Deputat: TDT dünya siyasətində yeni bir platforma olaraq öz yerini möhkəmləndirir – MÜSAHİBƏ

Azərbaycan artıq təkcə regional miqyasda deyil, qlobal səviyyədə siyasi çəkisi və diplomatik nüfuzu artan dövlətlərdən biridir. Son illər ərzində baş verən beynəlxalq proseslər, Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərində, eləcə də regional və qlobal təhlükəsizlik sammitlərində Azərbaycanın fəal iştirakı ölkəmizi sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı kimi dünyaya tanıdıb. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində “balanslaşdırılmış diplomatiya” modeli ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasət nəticəsində ölkəmiz həm regionun aparıcı gücü, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş statusunu qazanıb. Azərbaycanın diplomatik fəallığı yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi, enerji və təhlükəsizlik istiqamətlərində öz real nəticələrini göstərir. Cənubi Qafqazda sülhün bərqərar olması, kommunikasiyaların bərpası, enerji təhlükəsizliyi layihələrinin icrası və Türk dünyasının inteqrasiya prosesində Azərbaycanın oynadığı rol ölkəmizin beynəlxalq gündəmdə mühüm aktora çevrildiyini göstərir. Artıq dünya siyasi leksikonunda Azərbaycan “normativ liderlik” və “güclü diplomatik aktor” kimi dəyərləndirilir. Məhz bu amillər fonunda Azərbaycan bu gün regional sabitliyin mərkəzi, qlobal siyasətdə isə sülhün və əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir. Bu kontekstdə ölkəmizin beynəlxalq əlaqələrinin dinamikası, Rusiya, ABŞ, Çin və Türk dünyası ilə münasibətlər sistemi, eləcə də yeni dünya nizamında Azərbaycanın mövqeyi bu gün siyasi analizin əsas istiqamətlərindəndir.
Bu önəmli məsələlərlə bağlı Milli Məclisin IV, V, VI, VII çağırış deputatı Azər Badamov Crossmedia.az Analitik İnformasiya Portalına geniş müsahibə verib:
- Biz tarixi anlar yaşayırıq. Prezident İlham Əliyevin son günlərdə BMT tribunasındakı çıxışı, Avropa Siyasi Birliyində iştirakı, Qəbələdə TDT-nin sammitindəki ev sahibliyi və çıxışı, MDB sammiti və son olaraq Misirdəki sammitə qatılması onu qlobal miqyasda fəaliyyət göstərən lider kimi gündəmə gətirib. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün dünya siyasətində ölkələrin əhalisinin və ərazisinin böyük olması heç də onun nüfuzunu artırmır. Dünya siyasətində ölkəyə nüfuz gətirən onun lideridir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi lideri var. Biz qısa bir zamanda Azərbaycanı dünyada tanınan bir ölkəyə çevirmişik. 1990-cı illərin əvvəlində Azərbaycan əraziləri işğal edilmiş və dünya tərəfindən tanınmayan bir dövlət idi. Hətta 1992-ci ildə ABŞ tərəfindən Azərbaycana qarşı “907-ci düzəliş” qəbul edilmişdi. Halbuki Azərbaycan özü işğala məruz qalmış ölkə idi. “907-ci düzəliş”də qeyd olunurdu ki, guya Azərbaycan Ermənistanı blokadaya salıb. Bu illər ərzində aparılmış məqsədyönlü siyasət Azərbaycanı həm qalib ölkəyə çevirdi, torpaqların işğaldan azad edilməsinə gətirib çıxardı. Həm də dünyada etibarlı tərəfdaş kimi tanıtdı. Dünya tarixinə baxsaq son 80 ildə ərazilərini öz gücü ilə işğaldan azad edən, pozulmuş hüququnu bərpa edib ədaləti dəstəkləyən Azərbaycan kimi ikinci bir dövlət yoxdur. Dünyada baş verən münaqişələrin gedişinə baxsaq və o münaqişələrin necə sonlandığına diqqət etsək görərik ki, bu