Paşinyan: II Qaregin katolikos ola bilməz
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin (Ktrich Nersisyan) Ovanavanq kilsəsinin keşişi Aaram Asatryanı ruhanilikdən məhrum etməsi barədə qərarına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə “Telegram” kanalında paylaşım edib:
“Sensasion xəbər budur ki, Ktrich Nersisyan yadına salıb ki, Erməni Apostol Kilsəsinin ‘Qanunlar məcəlləsi’ var və o, həmin məcəlləyə istinad edərək Ovanavanqda keşiş Aaramın liturgiya (ayin) keçirməyə ixtiyarı olmadığını əsaslandırmağa çalışır, çünki guya o, ruhanilikdən məhrum edilib”.
Baş nazir qeyd edib ki, həmin qanunlara əsasən, Ktrich Nersisyan özü də katolikos ola bilməz, çünki subaylıq andını pozub və bununla da ruhanilik statusunu itirib:
“Deməli, ruhanilikdən məhrum olan şəxs başqasını da ruhanilikdən məhrum edə bilməz. Bu səbəbdən keşiş Aaram Ovanavanqda liturgiya apara bilər və mən ötən bazar olduğu kimi, bu bazar da orada keçiriləcək müqəddəs liturgiyada iştirak edəcəyəm”, – deyə Paşinyan bildirib.
Günel Verdiyeva
10:44 29.10.2025
Oxunuş sayı: 1066