İran Suriya hakimiyyəti ilə ilkin təmasları bərpa etməyə çalışır - Açıqlama
Yaxın Şərq siyasətində hər bir diplomatik addım, hər bir jest və ya münasibət dəyişimi təkcə iki dövlət arasındakı əlaqələrin deyil, bütün regionun güc balansının yenidən formalaşmasına təsir göstərir. Bu baxımdan İranın Suriya ilə münasibətləri bərpa etməyə yönəlmiş cəhdləri sadəcə ikitərəfli diplomatik təşəbbüs kimi deyil, həm də regional strateji proseslərin mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Uzun illərdir ki, İran və Suriya arasında münasibətlər müxtəlif mərhələlərdən keçib – əməkdaşlıqdan gərginliyə, strateji tərəfdaşlıqdan siyasi soyuqluğa qədər. Bu gün isə Tehran yeni reallıqlar fonunda bu münasibətləri yenidən nəzərdən keçirmək, xüsusilə də bölgədə baş verən geosiyasi dəyişikliklərə uyğunlaşdırmaq niyyətindədir. İranın rəsmi mövqeyinə görə, Suriyanın regionda təsir gücünü artırması və beynəlxalq arenada daha aktiv oyunçuya çevrilməsi yalnız qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinin bərpası ilə mümkündür.
Bu məqsədlə Tehran Moskva ilə məsləhətləşmələrə xüsusi əhəmiyyət verir. Çünki Rusiya, həm İran, həm də Suriya ilə dərin siyasi, iqtisadi və hərbi əlaqələrə malik olan yeganə güclü aktor kimi, bu prosesdə vasitəçi və stabilizator rolunu oynaya bilər. Moskva–Dəməşq xəttinin sıxlığı və qarşılıqlı maraqların kəsişməsi Tehranın da diqqət mərkəzindədir. İran ümid edir ki, Rusiya bu münasibətlərin normallaşdırılmasında konstruktiv vasitəçi kimi çıxış edəcək və hər iki tərəfin maraqlarını nəzərə alan yeni bir diplomatik formatın formalaşmasına şərait yaradacaq.
İRNA-nın son məlumatında da qeyd olunduğu kimi, İran tərəfi iki əsas ssenarini nəzərdən keçirir. Bunlardan birincisi gərginliyin azaldılması, dialoqun bərpası və əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsidir. Bu ssenari həm İranın, həm də Suriyanın maraqlarına cavab verir və eyni zamanda Tehran–Moskva xəttində aparılan məsləhətləşmələrin davam etdirilməsini tələb edir. İkincisi isə, münasibətlərin tam bərpası üçün daha uzunmüddətli və mərhələli diplomatik prosesin həyata keçirilməsidir ki, bu da Yaxın Şərqdə sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Beləliklə, İranın Suriyaya doğru atdığı bu diplomatik addım təkcə iki ölkə arasındakı münasibətlərin bərpası deyil, həm də bölgədə yeni siyasi konfiqurasiyanın formalaşması üçün başlanğıc nöqtəsi kimi qəbul edilə bilər.
Məsələ ilə bağlı politoloq Sultan Zahidov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son zamanlar müxtəlif məlumatlar göstərir ki, İran Suriya ilə münasibətləri bərpa etmək niyyətindədir. Məsələ ondadır ki, İran artıq dekabr ayında Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə formalaşan yeni siyasi reallığı qəbul etmək məcburiyyətindədir. Bu reallığı, artıq, Rusiya da qəbul edir. Məlumdur ki, Əhməd Əli Şəra Rusiyada Prezident Vladimir Putinlə görüş keçirmişdir.
İran, Yaxın və Orta Şərq regionunda son illər baş verən hadisələrdən – xüsusilə İsrailin onun proksi qüvvələrinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra – bölgədə öz təsirini bərpa etməyə çalışır. Bu baxımdan Suriya İran üçün strateji əhəmiyyətə malikdir.
Suriyanın İran üçün əhəmiyyəti, bir tərəfdən İsrailə coğrafi yaxınlığından, digər tərəfdən isə Aralıq dənizinə çıxış imkanlarından irəli gəlir. İran hazırda Suriyada yenidən nüfuz qazanmaq niyyətindədir və bu istiqamətdə fəaliyyətini indiki hakimiyyətlə təmasların qurulması üzərində cəmləyir. Lakin Tehran bu prosesi birbaşa deyil, dolayı yollarla həyata keçirməyə çalışır. Çünki birbaşa addımlar İran daxilində müəyyən narazılıqlara, xüsusilə mühafizəkar qüvvələrin etirazlarına səbəb ola bilər. Suriyadakı mövcud hakimiyyətə skeptik yanaşan qruplar da bu prosesə qarşı çıxa bilərlər.
Bəzi mənbələrin məlumatına görə, bu məsələdə İraq İran üçün vasitəçi rolunu oynayır. Son vaxtlar İraqın kəşfiyyat strukturlarının, eləcə də İranın xarici əlaqələr və kəşfiyyat orqanlarının nümayəndələrinin Dəməşqə tez-tez səfər etmələri, Tehran–Dəməşq münasibətlərinin gündəmə gətirilməsi bu ehtimalı gücləndirir.
Görünən odur ki, İran hazırkı reallıqları nəzərə alaraq, regionda əvvəlki nüfuz imkanlarına malik olmadığını dərk edir. Onsuz da düşmənləri kifayət qədər çox olan İran üçün Suriyadakı mövcud hakimiyyətlə düşmən münasibətlərin saxlanması strateji baxımdan mənfi nəticələr doğura bilər. Buna görə də Tehran bu reallığı qəbul edərək, Suriya hakimiyyəti ilə ilkin təmasları bərpa etməyə çalışır. Bu prosesdə isə İraqın vasitəçilik missiyası xüsusi əhəmiyyət kəsb edir".
Politoloq həmçinin ilkin dialoq və danışıqlar üçün bu və ya digər şəkildə imkanlar mövcud olduğunu və İranın bundan yararlanmaq istədiyini qeyd edib:
"Amma yaxın zamanda ölkələr arasında konkret əməkdaşlığın baş tutması real görünmür. Çünki həm Suriya buna hazır deyil. Bilirsiniz ki, Suriya hazırda hakimiyyətdə olan güclər uzun illər İran dəstəkli Bəşər Əsəddən əziyyət çəkiblər, onun istismarına məruz qalıblar. Ona görə də onların indi İranla münasibətləri bərpa etməsi, əməkdaşlıq etməsi real görünmür. Eyni zamanda, İranda da qatı mühafizəkar kəsimlər Suriyadakı hakimiyyətə skeptik yanaşdıqlarından, İranın bu məsələdə tez addım atması real görünmür. Amma bu və ya digər şəkildə hansısa dialoqun, danışıqların baş tutması mənim fikrimcə mümkündür".
Elmir Heydərli
23:45 27.10.2025
Oxunuş sayı: 907