş sayı: 4528