Bu il FHN Akademiyasından 97 bakalavr, 15 magistr məzun olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai Şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Bu il akademiyadan 97 bakalavr, 15 magistr məzun olub.
Yeni tədris ilində isə 100 nəfər akademiyaya qəbul edilib.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib:
"Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi ölkənin təhsil səviyyəsi ilə müəyyən olunur. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə təhsil sistemimiz inkişaf edib. Bu gün bu siyasətin davamçısı olan Prezident İlham Əliyev təhsilin müasirləşməsi və inkişafına böyük diqqət yetirir".
Nazir FHN-in Akademiyası barədə məlumat verərək qeyd edib ki, 1270 nəfər ötən dövrdə məzun olub:
"Onlar nazirliyin ayrı-ayrı qurumlarında fəaliyyət göstərir. Nazirliyin Akademiyası qısa müddətdə müasir tədris məkanına çevrilib. Bu istiqamətdə görülən tədbirlər davam edəcək".
Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə "leytenant" hərbi və xüsusi rütbələr verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.
Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.
10:46 10.10.2025
Oxunuş sayı: 1242