Ağ Evin Gürcüstana münasibəti Rusiya ilə əlaqələrdən asılı olacaq- Analitik

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, hökumət ABŞ ilə münasibətləri "təmiz səhifə"dən və konkret "yol xəritəsi" əsasında bərpa etmək niyyətindədir.
Baş nazir "Dost Aktı"na da toxunaraq qeyd edib ki, proses məhz bu şəkildə həyata keçirilməlidir:
"Biz ABŞ ilə münasibətləri "təmiz səhifə"dən və konkret "yol xəritəsi" ilə bərpa etmək niyyətimizi açıq şəkildə bəyan etmişik. Əsas məsələ odur ki, bu istiqamətdə real və səmərəli addımlar atılsın. Belə yanaşma münasibətlərin yenidən başlanmasına xidmət edir. Biz səbirlə Amerika tərəfinin mövqeyini gözləyəcəyik".
Kobaxidzenin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, Gürcüstan ABŞ ilə yaxınlaşmaq istəyir, amma bu, Prezident Donald Tramp administrasiyasının Rusiyaya münasibətinə bağlıdır: “Burada əsas məsələ ondan ibarətdir ki, Gürcüstan ABŞ və Qərblə münasibətləri normallaşdırmaq istəyir. Lakin düşünülür ki, artıq Tramp administrasiyası Barak Obama Cozef Bayden administrasiyası kimi demokratiya, seçki məsələlərinə ciddi fikir vermir. Ona görə fikirləşirlər ki, artıq Vaşinqton geri çəkiləcək və Gürcüstan rahat şəkildə ABŞ-nin yeni administrasiyası ilə dil tapacaq. Əslində Gürcüstan hakimiyyətinin istər cəmiyyətdə “rus qanunu” adlandırılan qanunu icrası, istər parlament seçkilərində, bələdiyyə seçkilərində müxalifətə heç bir güzəşt etməməsi, eyni zamanda, ölkədəki qərb meyilli kütləni və qərb meyilli müxalifəti dağıtmağa çalışması və bunun əvəzinə ölkənin Rusiyaya daha da yaxınlaşması sonda qərbin səssiz razılığı ilə mümkün olub. Yəni burada Avropa İttifaqı (Aİ) Gürcüstana qarşı müqavimət göstərir, etirazları, müxalifət partiyalarını, vətəndaş cəmiyyətini dəstəkləyir. Hətta Gürcüstanın bir sıra rəsmilərinə qarşı sanksiya elan olunub. Gürcüstana maliyyə, hərbi və digər yardımlar dayandırılıb. Viza rejiminin Gürcüstanla sərtləşdirə biləcəyini deyirlər. Hərçənd sadəcə Aİ-də biz bu cür addımlar görürük. ABŞ çəkingəndir. ABŞ Rusiyaya qarşı olduğu kimi, Gürcüstana qarşı da sərt davranmır”.
Analitik əlavə edib ki, Ağ Evin Gürcüstana münasibəti, böyük ehtimal, Rusiya ilə əlaqələrdən asılı olacaq: “Moskva ilə münasibətləri həddindən çox kəskinləşərsə, ABŞ Rusiyaya dərs vermək istəyərsə, Gürcüstan hakimiyyətinə qarşı mövqeyini sərtləşdirəcək. Yox, əgər Tramp administrasiyası Rusiyaya hələ də mövcud olan neytral siyasətini davam etdirsə, Gürcüstana da çox təzyiq etməyəcək. Gürcüstan hakimiyyəti bu vəziyyətdən istifadə edərək daha uzun müddət ABŞ təzyiqi olmadan siyasi fəaliyyəti həyata keçirə biləcək”.
Günel Verdiyeva
21:37 13.10.2025
Oxunuş sayı: 3634