münaqişələr hər hansı bir tərəfin hazırladığı sazişlər üzərində sona çatır. Məsələn ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə 8 münaqişə başa çatdırılıb. Bu başa çatdırılan münaqişələrin tərkibinə yaxından diqqət edək. Məsələn Hindistanla Pakistan arasında davam edən 12 günlük münaqişə ABŞ-nin təşəbbüsü nəticəsində dayandırıldı. İranla İsrail arasındakı münaqişə də ABŞ-nin təşəbbüsü ilə dayandırıldı. Bu günlərdə 13 oktyabrda Misirin Şarm əl-Şeyx şəhərindəki sülh razılaşması da ABŞ, Misir və Türkiyə ilə birgə ərsəyə gətirilmiş saziş üzərində imzalanıb. Amma Azərbaycanla Ermənistan arasında məsələlərinin, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yaradılmasının müəllifi prezident İlham Əliyevdir. Necə ki, biz 2020-də torpaqlarımızı azad etdik, 2023-də də suverenliyimizi bərpa etdik. Bu münaqişənin başa çatdığını elan edən dövlət Azərbaycan olub. Ermənistanla imzalanan müqavilənin müəllifi də Azərbaycandır. Ermənistana təklif etdiyimiz şərtləri qəbul etdirdik. Amma müqavilənin imzalanmasına ABŞ təşəbbüs göstərdi. ABŞ-nin təçəbbüs göstərdiyi və paraflanan müqavilənin müəllifi Azərbaycandır. Bu baxımdan bugünkü dünyanın təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın və Prezident İlham Əliyevin verdiyi töhfələr misilsizdir. Bu baxımdan Azərbaycan etibarlı və nüfuzlu tərəfdaş kimi qlobal siyasətdə öz imicini qazandı. Misirdə keçirilən sammitə də Azərbaycan Prezidentinin dəvət olunması, Prezidentimizin nüfuzu Azərbaycanın bu gün dünya siyasətində tutduğu yer ilə bağlıdır. Azərbaycan bu gün dünyanın təhlükəsizlik arxitekturasında sülhü dəstəkləyən 20 ölkədən biri kimi Misirə dəvət olundu. Amma Azərbaycan həm də təcrübəsi olan və sülh nümunəsi olan dövlət kimi çıxış etdi. Biz Cənubi Qafqazda sülh yaratdıq həm də sülhlə bağlı əməkdaşlığı təşviq etdik. Zəngəzur dəhlizi ilə məsələni gündəmə gətirdik. Bu ABŞ-də təsdiq edildi. Nəinki Azərbaycanla Ermənistan arasında kommunikasiya yaradılması layihəsi oldu, həm də qitələri birləşdirən böyük beynəlxalq əlaqələr üçün zəmin yaratdı. Bu baxımdan dövlət başçımızın yaratdığı - Azərbaycan arxitekturası dünyada nüfuz və etibar qazanıb. Bu baxımdan dünyanın ən böyük güc ölkəsi olan ABŞ-nin prezidenti Trampın dövlət başçımıza münasibətində də bunu görürük. İlham Əliyev Tramp tərəfindən ən güclü lider, öz işini ən gözəl şəkildə icra edən dövlət başçısı kimi təqdim edilir. Bu dövlət başçımızın apardığı diplomatiyanın göstəricisidir, həm də Azərbaycanın güc mərkəzi olan dövlətlərlə yaratdığı münasibətlərdən irəli gələn məsələdir. Azərbaycan Çinlə strateji tərəfdaşdır, ABŞ ilə strateji tərəfdaşlıq arxitekturasının hazırlanması istiqamətində danışıqlar gedir. “907-ci düzəliş”in fəaliyyəti dayandırıldı və ləğvi istiqamətində addımlar atılır. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, bir-biri ilə münaqişədə olan hər iki tərəflə əməkdaşlıq edir. Münaqişli tərəflərin də barışdırılmasına töhfələr verir. O cümlədən Misirdə keçirilən sammitdə də Azərbaycan hər iki tərəflə əməkdaşlıqda töhfə verə bilən çox az ölkələrdən biridir. Həm İsrail ilə dostdur, həm Fələstinlə əməkdaşlığımız var, Türkiyə ilə qardaşıq, ABŞ ilə əməkdaş və dostluq münasibətlərimiz var. Ona görə də dünyanın ən qüdrətli dövləti olan ABŞ-nin prezidenti Tramp da İlham Əliyevə böyük hörmət bəsləyir.
