Əsəd "kartı" işə düşür: Dəməşqlə Moskva arasındakı əməkdaşlığın güclənməsinin şahidi olacağıq

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın Suriyadakı hərbi bazaları mövzusu Prezident Vladimir Putin və Suriya lideri Əhməd əş-Şəraa arasında aparılan danışıqların gündəliyində olub.
"Bazalar mövzusu gündəlikdə yer alıb", - o qeyd edib. Bununla belə, Peskov bu məsələ ilə bağlı müzakirələrin nəticələri barədə məlumat verməyib.
O, Əş-Şəraanın keçmiş Suriya Prezidenti Bəşər Əsədin təhvil verilməsi tələbini səsləndirib-səsləndirməməsi və Putinin bu məsələyə münasibəti barədə suala belə cavab verib: "Əsəd məsələsinə gəlincə - bununla bağlı məlumat verə biləcəyimiz heç nə yoxdur"
Bu barədə Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın əsas niyyəti Suriyadakı hərbi bazalarını və Suriyada mövcudluğunu qorumaq idi: "Rusiya uzun müddətdir ki, Bəşər Əsədi məhz buna görə dəstəkləyirdi. Bu ümumilikdə Yaxın Şərqdə Rusiyanın əsas təsir gücüdür. Rusiya üçün Yaxın Şərq bölgəsində olmaq Afrikadakı varlığını sürdürmək baxımından da önəmlidir. Məlum olduğu kimi, Rusiya Afrikada son zamanlarda mühüm yeraltı mənbələrin ələ keçirilməsi üçün ciddi çalışmalar həyata keçirir. Heç təsadüfi deyil ki, "Vaqner" qruplaşmasının hansı ki, Yevgeni Priqojinin rəhbərliyi altında Putinə qarşı üsyan qaldırmışdı. "Vaqner" qruplaşmasının da əsas fəaliyyət bazası məhz Afrikanın şimal bölgəsi idi. Buna görə də Yaxın Şərq bölgəsində mövcudluğunu saxlamaq bu baxımdan önəmli idi".
"Həmçinin geosiyasi mənzərə baxımından da Yaxın Şərqdə baş verən hadisələr, bu bölgənin beynəlxalq münasibətlər sistemində ciddi önəm kəsb etməsi, Rusiyanın bölgədəki varlığını gərəkdirən səbəblərdəndir. Təbii ki, Rusiya Suriyada qalmaq üçün müəyyən dərəcədə yerli hakimiyyətlə əməkdaşlıq etmək istəyəcək. Bu, rəsmi Suriya hökümətin də sərf edən bir variantdır. Çünki devrilmiş prezident olan Bəşər Əsəd hazırda Moskvada, Rusiyanın əlindədir. Ona bağlı olan bəzi gizli hücrələrin Suriyadakı mövcudluğu heç kəsə şübhə doğurmur. Yəni, onların yenidən oyadılmaması Suriya höküməti üçün mühüm əhəmiyyət kəsb edir’’, - o əlavə edib.
Ekspert bilirib ki, Moskva ilə münasibətlərin normal saxlanılması da buna görə vacib məsələdir: “Şübhəsiz ki, Suriya və Rusiya prezidentləri arasında bu məsələ geniş şəkildə müzakirə edilib və ehtimal ki, bundan sonrakı proseslərdə artıq müəyyən qədər Dəməşqlə Moskva arasındakı əməkdaşlığın güclənməsinin şahidi olacağıq. Ehtimal ki, Rusiya hərbi bazaları Suriyada qalacaq. Əvəzində isə Suriyada Bəşər Əsədə bağlı olan gizli hücrələrin aşkarlanması və onun xidmətində olan şəxlərin, hansı ki onlar gizləniblər onların aşkar edilməsi prosesi həyata keçirilə bilər. Yəni artıq bu keçmiş hakimiyyətin tamamilə zərərsizləşdirilməsi anlamına gəlir. Rusiya Suriyada öz hərbi mülkünü bir müddət də qorumağa nail olacaq”.
Zeynəb Xuduyeva
16:19 16.10.2025
Oxunuş sayı: 972