Yunus Oğuzun türkşünaslıq düşüncələri

Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Türkün gizli tarixi", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında") kitabları nəşr edilmişdir. Bunlardan ikisi Elm və Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulub) məzmun-mündərəcə etibarilə kifayət qədər siqlətli yeni bir əsər vermişdir ki, burada ən azı üç ciddi problem diqqət mərkəzinə çəkilməkdədir. Onlardan birincisi "türk" sözünün etimologiyasıdır. Bu barədə çox yazılmış, çox deyilmiş, dünyanın bütün görkəmli türkoloqları "türk" sözünə öz interpretasiyalarını izhar etməyə ehtiyac duymuşlar. Və nəticə etibarilə, türk"ün a) "igid", "hünərli", "cəsarətli", b) "gözəl", "ürəyəyatan", "könülaçan" və c) "törəli", "qanun- qayda sevən" və "qanun- qaydaya riayət edən" mənalarını bildirdiyi qənaətləri yayılmışdır. O da məlumdur ki, "türk" sözünün tərkibi "t + r" və "k" hissələrindən ibarətdir: "tar", "tor", "tur" "tür" və s. kökü ilə "ıq", "ik", "uq", "ük" şəkilçisi. Sözün kökü məna dəyişikliklərinə həddindən artıq həssas olmuş, şəkilçi isə sadəcə mücərrədlik bildirmişdir.
Yunus Oğuz "türk" etnoniminin həm Mahmud Kaşğarinin "Divan"ındakı, həm də "Qədim türk sözlüyü"ndəki izahlarını xatırlatdıqdan sonra, ən yeni dövr türkoloqlarının mülahizələrini nəzərdən keçirir. Və "türk"ün ən qədim dövrlərdən müxtəlif mənbələrdə əks olunmuş "törəmələr"ini göz önünə gətirir: turuk, tarku, turşa, etrusk, turça, turkha, türkü, tursü, turka, türkilinq,turoba (Troya), turçi, trek, turça, Turan və s. və i.
Mənə məlum olduğu miqyasda ilk dəfədir ki, Yunus Oğuz "türk" etnoniminin daxil olduğu etnoqrafik- mədəni sferanın anlayış- konseptlərini də tədqiqata cəlb edir ki, buraya, ilk növbədə, "el", "oba", "bil", "tağ" və s. aiddir.
Heç şübhə yoxdur ki, həmin istiqamətdəki araşdırmalar "türk" etnoniminin ideya- məzmununun daha aydın təsəvvürünə müəyyən imkanlar açacaqdır.
Müəllifin toxunduğu ikinci problem Avrasiyanın Qərb ucqarlarındakı türk toponimləridir ki, bunlar Strabonun "Coğrafiya"sından, yəni son dərəcə mötəbər bir mənbədən gətirilir: Alp, Apatur, Arvak, Asta, Atamon, Evbey, Bardul, Dondar, Etrusk, Kimmer, Kenoba, Onoba, Salar, Salqan, Arat, Bark, Qarpak, Azan, Temen və s.
Həmin mənbədə türkçülüyün ilk baxışdan "zəmanət verən", ancaq təbii ki, müfəssəl araşdırma tələb edən bir sıra etnonimləri də var: akuti, albiy, albula, ana, araq, asay, atak, bat, duriy, taq, tavr və s. və i.
Yunus Oğuzun türkşünaslıq araşdırma üslubudur ki, faktları bol- bol sadalamaqla öz fikrini, mövqeyini bu və ya digər "nəzəriyyə"yə ehtiyac duymadan bildirir: deyir ki, türklər hər hansı halda Qərbi Avropada olmuşlar!..
Əsərdə diqqət mərkəzinə çəkilən üçüncü problem türklərin Avrasiya boyu Şərqdən Qərbə, yoxsa Qərbdən Şərqə hərəkətidir ki, burada müəllifin məqsədi, əlbəttə, artıq çoxdan başlamış bir ideyaya (konsepsiyaya!) dəstək verməkdir. Belə ki, türklərin "xalqların böyük köçü"ndən - ilk orta əsrlərdən çox- çox əvvəl Qərbdən Şərqə də axınları olmuşdur... Yunus Oğuz tamamilə haqlıdır ki, bu axınlar Qərbi Avrasiyadan (İspaniyadan) da ola bilərdi, Ön Asiyadan (Şumerdən) də... Burada söhbət, Yunus Oğuzun böyük bir ehtiramla həmişə istinad etdiyi L.Qumilyovun sözləri ilə desək, sosiosferin yox, biosferin verdiyi imkanlardan gedir. Yəni xalqların köç hərəkətlərinə (və hərəkatlarına) cəmiyyətdən daha çox təbiət təkan verir. İqlimin dəyişməsi elə güclü bir amildir ki, xalqların ruhundakı "vətən sevgisi"ni çox çəkmədən xoş bir xatirəyə çevirir.