- Düşənbədə keçirilən MDB sammitində Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin ilə görüşü haqqında nə deyə bilərsiniz?
- Keçən ilin dekabrında Rusiya səmasında Azərbaycan təyyarəsi atəşə məruz qaldı və nəticədə qəzaya uğradı. Təyyarənin qəzaya uğradığı ilk andan dövlət başçımız bəyan etdi ki, bu təyyarənin qəsdən vurulduğunu ifadə etmirik. “Bu cür hadisələr baş ver bilər. Amma hadisə baş verəndən sonra bu hadisə hansı dövlətin ərazisində baş veribsə onun atmalı olduğu addımlar var”. Bu addımlar nədən ibarət idi? Məsuliyyətin üzərinə götürülməsi, kompensasiyanın ödənilməsi və hadisəyə səbəb olanlara hüquqi qiymət verilməsi. Düşənbədə keçirilən görüş hadisədən 10 ay sonra baş tutdu. Amma bu 10 ay ərzində Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik yarandı. Bu gərginliyin səbəbkarı da Rusiya oldu. Çünki baş vermiş hadisəyə operativ şəkildə cavab vermədi. Düşənbədə keçirilən MDB çərçivəsində olan görüşdə Rusiyanın dövlət başçısı təyyarə qəzası ilə bağlı məsələyə ətraflı şərh verdi. Bizim 10 ay bundan əvvəl ifadə etdiyimiz fikirlərə aydınlıq gətirərək bütün məsələlərin həll ediləcəyini bildirdi. Əgər bu açıqlama təyyarə qəzasından bir az sonra verilsə idi iki ölkə arasındakı gərginlik bu səviyyəyə gəlməzdi. Artıq o dövr arxada qaldı. Rusiya-Azərbaycan münasibətlərində yenidən normallaşma başlayıb. Dövlətlərarası iqtisadi münasibətlərdə səngimə olmayıb. İqtisadi göstəricilərin 14 faiz artması göstərir ki, siyasi gərginlik iqtisadi münasibətlərə təsir etməyib. O cümlədən Azərbaycan ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizi keçir. Bu dəhliz üzərindən daşınan yüklərdə də keçən ilə nisbətən 10% artım müşahidə edilib. Üçtərəfli komissiyanın işləməsi ilə Şimal-Cənub dəhlizində yük daşımaların artacağı da gözlənilir. Azərbaycan heç bir qonşu ölkə ilə münasibətlərin korlanmasında maraqlı deyil. O cümlədən Rusiya da bizim yaxın qonşumuzdur və münasibətlər də normallaşmaya doğru davam etməlidir.
- Təyyarə qəzasından sonra Rusiya mediasında güclü anti-azərbaycan ritorikası var idi. Sizcə bu məsələlər səngiyəcəkmi?
- Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra Rusiya və Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən qüvvələr fəallaşdı. O fürsət də təyyarəmizin vurulmasından sonra onların əlinə keçdi və onlar hərəkətə keçdilər. Solavyov, Simonyan, Zatulin və digərləri ermənilərə xidmət edən, ermənipərəst siyasətçilərdir. Onlar Azərbaycanla Rusiya arasında münasibətlərdə bir sədd yaratmaqla Azərbaycana təzyiq kampaniyasını gücləndirmək istəyirdilər. Təbii ki, onlar öz məqsədlərinə çata bilmədilər. Rusiya Dövlət Dumasının açıqladığı kimi, bu iki ölkə arasındakı gərginlik dövlətlərarası deyil, emosional böhran idi. Bu gərginlik artıq arxada qalıb və Azərbaycanla Rusiya arasında münasibətlərdə böhran yaratmaq istəyənlər öz arzularına nail ola bilmədilər. Hazırda iki ölkə arasındakı münasibətlər əvvəlki kimi qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında davam edir.
- Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının toplantısı ilə bağlı nə deyə bilərsiniz? Orada çox önəmli qərarlar qəbul olundu, səslənən fikirlər təkcə Azərbaycan və türk dövlətlərinin deyil, dünyanın da diqqətini cəlb etdi. Cənab Prezident qeyd etdi ki, hərbi əməkdaşlıq çərçivəsində gələn il birgə təlimlər keçirilə bilər və bunlar Azərbaycanda da təşkil oluna bilər. Bu təlimlərdən sonra hərbi blok yaradılması mümkündürmü?
- Azərbaycan hərbi bloklara qoşulmur və neytral mövqeyini qoruyub saxlayır. Amma Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi təlimlərin keçirilməsi heç də hərbi blokun yaradılması demək deyil. Türk Dövlətləri Təşkilatı dünya siyasətində yeni bir platforma olaraq öz yerini möhkəmləndirir. Təşkilata daxil olan ölkələr tarixi, mədəniyyəti və dəyərləri oxşar dövlətlərdir. Bizim birləşməyimiz gücümüzü artırır. Bu gün dünyada gərginliklər və ədalətsizliklər davam edir, güclü dövlətlər zəif dövlətlər üzərində hökmranlıq etməyə çalışır. Belə bir şəraitdə bizim həmrəyliyimiz və birliyimiz mühüm əhəmiyyət daşıyır. Hərbi blok olmasa da, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birgə təlimlərin keçirilməsi hərbi gücümüzün müasir standartlara uyğunlaşdırılmasına xidmət edir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik dövlətdir və böyük hərbi təcrübəyə sahibdir. ABŞ rəhbərliyinin belə Türkiyənin hərbi gücü barədə yüksək fikirlər səsləndirməsi bunun göstəricisidir. Bu təlimlərin keçirilməsi Türkiyənin, Azərbaycanın və digər ölkələrin iştirakı ilə ortaq gücün formalaşmasına, təhlükəsizlik təminatlarının yaranmasına şərait yaradacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yeni müqavilələr imzalanır və gələcəkdə bir ölkəyə qarşı təhlükə yaranarsa, digər üzvlərin dəstək verməsi məsələsi də gündəmə gəlir. Çünki güc bir yerdə olanda kənar müdaxilələrə cürət edilmir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bəzi qüvvələr müdaxilə etmək istəyirdilər, amma Türkiyə və Pakistanın açıq dəstəyi onların niyyətlərini puç etdi. Türkiyə Prezidenti Azərbaycanın yanında olacağını bəyan etdi və biz bu müddətdə öz işimizi uğurla tamamladıq. Türkiyənin sonrakı mərhələdə də Azərbaycana dəstəyi Qarabağda çirkin niyyətlərin qarşısını aldı. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində Ermənistanın 12 mindən çox silahlısı ərazilərimizdən çıxarıldı. Bu birlik bizi gücləndirir və düşmən qüvvələri bizdən çəkindirir. Bu baxımdan, hərbi təlimlərin keçirilməsi mümkündür və bu, gücümüzün artmasına mühüm töhfə verəcək. Gündəlikdə olan digər məsələ Türk Dövlətləri Təşkilatının “TDT+” formatının yaradılması ilə bağlıdır. Bu, təşkilata üzv olmaq istəyən qeyri-türk dövlətlərinin artması ilə əlaqədardır. Bu da təşkilatın qlobal nüfuzunun yüksəlməsindən irəli gəlir.
