Türkiyə Suriyaya silah göndərir: Bu nəyi dəyişəcək?

Suriya Türkiyədən hava hücumundan müdafiə (HHM) sistemləri də daxil olmaqla müxtəlif silah və hərbi texnika almağı planlaşdırır. Bu addımın məqsədi ölkəni terror və İsrail təhdidlərindən qorumaqdır.
Sövdələşmənin maliyyələşdirilməsi Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlərin iştirak etdiyi Suriya üçün xüsusi fond vasitəsilə həyata keçiriləcək.
Suriya hökuməti artıq Türkiyəyə HHM sistemləri, zirehli texnika, pilotsuz uçuş aparatları və modernləşdirilmiş artilleriya sistemlərinin satışı ilə bağlı rəsmi müraciət göndərib. Qeyd olunur ki, bu, hərbi yardım deyil, rəsmi satış müqaviləsi əsasında reallaşdırılacaq.
Yeni Şafak yazır ki, Suriyanın əsas məqsədi ölkənin şimal hissəsini əhatə edən çoxpilləli HHM sisteminin qurulmasıdır. Ötən həftə Türkiyə Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Görgün Dəməşqə səfər edib və bu məsələlər müzakirə olunub.
Bəs Türkiyənin Suriyaya silah yardımı Yaxın Şərqdəki güc balansını necə dəyişə bilər?
Məsələ ilə bağlı politoloq, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Crossmedia.az-a açıqlama verib. O bildirib ki, bu Suriya ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın tərkib hissəsidir: "Bunun Yaxın Şərqdəki güc balansına birbaşa aidiyyəti yoxdur. Bu, Suriya ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın tərkib hissəsidir. Suriyadakı mövcud hakimiyyət ordunun formalaşması və hərbi texnika baxımından təchiz olunması üçün Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir və bu istiqamətdə tərəflər arasında müəyyən anlaşmalar mövcuddur. Suriyanın daha güclü silahlara malik olması, bütün hallarda, özünü müdafiə məqsədi daşıyır".
Politoloq həmçinin onu da qeyd edib ki, Suriyanın Türkiyədən silah və texnika alması ölkənin müdafiə qüdrətinin artırılmasına eləcə də daxili sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edir: "Suriya rəhbərliyi bəyan edir ki, ölkə qonşularına qarşı heç bir ərazi iddiası irəli sürmür, hücum planlaşdırmır və belə bir niyyəti də yoxdur. Bu baxımdan, Suriyanın Türkiyədən silah və texnika alması ilk növbədə ölkənin müdafiə qüdrətinin artırılmasına, eləcə də daxili sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Beləliklə, Suriyanın Türkiyədən silah və hərbi texnika alması regionda hərbi balansı dəyişmək məqsədi daşımır. Bu əməkdaşlıq daha çox ölkənin müdafiə imkanlarını gücləndirməyə, daxili sabitliyi və təhlükəsizliyi təmin etməyə yönəlib".
Gülbəniz Bayramova
14:47 21.10.2025
Oxunuş sayı: 1031