BDU-da Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası yaradılır
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə birgə Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası yaradılır.
Crossmedia.az Universitetə istinadən xəbər verir ki, bu barədə BDU Elmi şurası qərar qəbul edib.
Yeni laboratoriya Türkiyənin Koç Universiteti ilə də əməkdaşlıq edəcək.
Laboratoriyada müasir mikrobiologiya ilə farmakologiyanın kəsişməsində fundamental və tətbiq xarakterli tədqiqatlar aparılacaq. Müxtəlif sintetik və yarımsintetik birləşmələrin mikroorqanizmlərə, xüsusilə klinik və istinad (reference) bakterial ştamlara qarşı antimikrob təsirləri öyrəniləcək, bu birləşmələrin təsir mexanizmləri analiz ediləcək və yeni potensial antimikrob preparatların ilkin seleksiyası həyata keçiriləcək.
Eyni zamanda, laboratoriya təhsil və tədqiqat prosesinin inteqrasiyasına, qrant layihələrinin icrasına və elmi nəticələrin kommersiyalaşdırılmasına xidmət edəcək.
17:10 29.10.2025
Oxunuş sayı: 1264