- Ermənistanla bağlı danışmaq istərdik. Sülh sazişi paraflandı və deyə bilərikmi ki, proses yekun mərhələyə çatıb?
- Mövcud razılaşmalar çərçivəsində hər şey plan üzrə gedir və sülh sazişi imzalanacaq. Vaşinqtonda imzalanmış sənədlərdə təşəbbüskar dünyanın ən güclü dövləti olan ABŞ-dır. Zəngəzur dəhlizi “Tramp yolu” adı ilə açılacaq. Ermənistanın bu məsələdə ləngiməsinin əsas səbəbi onun daxili siyasi sabitliyinin olmamasıdır. Ölkədə parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyətinə qarşı radikal müxalifətin fəallaşması müşahidə olunur. Buna görə də hökumət məsələlərə ehtiyatla yanaşır. Sülh müqaviləsinin imzalanması üçün gündəmdə qalan iki məsələ var idi: ATƏT-in Minsk qrupunun fəaliyyətinin tam dayandırılması və Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması. Minsk qrupunun fəaliyyətinə ilin sonuna qədər tamamilə son qoyulacaq. Ermənistan isə konstitusiya dəyişikliyini daxili məsələ kimi təqdim etməyə çalışır. Bu, daxili auditoriyaya hesablanmış addımdır, lakin ərazi iddiaları konstitusiyada qaldıqca, sülh sazişinin imzalanması mümkün olmayacaq. Parlament seçkilərindən sonra bu məsələnin də həll olunacağı və sülh sazişinin imzalanacağı gözlənilir. Bunun ardınca Zəngəzur dəhlizi açılacaq, regionda kommunikasiya xətləri bərpa ediləcək və Cənubi Qafqazda sülh və əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq.
- Azərbaycanın çoxvektorlu siyasətinə gəlincə, ölkəmiz ABŞ, Rusiya və Çinlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. ABŞ-la əməkdaşlıqla bağlı sənəd imzaladıq, Rusiya ilə müttəfiqlik mövcuddur, Çinlə də əməkdaşlıq sənədi imzalamışıq. Bu Azərbaycan üçün hansısa çətinliklər yarada bilərmi?
- Dövlətimiz Prezidentimizin rəhbərliyi altında çox düşünülmüş siyasət yürüdür. Bu siyasətin - uğurudur ki, biz dünyanın ən güclüləri ilə strateji tərəfdaşlıq qura bilirik. Təbii ki, dünyanın ən güclülərinin öz aralarında da fikir ayrılıqları var. Amma buna baxmayaraq Azərbaycan bu dövlətlərin hər biri ilə əməkdaşlığa önəm verir. Belə əməkdaşlığa mənfi yanaşanlar da var. Bu ilk növbədə qısqanclıqdan irəli gəlir. Dünyanın ən güclüləri ilə əməkdaşlıq qurmaq üçün dövlətin qəbul olunan diplomatiyası olmalıdır. Azərbaycanın bügünki diplomatiyası bütün dövlətlər tərəfindən qəbul olunur. Ona görə biz dövlətlərlə strateji tərəfdaşlıq qura bilirik. Bir ölkə ilə qurduğumuz əməkdaşlıq digərinə qarşı yönəlməyib. Biz dostluğa və əməkdaşlığa yönələn siyasət yürüdürük. Bu gün Azərbaycan dövlət başçısının yürütdüyü siyasi kursa bütün dövlət başçıları tərəfindən yüksək qiymət verilir. Çünki biz yaşadığımız regionda sülh arxitekturasının memarıyıq.
Müsahibəni hazırladı:
Ayhan
19:15 17.10.2025
Oxunuş sayı: 2584