İdmançı üçün uğur təkcə gücdə deyil - Dünya çempionu ilə müsahibə
Peşəkar idman – yalnız güc nümayişi deyil, xarakter, iradə və intizamın birgə sintezidir. Bu sahədə uğur qazanan hər bir idmançı əvvəlcə özünü, qorxularını və limitlərini məğlub etməyi bacarmalıdır. Məhs bu mərhələdən sonra real rəqabət başlanır. Uzun illərdən bəri müxtəlif turnirlərdə Azərbaycan bayrağını qürurla dalğalandıran atletlərdən biri də məhz bu prinsipə sadiq qalan idmançılardandır. O, həm döyüşür, həm də təcrübəsini yeni nəsil idmançılara ötürməklə bir məktəb formalaşdırır. Uşaqlıqdan başlayan idman sevgisi illər ərzində güclü iradə, yüksək məsuliyyət və peşəkar səviyyədə nəticələrə çevrilib. Söhbət Hacımurad Purtiyevdən gedir.
Grappling üzrə dəfələrlə Azərbaycan, Avropa və dünya çempionu, sambo üzrə dünya çempionu sərbəst güləş ustası Hacımurad Purtiyev Crossmedia.az-a geniş müsahibə verib:
-İdmana olan marağınız hardan yarandı və neçə yaşınızda başladınız?
İdmana uşaqlıqdan xüsusi marağım olub və bu yolun üzərinə ilk dəfə 12 yaşımda qədəm qoymuşam. O vaxtdan bəri idman mənim üçün sadəcə fiziki fəaliyyət deyil, xarakter formalaşdıran, iradəni möhkəmləndirən bir həyat tərzinə çevrilib. Məşqçilərimin göstərdiyi yol, verdiyi nizam-intizam və peşəkar dəstək, eləcə də ailəmin mənə olan sonsuz inamı hər zaman ən böyük motivasiya mənbəyim olub. Mənə güvəndikləri və yanımda olduqları üçün daha çox çalışmaq, daha yüksək nəticələr qazanmaq istəmişəm. Düşünürəm ki, onların inamı və dəstəyi olmasaydı, bu gün əldə etdiyim nailiyyətlərin heç biri mümkün olmazdı.

-Hansı idman növlərində yarışmısınız? Hansılar sizə daha yaxındır?
Fərqli idman növlərində çıxış etmişəm, lakin ən çox özümü rahat və güclü hiss etdiyim sahə Grappling olub. Bu idman növü sadəcə fiziki güc deyil, həm də texnika, dözümlülük və taktiki düşüncənin vəhdətini tələb edir. Burada hər bir hərəkət hazırlıq, düşüncə və düzgün qərarla formalaşır. Arenaya çıxdığım anda sanki bütün enerji, iradə və bacarığımı bir nöqtəyə toplayaraq özümü tam ifadə edə bilirəm. Grappling mənim üçün təkcə idman deyil, həm də özümü göstərdiyim, xarakterimin gücünü ortaya qoyduğum sahədir.
- Ən çətin rəqibiniz kim olub?
Hər bir rəqib öz tərzi və hazırlığı ilə fərqli çətinlik yaradır, lakin bu prosesin insana öyrətdiyi ən böyük dərs odur ki, insan qorxusunu aşmağı bacardığı anda həqiqi qalibiyyətə aparan yol açılır. Yarışlarda təkcə güc deyil, təcrübə və soyuqqanlılıq hər şeyi müəyyənləşdirir. Final qarşılaşmasında 4 qat dünya və 10 qat Rusiya çempionu olan Davud Maqamedov ilə üz-üzə gəldiyim an bunu tam şəkildə hiss etdim – özümü toparlayıb emosiyaları idarə etdikdən sonra mübarizənin gedişini nəzarətimə aldım və qalib gəldim. Bu qələbə mənə bir daha göstərdi ki, səhnəyə çıxan bədən deyil, həm də ruhdur.

-Hansı nailiyyətləri əldə etmisiniz?
36 yaşımda yaşca məndən daha gənc idmançılarla eyni arenada mübarizə aparıb medal qazanmaq mənim üçün xüsusi bir qürur və motivasiya mənbəyidir. Bu həm də göstərir ki, idmanda rəqabəti müəyyən edən təkcə yaş deyil – hazırlıq, intizam və öz üzərində ardıcıl çalışmağın nəticəsidir. İllər ərzində dəfələrlə Azərbaycan, Dünya, Avropa və müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşam. Hər qələbə mənə bir daha sübut edib ki, təcrübə ilə intizam bir araya gəldikdə, yaş fərqi artıq üstünlüyə çevrilir və idmançıya əlavə güc verir.
-Gələcəklə bağlı hansı planlarınız var?
Bir neçə ildir ki, idmançı olmaqla yanaşı, müəllim kimi də fəaliyyət göstərirəm. Tələbələrimin müxtəlif yarışlarda medallar və kəmərlər qazanması mənim üçün şəxsi uğurum qədər dəyərli və qürurvericidir. Onların inkişafını və nailiyyətlərini izləmək, öz təcrübəmi gənc idmançılara ötürmək mənə əlavə məsuliyyət və motivasiya verir. Qarşıma qoyduğum əsas məqsəd həm öz idman karyeramı yüksək səviyyədə davam etdirmək, həm də gələcək çempionları yetişdirərək bu sahəyə faydalı olmaqdır.
- Qələbələrinizin sirri nədədir?
Uğurun sirri, əslində, sadə görünən amma hər kəsin davam gətirə bilmədiyi iki amildədir – intizam və səbr. Hər gün eyni səviyyədə məşq etmək, rejimdən kənara çıxmamaq və özünə olan inamı qoruyub saxlamaq nəticəni formalaşdıran əsas dayaqlardır. Bəzən uzaq səfərlər, yarış həyəcanı və təzyiq altında qalmaq çətinlik yaratsa da, təcrübə artdıqca bütün bunları idarə etmək daha rahat olur. İdmançı üçün uğur təkcə gücdə deyil – səbrin, nizamın və davamlılığın birləşdiyi nöqtədə yaranır.
Ayhan
20:52 28.10.2025
Oxunuş sayı: 2328