"Türk" sözünün etimologiyasından başlayıb Avrasiyanın Qərb ucqarlarındakı türk izlərinə gələn, oradan da türklərin Şərqdən Qərbə, Qərbdən Şərqə axınlarından hansının onların tarixi taleyində daha böyük rol oynadığı məsələsini bir daha müzakirə meydanına çıxaran Yunus Oğuzun növbəti əsərindəki strateji məqsəd türklüyün (və türkologiyanın) problemlərinə hansısa "məhəlli" yox, yalnız ciddi elmi- metodoloji səviyyədən yanaşmaq imkanlarını bir daha yada salmaqdan ibarətdir. Və türk tarixşünaslığı yaddaşının bu cür təzələnməsinə ehtiyacın həmişə olmasına mən heç vaxt şübhə etməmişəm. Xüsusilə dostum Yunus Oğuz kimi qüdrətli türkçünün (və istedadlı türkoloqun) nümunəsində...
Yunus Oğuz bu kitabda "türk" etnoniminin sanballı izahı ilə yanaşı ilk dəfə olaraq elmi-publisistik ədəbiyyatda islamaqədərki türk törələrindən də bəhs edir. Elmi ədəbiyyatımızda Bilgə xaqan və uyğur törələrini, Dədə Qorqud buyruqlarını qələmə alır.
Yazıçı "Türk törəsi nədir" sualına belə cavab verir: "...törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan" mənasını verir və yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən, bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən, düzən verən, yazılı olmayan hüquq qaydalarına törə deyilir". Bu çox vacibdir, çünki əgər islamdan sonra cəmiyyəti və dövləti Qurana əsaslanan şərait idarə edirdisə, islamöncəsi dövrdə türk dünyasının həyat tərzini, əsasən törələr müəyyənləşdirirdi.
Bu da çox vacibdir ki, Yunus Oğuz otuz üç türk törəsini sadalamaqla işini bitmiş hesab etmir, eyni zamanda türk törəsinin özəlliklərindən, törə qaydalarından bəhs edir, cəmiyyətdə, yaxud toplumda qadının tutduğu yerdən yazır, başqa xalqlardakı qadınların oynadığı rolla, türk toplumundakı qadınların müqayisəli analizini verir. Türk həyatında müstəsna rol oynayan qadınların (Tomris xan, Sultan Raziyyə bəyim, Türkan xatun, Möminə xatun və başqalarının) həyat tərzini qələmə alır. Eyni zamanda, o türk fəthlərindən söhbət açarkən törələrə uyğun dövlətin və cəmiyyətin idarə olunmasında türk ədalətini xüsusi vurgulayır.
Bundan başqa Yunus Oğuz çoxdan yaddan çıxmış türk dəfn törənlərindən və toy mərasimlərindən geniş yazır. Yazıçı tapınaqlar və inanclar haqqında formalaşmış fikirlərdən də yan keçmir, onların bəzilərinin hələ də toplumda tətbiq olunduğunu göstərir.
Nəhayət Yunus Oğuz bu qiymətli əsərini Bozqurd kultunun özəllikləri və türklərin yaşadığı coğrafı areal ilə bitirir. O yazır: "Göründüyü kimi dünyanın bir çox yerlərində harada yaşamasından asılı olmayaraq türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (rəmzləri) Bozqurddur.
Bu altı qrup türk dilləri aşağıdakılardır..."
Ən sonda isə o türk duasının tam mətnini verməklə islamöncəsi türk dünyasına işıq salmış olur.
Əminəm ki, bu əsər geniş oxucu kütləsində böyük marağa səbəb olacaq.
16:32 16.10.2025
Oxunuş sayı: 991